vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
PROBLEM  
14:34 | 16 fevral 2018 | Cümə Məqaləyə 3614 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Belə getsə kəndlər boş qalacaq...»

Ermənistanla sərhəd bölgənin sakinləri prezident İlham Əliyevdən və Zakir Həsənovdan kömək istəməli olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın Ermənistanla həmsərhəd Şınıx bölgəsinin kəndlərinin getdikcə ağırlaşan yanacaq, qazsızlıq problemi sakinləri kömək üçün bu yaxınlarda hətta müdafiə naziri, general-polkovnik Zakir Həsənova da müraciət etməyə vadar edib. Bölgənin Zamanlı və Mor-Mor kəndlərinin bir qrup sakini müdafiə nazirindən xahiş edib ki, öz nüfuzundan istifadə edərək kəndlərin uzun müddətdir düyünə düşmüş qazlaşdırma probleminin həlli barədə müvafiq strukturların qarşısında məsələ qaldırsın.

Virtualaz.org qeyd edir ki, Şınıx bölgəsinin sakinləri vaxtaşırı olaraq qazlaşdırma probleminin həll edilməsi xahişi ilə Bakıya, müxtəlif instansiyalara, o cümlədən KİV-lərə müraciətlər, məktublar, şikayətlər göndərir. Amma problem həllini tapmır və bu da strateji bölgədən əhalinin miqrasiyasına, meşələrin qırılıb tükənməsinə səbəb olur.

Sakinlərin virtualaz.org saytının elektron poçtuna göndərilmiş müraciətində göstərilir ki, bölgədə yanacaq kimi odundan istifadə edilməsi üzündən meşələr qırılıb tükənib. İş o yerə çatıb ki, hətta palıd kimi qiymətli ağac da yandırılmaq üçün kütləvi qırılır.

«Belə davam etsə bizim kəndlərdə həyat məhv olacaq, insanlar evlərini tərk edib gedəcək. Axı ilin az qala 6-7 ayının qış keçdiyi bu yerlərdə yanacaqsız necə yaşamaq olar? Artıq meşələrdə kəsməyə ağac, yandırmağa odun da qalmayıb», - bir qrup sakinin redaksiyamıza müraciətində deyilir.

Əslində Şınıx bölgəsinin qazlaşdırılması problemi hansısa məmurların prezident İlham Əliyevin illər əvvəl verdiyi göstərişi yarıtmaz həyata keçirməsi üzündən düyünə düşüb. Belə ki, prezident bu strateji bölgənin qazlaşdırılmasına dair göstərişi müvafiq strukturlara hələ 2010-cu ildə verib. 2011-ci ildə bu bölgəyə  ilk dəfə daşıyıcı qaz kəməri çəkilib, lakin «Azəriqaz»ın podratçısı bölgənin irili-xırdalı 27 kəndindən cəmi 3-ü qazlaşdırılıb. Üstəlik AzTV-dən bölgənin qazlaşdırılmasının başa çatdırıldığı elan olunub. Sakinlər isə o vaxtdan bəri vaxtaşırı olaraq Bakıya şikayətlər, müraciətlər göndərməkdədir.

Bu yaxınlarda isə sakinlərin bir qrupu müdafiə nazirinə müraciət etməyə qərar verib. Onlar deyirlər ki, müdafiə naziri Zakir Həsənov cəbhənin digər istiqamətlərində olduğu kimi  Şınıx bölgəsi istiqamətində yerləşən mövqelərinə də vaxtaşırı baş çəkir və əhalinin ona xüsusi hörməti, rəğbəti var. Ona görə də ümid ediblər ki, bəlkə müdafiə naziri, ona aid olmasa da, problemin həllinə kömək edə.

 

Şınıx bölgəsində qırılan palıd meşələri

 

Müraciətdə sakinlər nazirdən xahiş ediblər ki,  bölgənin hərbi baxımdan strateji əhəmiyyətini nəzərə alaraq oradan əhalinin köçünü dayandırmaq üçün qazlaşdırma probleminin həlli məsələsini «Azəriqaz»ın, digər müvafiq hökumət strukturlarının qarşısında qaldırsın. Əlbəttə, sakinlər problemin birbaşa müdafiə nazirinə dəxli olmadığını da nəzərə alıblar və müraciətə görə üzrxahlıq ediblər. Sakinlərə verilən məlumata görə müdafiə naziri onların müraciətinə diqqətlə yanaşıb və araşdırılması üçün müvafiq instansiyalara yönəldib. Hələlik isə bölgədə qazlaşdırma işlərinin nə zaman başlayacağına dair xəbər-ətər yoxdur.

Gədəbəy rayon İcra Hakimiyyətindən də təsdiq edirlər ki, Şınıx bölgəsində yarımçıq dayandırılmış qazlaşdırma işlərinin tamamlanması üçün dəfələrlə SOCAR rəhbərliyi qarşısında onların tərəfindən məsələ qaldırılıb. Habelə sakinlərin çoxsaylı müraciətləri Nazirlər Kabinetinə təqdim olunub. Amma məsələ həllini tapmayıb.

İndi Şınıx sakinləri problemin nəhayət bu il həllini tapması üçün xahiş edirlər. Çünki prezident İlham Əliyev ötən ay Nazirlər Kabinetinin yığıncağında ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə qaldırılması üçün SOCAR-ın qarşısında qəti vəzifə qoyulduğunu, dövlət büdcəsindən qazlaşdırma işlərinin davam etdirilməsinə 100 milyon manat vəsait ayrıldığını bəyan edib.

Prezidentin bu çıxışı Şınıx sakinlərində böyük ümid yaradıb, amma Ermənistanla həmsərhəd bölgədə, çətin şəraitdə yaşayan əhali narahatdır ki, SOCAR və onun strukturu «Azəriqaz» qazlaşdırma planına yenə də bu kəndləri daxil etməyə bilərlər. Nəticədə onlar problemə bir daha diqqəti cəlb etmək üçün öz nümayəndələrini Bakıya - Prezident Administrasiyasına və SOCAR-a şikayətə göndərməyə hazırlaşdıqlarını deyirlər.

 

Bu kəndlərdən o yana düşməndir...

 

Çünki bir neçə il əvvəl «Azəriqaz» rəhbərliyi mətbuat qarşısında elan etmişdi ki, Şınıx kəndlərinin sakinləri onlardan qaz gözləməsinlər. Səbəb kimi  isə «bölgədə yaşayanların sayının azlığı və yolların keçilməzliyi üzündən texnikanın işinin mümkün olmaması» göstərilmişdi. Hansı ki, təkcə Zamanlı və Mor-Mor kəndlərində 1200-dən çox sakin və 220-yə yaxın fərdi ev təsərrüfatı mövcuddur. Üstəlik sakinlərin bildirdiyi kimi, yolların, relyefin keçilməzliyi haqda deyilənlər də qətiyyən doğru deyil. Daşıyıcı kəmərdən həmin kəndlərə qədər cəmi 3-4 kilometr məsafə var və əslində bölgədə qazlaşdırmanı başa çatdırmaq, prezidentin hələ illər əvvəl verdiyi göstərişə əməl etmək böyük vəsait tələb etməyən işdir...