vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 10 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
Rusiyanın Cənubi Qafqaz siyasəti 00:35 | 14 yanvar 2017 | Şənbə Məqaləyə 4192 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanın Cənubi Qafqaz siyasəti

Təcavüzkar və müdafiə xarakterli realizm

Şəbnəm MƏMMƏDOVA,
Magistr tələbəsi, ADA Universiteti

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq münasibətlər nəzəriyyəsinin öyrənilməsi təkcə nəzəri fikirləri yadda saxlamaqla deyil, eyni zamanda analitik təhlil üçün onun real siyasi hadisələrə tətbiqini nəzərdə tutur. Səbəb odur ki, bir siyasi hadisə beynəlxalq münasibətlərdə fərqli nəzəriyyələr baxımından təhlil oluna bilər və hər birinin məsələyə spesifik yanaşması ola bilər. Bu baxımdan, məqalənin əsas məqsədi təcavüzkar və müdafiə xarakterli realist baxışları aydınlaşdırmaq və bu yanaşmaların Rusiyanın Cənubi Qafqaz siyasətində izlərini müəyənləşdirməkdən ibarətdir. Beləliklə, bu məqalə Cənubi Qafqazda Rusiyanın nə üçün təcavüzkar davranış sərgiləməsinin səbəblərinə cavab axtarır.

Təcavüzkar (Offensive) və Müdafiə (Defensive) xarakterli realizm nədir?

Realizm beynəlxalq siyasəti başa düşmək üçün əsas fundamental məktəbdir. Təbii ki, istənilən dövlətin xarici siyasətini başa düşmək üçün realizm nəzəriyyəsinin, xüsusən də onun təcavüzkar və müdafiə xarakterli yanaşmalarını bilmək lazımdır.

Təcavüzkar (aqressiv) realizmə görə, beynəlxalq sistem bir struktur kimi, anarxiya şəklindədir və bu o deməkdir ki, hər hansı anlaşmanın həyata keçirilməsi üçün səlahiyyətli güc yoxdur. Anarxiya şəraitində dövlətlər öz təhlükəsizliklərini qorumaq üçün maksimum güc əldə etməyə çalışırlar. Üstəlik, dövlətlər arasında rəqabət coğrafi, texnoloji üstünlüklər çox olduğuna görə, «dost» dövlətin gələcəkdə «düşmən» dövlət ola biləcəyinə zəmanət yoxdur. Buna görə də, dövlətlər öz təhlükəsizliyinə tam əmin olmalı və digər dövlətlərin gücünü artırmağa yönəlik səylərini şübhə ilə izləməlidirlər. Belə qeyri-müəyyənlik şəraitində sağ qalmaq üçün, dövlətlər tez-tez öz gücünü artırmağa, yaxud da digərlərini zəiflətməyə çalışırlar.

Əksinə olaraq, müdafiə xarakterli realizm hesab edir ki, sistematik faktorların dövlətin davranışına təsir etməsinə baxmayaraq, dövlət digər dövlətin davranışını qabaqcadan təxmin edə bilməz. Məhz buna görə də, dövlətin gücünü artırmaq səyləri onları konfliktə meylləndirə bilər. Bu realizmin nümayəndələri həmçinin hesab edirlər ki, həddən artıq hegemoniya mənasızdır, çünki bu, digər dövlətlərin hegemon dövlətə qarşı balans qurmağa stimullaşdıra bilər. 

Rusiya nə üçün Cənubi Qafqazda təcavüzkar aktordur?

 

1. Geostrateji maraqlar

Rusiyanın geostrateji maraqları Makinderin məşhur Hartlənd nəzəriyyəsinə əsaslanır: 

Kim ki Şərqi Avropaya nəzarət edir, o, Hartləndə nəzarət edir;

Kim ki Hartləndə nəzarət edir, o, dünya adasında nəzarət edir;

Kim ki dünya adasında nəzarət edir, o, dünyaya nəzarət edir. 


Rusiyanın coğrafi məkanının onun xarici siyasətində böyük əhəmiyyəti vardır. Rusiya Cənubi Qafqazı Hartləndin bir hissəsi kimi görür və buna görə də «ənənəvi imperiya»sını bərpa etmək, yaxud da «neo-imperialism»ini gücləndirməyə çalışır. Rusiya hesab edir ki, regional gücünü artırmaq onu bu regiona hegemonik aktor kimi qaytara bilər. Xüsusən də Rusiya özünün cənub sərhədlərinin təhlükəsizliyinə əmin olmağa və Türkiyə, İrandan gələ biləcək təhdidlərdən sığortalanmağa çalışır. 

 

2. Münaqişələrin həllində «vasitəçi»

 

Cənubi Qafqazda Rusiyanın rolu «Parçala və hökm sür» prinsipinə əsaslanır. İdeya budur ki, Rusiya etnik sərhədlərin toqquşduğu ərazilərdə separatist qüvvələri dəstəkləməklə hegemonik aktor olmağa çalışır və nəticə etibarilə, konfliktlərin həllində «vasitəçi» kimi iştirak etmiş olur. Yəni əslində, Rusiya etnik qruplar və dövlətlər arasında «konfliktlərin yaradıcısı» kimi görünür, nəinki vasitəçi. Dağlıq Qarabağ münaqişəsində Rusiyanın Ermənistana hərbi və iqtisadi  dəstəyi bunu göstərir ki, Rusiya rəsmi olaraq münaqişənin sülh yolu ilə həllinə tərəfdar olsa da, ancaq Kremlin Ermənistan tərəfini dəstəkləyir.

 

Gürcüstanda isə Abxaziya və Cənubi-Osetiya konfliktləri Gürcüstanın NATO-ya perspektiv üzvlüyü ilə əlaqədardır. Rusiya abxaz və osetin etnik qruplarını iqtisadi və hərbi cəhətdən dəstəkləməklə Gürcüstan üzərində mövqeyini möhkəmləndirməyə çalışır. Belə ki, 2008-ci il «Beş günlük» müharibənin nəticələri göstərdi ki, Rusiya regionda hələ də təcavüzkar aktor olaraq qalmaqdadır. Rusiya Cənubi-Osetiyadakı rus vətəndaşları və sülhməramlıları müdafiə etdiyini elan etsə də, onun təcavüzkar davranışının bəzi məqsədləri var idi: Əvvəla, Rusiya Gürcüstanın Cənubi-Osetiya və Abxaziya üzərində suverenliyinə son qoymağa və onun hərbi gücünə zərbə vurmağa cəhd etdi. İkincisi, Rusiya Gürcüstanı NATO və Avropa İttifaqına üzvlük üçün «etibarsız» dövlət kimi göstərmək istədi və bununla da Qərbi Gürcüstanı dəstəklədiyi üçün cəzalandırmağa çalışdı. Üçüncüsü, Rusiyanın təcavüzkar davranışı sübut etdi ki, digər post-sovet dövlətləri də Qərblə inteqrasiya üçün onunla hesablaşmalıdırlar. 

 

3. Enerji layihələrində aqressiya

 

Rusiya təkcə ərazi məsələlərinə deyil, eyni zamanda region dövlətləri ilə Qərb arasındakı enerji layihələrinə də münasibətdə öz aqressiyasını göstərir. Səbəb odur ki, Rusiya heç vaxt öz hegemonluğunu enerji bazarında digər bir təchizatçı ölkə ilə paylaşmaq istəməyib, buna görə də Avropa dövlətləri üzərində təsirini saxlamaq üçün öz enerji siyasətindən bir alət kimi istifadə etmişdir. 1994-cü il 20 Sentyabr «Əsrin müqaviləsi»nin bağlanması ərəfəsində də Rusiya yenə öz aqressiyasını nümayiş etdirdi. Yalnız Heydər Əliyevin Rusiya dövləti ilə danışıqlarından sonra Lukoil şirkəti bu layihədən 10 faiz pay ala bildi. Bütün bunlar göstərir ki, Rusiya hələ də bu region üzərində öz gücünü itirmək istəmir və öz gücünü hətta enerji layihələrində belə artırmağa çalışır. 

 

Bəs Rusiya ekspertləri nə fikirləşir? 

 

Ancaq maraqlı məqam burasındadır ki, Rusiya ekspertləri Qərbin fikirləşdiyi kimi Rusiyanın regiondakı davranışını təcavüzkar hesab etmirlər. Rusiya Dövlət Universitetinin professoru Sergey Markedonov hesab edir ki, əgər region özü kölgədə sadəcə addımlayırsa, bu o demək deyil ki, o «əbədi sülhə» nail olub, yaxud da bütün etnomünaqişələr həll olunubdur. Bu gün Tbilisi elə əvvəl olduğu kimi Abxaziyanın gələcəyini fərqli görür, Yerevan və Bakı isə Dağlıq Qarabağ münaqişəsinin həllində kompromis yol tapa bilməyiblər. Regionun digər aktorları isə Türkiyə Suriya böhranını həll etməklə məşğuldur və Azərbaycanla strateji tərəfdaşlığınından imtina etmək və Ermənistanla danışıqlara başlamaq niyyətində deyil. İran isə Qərblə yenidən münasibətləri bərpa etmək və Avropa bazarlarına giriş əldə etməklə məşğuldur, üstəlik «yenilənmiş Madrid prinsipləri»ni hələ də qeyri-məqbul hesab edir. Qısacası, hər bir aktor öz problemləri ilə məşğuldur və bu problemlər onları Cənubi Qafqazdakı işlərdən uzaqlaşdırır. Buna görə də Rusiyanın istənilən davranışı onu regionda aparıcı dövlət kimi göstərməyə vadar edir.

Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Vladimir Degoey iddia edir ki, Rusiyanın öz qonşuluğunu yenidən təşkil etmək hüquq vardır. Aİ ya bunu qəbul etməli, ya da potensial münaqişələrlə üzləşməlidir. Çünki, «Aİ Cənubi Qafqazda kənar oyunçudur. O, öz məqsədləri ilə bağlı hər hansı bəyanatlar edə bilər, ancaq onun regionda mövcudluğu Sovet İttifaqının bir hissəsi olan Moskvanı ayıq-sayıq olmağa vadar edəcəkdir. NATO və ya Aİ-nın Rusiyanın cənub sərhədləri boyunca hər hansı hərbi infrastruktur yaratması Kremlindın gələn reaksiyanı qabaqcadan görməyi proqnozlaşdıra bilər.

Beləliklə, Rusiyanın təcavüzkar davranışı  aşağıdakı səbəblərlə əlaqədardır: Tarixən, Rusiya inanir ki, Cənubi Qafqaz onun «ənənəvi imperiyası»nın bir hissəsidir; siyasi olaraq, Rusiya münaqişələrin həllində hegemonik aktor olmaq niyyətindədir; iqtisadi olaraq Rusiya region dövlətləri ilə Qərbin infrastruktur layihələrində əngəl yaratmağa çalışır. Ancaq Rusiya ekspertlərinin fikirlərini nəzərə alsaq, belə qeyd etmək olar ki, Rusiya təcavüzkar aktor kimi görünür ona görə yox ki o, münaqişəyə meyillidir, yaxud hegemonik aktordur. Ona görə ki, Rusiya cənub sərhədlərinin təhlükəsizliyindən və özünü müdafiə potensialindan əmin olmaq istəyir. Bu mənada, hər bir dövlətin özünü müdafiə hüququ olduğunu nəzərə alsaq, Rusiyanın da bu hüququnu qorumağa çalışması başa düşüləndir.