vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SAĞLAMLIQ  
10:20 | 17 fevral 2023 | Cümə Məqaləyə 23134 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnternet asılılığı uşaqlara mənfi təsir edir

DST kompüter oyunlarından asılılığı psixi pozğunluğun növü kimi tanıyıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Virtual məkanda, əsasən də sosial mediada son zamanlar arzuolunmaz mənəvi və əxlaqi keyfiyyətləri aşılayan ziyanlı kontentlərin (işgəncə, qəddarlıq səhnələri, narkotik, spirtli içkilər, vandalizm, pis vərdişlərin təbliğatı və s.) böyük sürətlə artması uşaqlar üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir.

İnternet asılılığı problemləri və yaşa uyğun olmayan məlumatlar uşaq psixologiyasına, tərbiyəsinə və davranışına mənfi təsir edir. Bədniyyətlilər və kibercinayətkarlar tərəfindən uşaqlara hədə-qorxu, təcavüz kimi informasiya-psixoloji təsirlərin göstərilməsi halları informasiya təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradır. Bu problemlər həm texnoloji, həm də sosial məsələlərin həllini tələb edir.

İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı bu mövzuya həsr olunub. Mövzu üzrə tədqiqat aparan institutun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva bildirib ki, hazırda uşaqların internetdən təhlükəsiz istifadəsi problemlərinin həllinə yönəlmiş çoxlu sayda proqram təminatı və təhlükəsizlik sistemləri var, əksər ölkələrdə bu istiqamətdə milli səviyyədə müxtəlif tədbirlər görülür. Lakin bu tədbirlərə baxmayaraq virtual şəbəkədə uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün daha müasir texnologiyaların və təhlükəsizlik mexanizmlərinin yaradılmasına böyük ehtiyac vardır.

Tədqiqatçı qeyd edib ki, dissertasiya işi çərçivəsində “təhlükəsiz internetlə” əlaqədar dünya təcrübəsi, beynəlxalq proqramlar, inkişaf etmiş ölkələrdə qəbul edilmiş qanunlar araşdırılıb, uşaqların internet mühitində qarşılaşdığı təhlükələrlə əlaqəli risklər və onların yaratdığı fəsadlar analiz olunub və təhlükələrin təsnifatı verilib. Uşaqların internet mühitində təhlükəsizliyinin təmin edilməsi üçün ziyanlı kontentin azyaşlı auditoriyaya təqdim olunmasının qarşısının alınması məqsədilə milli intellektual sistemin konseptual modeli işlənilib.

Tədqiqat işi barədə fikirlərini bölüşən institutun baş direktoru akademik Rasim Əliquliyev bildirib ki, hər bir informasiya inqilabı nəticəsində meydana çıxan yeniliklərlə əlaqədar uşaqlarda müəyyən asılılıqlar yaranır. O, 2022-ci ildə Dünya Səhiyyə Təşkilatının kompüter oyunlarından asılılığı xəstəlik, psixi pozğunluğun bir növü kimi rəsmən tanıdığını nəzərə çatdırıb. Qeyd edib ki, yalnız təlim keçmiş tibb mütəxəssisləri kompüter oyunlarından asılılığı müəyyən edə bilər. Bu baxımdan bütün ölkələrdə kompüterdən asılılıqla mübarizə məqsədilə klinikalarda müvafiq şöbələrin yaradılması və bu istiqamətdə kadr hazırlığı məsələləri diqqət mərkəzində saxlanılır.

Akademik ölkəmizdə peşəkar mütəxəssislərin fəaliyyət göstərdiyi “Milli Təhlükəsiz İnternet Mərkəzi”nin yaradılmasının uşaqların virtual mühitdə ziyanlı kontentlərdən qorunması baxımından əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, tədqiqat işində belə bir mərkəzin yaradılması ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan konseptual baxışlar və təkliflər irəli sürülüb.