«Sirkə baxmaq üçün dərsdən qaçdım»
Sabir Məmmədov: «Yeməyimiz olmayanda, başqa uşaqların yeməyini oğurlayırdıq»
Lalə MUSAQIZI, kaspi.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ümidlərimiz... görə bilmədiklərimiz... və...
İstedadına güvəndiyim bir rejissor haqqında tərəddüdlərimin səbəbləriniə cavab axtarışı
-
Vida sözü
Xoşbəxt adamın gedişi
-
... Bu Natəvanə görüb onları rəva, getmə!
İlyas Əfəndiyevin tarixi dramı yeni yozumda səhnəyə gəldi...
-
Rejissorlar ona həmişə rol verirdilər
Təəssüf ki, belə istedad sahibinə kinoda ancaq kiçikplanlı rollar həvalə olunub
-
“Azdrama” bağlanıb
Aktyorlar koronavirusa yoluxub
-
“Manqurt” AzDramada
Teatr Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanını səhnələşdirdi
-
Sənət və ailə sevgisini eyni paylaşan aktrisa
Xalq artisti Sofiya Bəsirzadənin 100 illiyi qeyd olundu
-
AzDramada yeni tamaşa
Çingiz Aytmatovun məşhur romanı səhnələşdirilib
-
«Oğlumun toyunu görmək istəyirəm»
Fuad Poladov: «Mədəniyyət Nazirliyi deyilən bir orqan tanımıram»
-
Fuad Poladovun hamını təəccübləndirən bir cümləsi...
Tanınmış sənətkar niyə «mənə baş çəkməyə gələnlərin adını çəkmək istəmirəm» deyib?
-
«... Orxan Pamukdan incidim»
Afaq Bəşirqızı: «... Nəsibə Zeynalova ilə müqayisə olunmağım düzgün deyil»
-
Hamlet Xanızadə 75 yaşına çatdı, amma...
49 illik ömrə sığdırılan qəhrəmanlar
-
«Axı sən mənim üçün ölə bilməzsən»
Sənubər İsgəndərli: «Əvvəllər həyat indiki kimi cah-cəlallı deyildi»
-
«Azdrama»da daha bir mübahisə
Sərəncamçı direktor işdən çıxarıldı
-
«Azdrama»da daha bir qalmaqal
«Azərpaşa Nemətov deyib ki, daha teatra gəlməyim»
-
«Heç kimi istəmirəm…»
Tənha yaşayan xalq artisti danışdı
Deyir, indi oxumaq istəyən gənc üçün heç bir problem yoxdur. Çünki indiki gənclər istədiklərini tapıb oxuya, özlərini inkişaf etdirə bilərlər. Bu baxımdan indiki gəncliyi öz dövrünün gəncliyi ilə müqayisə edəndə, daha perspektivli, seçimlərinin çox olduğunu düşünür. Müsahibimiz Akademik Milli Dram Teatrının aktyoru Sabir Məmmədovdur.
1961-ci ildə Qazax rayonunun Poylu kəndində dünyaya göz açıb. Üçuşaqlı ailənin böyüyü olan Sabir müəllim sakit təbiəti ilə seçilib. Valideynlərinin ali təhsilləri olmasa da, ailələrində elmə, oxumağa həmişə maraq olub. Valideynlərinin nəzarəti ilə dərslərini yaxşı oxuyub. 8-ci sinfə qədər bütün dərslərə marağı olan S.Məmmədov etiraf edir ki, 8-ci sinifdə fənlər arasında ayrı-seçkilik qoyub: «8-ci sinifdə oxuyanda məktəbimizdə dram dərnəyi yarandı və mən də bu dərnəyə gedib-gəlməyə başladım. Nəticədə, incəsənət - aktyorluq məni cəlb etməyə başladı və gələcək həyatımı bu sahədə gördüyümə görə, texniki fənlərdən «soyudum». Ən çox sevdiyim fənlər siyahısında ədəbiyyat öndə gəlirdi. Özü də dərnəyə hər uşağı götürmürdülər. Dərnək rəhbəri olan müəllimimiz bir-bir uşaqları dəvət edir, onlara oxumaq üçün mətn verirdi. Bəyəndiklərini dərnəyə qəbul edirdi. Biz kiçik səhnəciklər, pyeslərdən parçalar oynayırdıq. Artıq aktyor olacağıma qəti qərar vermişdim. Məncə, şagirdlərin hansı ixtisası seçməsi müəllimləri ilə bağlıdır. Hansı müəllim daha güclüdürsə, öz fənninə maraq yarada bilirsə, uşaq həmin sahəyə yönəlir».
Elə müəllimləri aldatması, dərslərdən qaçmasının səbəbi də incəsənət olub: «Kəndimizə kino, teatr truppası gələndə mütləq dərsdən qaçmalıydımq. Amma bir dəfə dərsdən qaçmağımız bizə «baha başa oturdu». Kəndimizə sirk truppası gəlmişdi. Sirk truppası da hər zaman gəlmirdi axı... Bütün sinif dərsdən qaçıb sirkə baxmağa getdik. Müəllim bizi elə cəzalandırdı ki, sirk burnumuzdan gəldi. Cəzanın növünü demək istəmirəm, amma indi də yadıma düşəndə çox pis oluram».
«Aktyor olmaq bir şərəf idi»
Beləliklə, 10-cu sinfi bitirir və sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna (ADİİ) vermək istəyir. Amma sözügedən instituta qəbul iyunda olduğuna görə, çatdırıb sənədlərini təqdim edə bilmir. Buna baxmayaraq, həvəsdən düşmür. Öz üzərində bir az da işləyir və ikinci il yenidən ADİİ-nin dram və kino aktyorluğu ixtisasına müraciət edir. İmtahana girəndə dizləri əsim-əsim əsir. Hətta müəllimlər içmək üçün su təklif edəndə suyu üstünə tökür: «Həddən artıq həyəcanlı idim. İmtahanı Kamal Həsənov, Fikrət Sultanov, Mehdi Məmmədov götürürdü. Düzdür, onları birinci dəfə idi görürdüm, heç tanımırdım da. Amma bilirdim ki, elə-belə adam deyillər. Onlar da həyəcanlandığımı hiss etdiklərindən məni sakitləşdirir, deyirdilər ki, rahat ol, darıxma. Auditoriyanın müxtəlif yerlərində dayanıb danışmağımı istəyirdilər ki, həyəcanım keçsin. Həyəcanlansam da, özümə inamı itirməmişdim. Məndə bu sənətə o qədər istək, sevgi var idi ki, imtahandan keçəcəyimə əmin idim. O qədər hazır gəlmişdim ki, qəbul olmamağım mümkünsüz idi. Həddən artıq çox hazırlaşmışdım. İmtahandan əvvəl İncəsənət İnstitutuna gəlib auditoriyalarda otururdum ki, imtahanların necə keçdiyini görüm».
Ailədə də onun sənədlərini İncəsənət İnstitutuna verməsini normal qarşılayırlar: «O vaxt incəsənətlə bağlı elə bir kompleks yox idi. Hətta aktyor olmaq bir şərəf idi. İnsanlarda bu sənətə qarşı böyük bir sevgi var idi. Ciddi iş kimi baxırdılar. Buna görə də ailədə mənim fikrimə qarşı elə bir təpki olmadı».
«İlk vaxtlar çox kompleks keçirirdim»
Kənd uşağı kimi ilk dəfə Bakıya gəlməsi də yadındadır: «Bakıya ilk dəfə sənədlərimi instituta vermək üçün gəlmişdim. İlk dəfə kənddən Bakıya gələnlər adətən, gəzmək üçün bulvara gedərdilər. Mən də elə etmişdim və o vaxt dənizdən gələn neft qoxusu hələ də burnumdadır. İlk vaxtlar çox kompleks keçirirdim. Şəhərə birdən-birə adaptasiya olmaq mümkün deyil. Bu, dünyanın hər yerində belədir. Eşitdiyimə görə, hətta Yaponiyada kənddən paytaxt Tokioya gələn insanlara xüsusi adaptasiya kursları keçirlər. Şəhər mədəniyyəti tamam ayrıdır. Bir var, Poylu kəndində yaşayırsan, bir də var Bakı şəhərində. Bunlar arasında fərq həddən artıq çoxdur. Özünü avtobusda, dayanacaqda aparmağın, marşrut gözləməyin özü ayrı bir mədəniyyətdir. Bakıda hər şey, adi qazlı su belə mənə qeyri-adi gəlirdi. Ən çox Bakıda suyun pulla satılmasına təəccübləndim. Kənd uşağının ağlına gələrdimi ki, 5 qəpik verib su alasan. Bundan başqa, o vaxt Bakıya müxtəlif millətlərin nümayəndələri olan turistlər çox gəlirdi. Turistləri görmək də mənim üçün möcüzə idi. Çünki Poylu kəndində ancaq azərbaycanlıları görmüşdüm. Təzə-təzə şəhərdə o qədər azırdım ki... Bakı mənə qarmaqarışıq bir şəhər kimi gəlirdi».
«Başqa uşaqların yeməyini oğurlayırdıq»
İncəsənət İnstitutunun yataqxanasında 3 tələbə ilə birgə qalan müsahibimiz bütün işləri bölüşdürdüklərini deyir: «Otaqda 4 nəfər qalırdıq. Növbə ilə birimiz biş-düşə baxır, birimiz evi yığışdırır, digərimiz qab yuyur, başqa birimiz də bazarlıq edirdik. Ən çox kartof qızardır və qayğanaq bişirirdik. Elə olurdu ki, bizim otaqda yemək olmurdu, başqa uşaqların bişirdiyi yeməyi oğurlayırdıq. Görürdük ki, mətbəxdə kimsə yemək bişirir, sənin də yoxundur axı. Yemək hazır olan kimi bişirən adamdan qabaq qazanı götürüb yarısını yeyirdik. Amma sonra oğurladığımızı etiraf edir, insaflı olub yeməyin yarısını qaytarırdıq».
Ən gözəl günləri isə kiməsə kənddən sovqat gəldiyi gün olub: «Bu sevincimiz isə cəmi 2-3 gün çəkirdi. Çünki 2-3 gün ərzində sovqatın axırına çıxırdıq. Pulumuzun qurtardığı vaxtlarda isə bir-birimizdən borc alır, bir-birimizi yola verirdik».
«Kompleksim mənə ürəyimi açmağa imkan vermədi»
Kənd oğlanlarının özlərini şəhər qızlarına göstərməsi isə bir başqa aləm imiş: «Məndə də özümü qızlara göstərmək istəyi var idi. Amma kompleksim buna imkan vermirdi. Buna görə də, demək olar, özümü göstərə bilmirdim. Bakılı qızlar özlərinə daha inamlı idilər, dünyagörüşləri də çox idi, çox şeyi bilirdilər. Məsələn, rəqs dərsini mən görməmişdim, amma onlar artıq bilirdilər ki, necə rəqs edirlər. Adicə ritmika dərsi mənim üçün çox çətin idi, ritmlərə uyğun çox çətin yeriyirdim. Hamı, xüsusən qızlar ritmlə yeriməyimə, daha doğrusu, yeriyə bilmədiyimə gülürdülər».
Tələbə vaxtı həmsöhbətimizin istədiyi qız da olub. Amma məlum kompleksi ona ürəyini açmağa imkan verməyib. Deyir ki, həm də o vaxt münasibətlər tamam başqa cür olub. İndiki kimi, xoşun gələn qıza rahatlıqla ürəyini aça bilməzdin.
«İndi oxumaq istəyən gənc üçün heç bir problem yoxdur»
Aktyorla danışıb onun ilk rolunu soruşmamaq günah olar: «İlk dəfə filmə çəkilmişəm. Birinci kursda oxuyanda «Babamızın babasının babası» filmində Tapdıq obrazını canlandırmışam. İlk qonorarımı da o vaxt aldım. Qonorarım kifayət qədər çox idi. Özümə paltar aldım, qalanı ilə də xeyli yaşadım».
Sonda S.Məmmədov öz dövrünün aktyor olmaq istəyən gəncləri ilə indikiləri müqayisə etdi: «Məndə olan kompleks, dünyagörüşü bunlarda yoxdur. İnformasiya həddindən artıq güclüdür, mən özüm çatdırıb oxuya bilmirəm. İndiki gənclər istədiklərini tapıb oxuya, özlərini inkişaf etdirə bilərlər. Bu baxımdan indiki gənclik daha perspektivlidir, seçimləri çoxdur. Oxumaq istəyən gənc üçün heç bir problem yoxdur».