vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MƏMLƏKƏT  
15:37 | 26 may 2013 | Bazar Məqaləyə 2777 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Möhtəşəm başlanğıc

Mikayıl Cabbarov özündən əvvəlki nazirin 10 ilə dağıtdığını 3 aya düzəltməkdə qərarlıdır

E.SALAMOĞLU, E.MƏMMƏDƏLİYEV, Şirvan-Bakı

Nazirlərin, komitə sədrlərinin regionlarda vətəndaşlarla görüşləri davam edir. Belə görüşlərdən biri Şirvan rayonunda mayın 25-də oldu. Yeni təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhər Mədəniyyət Mərkəzində vətəndaşları qəbul etdi. Bu, nazirin vətəndaşları ilk qəbulu idi. Qəbul saat 10:00-a təyin olunsa da, nazir bir qədər yubandı. M.Cabbarovu qəbulun keçirildiyi Mədəniyyət Mərkəzinin qarşısında Şirvanın icra başçısı Mərdan Camalov qarşıladı.

Qəbul cədvəlinə uyğun olaraq nazir Şirvan şəhərində və Salyan, Neftçala, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Hacıqabul, Kürdəmir rayonlarında yaşayan vətəndaşları dinlədi. Qəbula Təhsil Nazirliyinin rəsmi saytı vasitəsi ilə 39 nəfər yazılmışdı.
Bununla yanaşı qəbula əlavə yazılanlar var idi. Ümumilikdə, son məlumata görə 70-ə yaxın vətəndaş nazirin qəbulunda olmuşdu. Qəbul son şikayətçini dinləyənə qədər davam etdi. Qəbulda Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov və rayon təhsil şöbələrinin rəhbərləri də iştirak edirdilər. Maraqlıdır ki, bəzi təhsil şöbələrinin rəhbərləri özləri ilə şikayətçiləri gətirmişdilər.
Qəbul zamanı diqqətçəkən digər nüans isə nazirin iki dəfə tələsik qəbul otağından çıxıb öz xidməti maşınına tərəf addımlaması oldu. M.Cabbarov hər iki çıxışında maşına əyləşərək mobil telefonla kiminləsə danışırdı. Bir neçə dəqiqəlik telefon danışığından sonra nazir yenidən qəbul otağına qayıtdı.
Qəbulda olarkən əməkdaşımız şikayətçi Aliyə Əmrahovanın nazirə müraciətini dinləyib. Şikayətçi deyib ki, o Bakı Dövlət Universitetinin (BDU) Mexanika və Riyaziyyat fakültəsini bitirib. Ali təhsilini iki fərqlənmə diplomu ilə başa vurub. Ancaq hazırda işsizdir və yaşadığı Salyan rayonunda ona iş verilmir.
A.Əmrahova bildirib ki, dəfələrlə rayon təhsil şöbəsində qəbulda olub: “İki fərqlənmə diplomum var. Amma məni işə götürmürlər. Bu günə qədər 4 rektorun qəbulunda olmuşam. Ancaq ”bir az gözlə", “10 gündən sonra müraciət elə” deyib yola veriblər. Salyanda müraciət etmədiyim ünvan qalmayıb. Mən bir mütəxəssis kimi Bakıda qalıb işləyə bilərdim. Rayona qayıtdım ki, burada işləyim. Salyan Müəllimlər İnstitutunun rektoru Tovuz xanımın qəbulunda olmuşdum. Məni laborant kimi işə götürdüyünü dedi. Bir ay gedib-gəldim. Sonra da mühasibatlıq şöbəsinin müdiri dedi ki, əmrin verilməyib. Tovuz xanımı da tapa bilmədim ki, sözümü deyim. Ona görə də daha işə getmədim. Mənim kimi mütəxəssisə ehtiyac ola-ola iş vermirlər. Əvvəl gərək “aşağılar”a müraciət edəsən. Nəticəsi olmayanda “yuxarılar”a şikayət etmək olar. Gördüm ki, xeyri yoxdur, gəldim nazirin qəbuluna. Nazir bildirdi ki, gələn həftənin 2-cü günü mənə nəticə deyiləcək".
Şirvan şəhərindən olan ingilis dili üzrə müəllimə Afərin Şıxəliyeva 9 ildir ki, işsizdir. Aidiyyatı qurumlara müraciət etsə də, iş tapa bilməyib. O, işsizlik problemini qəbulda nazirin diqqətinə çatdırıb: “Keçən il mərkəzləşmiş qaydada imtahan vermişdim. Amma topladığım bal işə qəbul üçün yetərli olmadı. Həm də vakant yer qalmamışdı. Nazir mənim ingiliscə biliklərimi yoxladı, bir neçə ingiliscə suallar verdi. Sonra dedi ki, nəticəsi barədə məlumat veriləcək”.
Kürdəmirdən olan şikayətçi Faiq Əliabbasov söylədi ki, güləş üzrə dünya çempionatının 6 qat bürünc mükafatçısıdır. O, Bədən Tərbiyəsi Akademiyasını bitirəndən sonra Kürdəmir rayon peşə liseyinə təyinatla göndərilib: “Uşaqların zona üzrə çempionatda iştirakı üçün maliyyə çatışmazlığı var. Məktəb rəhbərliyinə müraciət edirəm. Oradan mənə deyirlər ki, bu məsələ ilə Təhsil Nazirliyi məşğul olur. Nazirlik də deyir ki, bu məsələni yerli mühasibatlıq həll etməlidir. Ona görə də neçə illərdir zona birinciliyində iştirak edə bilmirik. Tofiq Məmmədov adlı Ağdam köçkünü məktəbimizin idman zalına bir neçə il əvvəl gecə ilə qab-qacağını yığıb. Zalın qapısını bağlayıb, heç kimi içəriyə buraxmır. Biz də məcbur olub stadionda, çöldə-bayırda təlim-məşq toplantısı keçirik. İdman zalı olduğu halda niyə çöldə məşq etməliyik? Ölkəmiz müharibə şəraitindədir. Bizə uşaqlarımızın fiziki hazırlığı mütləq lazımdır. Çünki onlar birbaşa hərbi xidmətə gedir”.
Qəbulda fasilə zamanı nazir jurnalistlərin suallarını cavablandırdı. M.Cabbarov müəllimlərin attestasiyası ilə bağlı bildirdi ki, tədris səviyyəsinin yüksəldilməsi istiqamətində dərindən araşdırmalar aparılır. Nazir tələsik və emosional qərarların verilməsinin tərəfdarı olmadığını açıqladı. M.Cabbarov repetitorluq probleminin mövcud olduğunu təsdiqlədi və bunun köklü səbəbləri olduğunu vurğuladı. Qeyd etdi ki, bu problemin aradan qaldırılması üçün işlər görüləcək. Daha sonra nazir “Yeni Müsavat”ın müxbirlərinin suallarına da cavab verdi. O, müəllimlərin əmək haqlarının artırılacağı barədə suala nəzəri fikir bildirdi: “Biz hökumətə o zaman maaşların artırılması ilə bağlı təkliflər verəcəyik ki, bunu əsaslandıra bilək. Buna hansı müddətdə və meyarlarla baxılması üçün təkliflərimizi əsaslandırmalıyıq”.
Nazir əməkdaşımızın fəaliyyətini dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində (ABU) diplomsuz qalan məzunların aqibəti ilə bağlı suala cavabında dedi ki, bu məsələ qanunvericilik çərçivəsində həyata keçiriləcək. Onun sözlərinə görə, araşdırmalar aparılır: “Bu məsələdə qanundan kənara çıxmamalıyıq”.