

BBC-nin baş direktoru Corc Entyustil Newsnight proqramının ötən həftəki buraxılışından sonra Britaniyada qızışmaqda olan qalmaqal fonunda istefa verib. Proqramda Uelsin uşaq evlərində uşaqlara qarşı cinsi təhqir halları araşdırılıb və bu, yanlışlıqla, siyasətçi Lord MakAlpinin pedofiliyada iştirakda ittiham olunması ilə nəticələnib.
Corc Entyustil lorddan üzr istəyib və verilişi efirə getməzdən əvvəl izləmədiyini deyib. «Baş direktor həm də baş redaktor olduğum üçün, eləcə də, nəticədə, bütün proqramların hazırlanmasına cavabdehlik daşıdığım üçün noyabrın 2-də yayımlanmış Newsnight proqramında tətbiq edilən qəbuledilməz jurnalistika standartlarını nəzərə alaraq, baş direktor vəzifəsindən istefamı bir şərəf məsələsi sayıram» deyə, o istefası haqda bəyanatında bildirib.