Niyə ləngiyirik?
Müəllimlə şagird arasında primitiv münasibət yaranma səbəbi
Zaman keçdikcə təhsildə dəyişən paradiqmalara uyğun yeni islahatlara ehtiyac yaranır. Təhsilin əsas siması müəllimdir. Ali məktəblər savadlı müəllim hazırlaya bilmirsə, buna imtahan yolu ilə nail ola bilmərik. İndiyə qədər müəllim hazırlayan Ali məktəblərin nüfuzu və reytinqi o qədər yüksək olmalı idi ki, onların məzunları imtahansız işə qəbul olunmalı idilər.
Müstəqilliyimizdən 31 il ötür. Hələ də bu yolda axsayırıq. Müəllimlərin primitiv formada keçirilən imtahan yolu ilə işə qəbul olunmaları onların qarşısında hansı məsuliyyəti qoyur? Bu imtahanları təşkil edənlərin özlərinin imtahandan keçməsinə ehtiyac var. Müəllimlərin əksəriyyəti sinifdə biliyi ətalətli və bitmiş şəkildə verməyə çalışırlar. Çünki ona dərs deyən müəllimlər də belə ediblər, onu imtahan edənlər isə bu işi qeyri-ciddi formaya salıblar
Müəllim 45 dəqiqənin kiçik bir hissəsində faktları sadalayır, bildiyi metodların adını çəkir, uşaqlar təkrarlayır və bununla iş bitmiş hesab olunur. Başqa qisim müəllimlər isə bilik adı altında tədqiqat aparmağa üstünlük verirlər. Təəssüflər olsun ki, bizdə birinci tip müəllimlər daha çoxdur. Bilmək-problemi tədqiq etmək, onu savadlı və aydın şəkildə aşkara çıxarmaq, materialı interpretasiya etmək və gəlinən nəticəni ciddi - cəhdlə müdafiə etmək bacarığıdır. Müəllimin biliyi şərh etməsi nə qədər məhdud və mexanikidirsə, onunla şagird arasında primitiv münasibət yaranır. Müəllim sadəcə test tapşırıqlarının cavabının tapılmasını uşaqlara öyrətməməlidir.
Tədris proqramlarının uğuru bu ideyaya köklənməlidir: öyrətmə prosesi təsadüfi xarakter daşımasın. Və tanınmış pedaqoqlardan biri haqlı olaraq tədris proqramını “sehrli bağça” adlandırır. Biz səhih və dəqiq bilik əldə etmək üçün onun konkret yollarını aramalıyıq. Müəllim tədris etdiyi fəndəki yenilikləri izləməlidir. Vaxtilə fənlər üzrə maraqlı elmi jurnallar dərc olunurdu. Hətta ucqar kəndlərə belə göndərirdilər. Yayda da oxuyurduq. İndi məktəbli üçün bir dənə də olsun elmi-populyar jurnal yoxdur. Yalnız Orta məktəb dərsliyi ilə uşaqlardakı istedadı dərinləşdirmək mümkün deyil.
Elm sahələrində böyük alimlərin ideyaları məktəblilərə və tələbələrə çatdırılmalıdır. Bioqrafiyaları ilə tanış olduğum bir neçə Nobel mükafatı laureatı Orta məktəblərdə dərs deyiblər. Rektorların açıq mühazirələrinə rast gəlmisinizmi? Bizim akademiklərin məktəblə əlaqələri varmı? Düzdür, uşaq sualları bəzən çətin olur, lakin sualın ətrafında da danışmaq olur.