vaxtlı-vaxtında oxuyun! Bazar, 25 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BANK, BİRJA, SIĞORTA  
19:24 | 1 fevral 2019 | Cümə Məqaləyə 331 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Başbankirin sevmədiyi kəlmə

Elman Rüstəmov: “… sözündən az istifadə edin”

MÖVZU İLƏ ƏLAQƏLİ

Devalvasiya termini əvəzinə “Manatın məzənnəsinin yumşalması” və ya “Manatın məzənnəsinin çevikləşməsi” ifadələrinin işlədilməsi tövsiyə edilir.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov devalvasiya terminindən az istifadə etməyi tövsiyə edir.

Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib:

“Ümumiyyətlə devalvasiya sözündən az istifadə edin. “Manatın məzənnəsi yumşalacaqmı?”,  Manatın məzənnəsi çevikləşəcəkmi? Belə suallar peşəkar görünür. Mən istəyirəm ki, ekspertlərimiz çıxışlarında çevik məzənnə, üzən məzənnə və devalvasiya arasındakı fərqlərə aydınlıq gətirsinlər:  Devalvasiya nədir? Üzən məzənnə nədir? Məzənnənin hər hansı bir aralıqda dəyişməsi nədir? Bunlar fərqli anlayışlardır”.

Elman Rüstəmov qeyd edib ki, Mərkəzi Bankın bu gün uçot dərəcəsini azaltması milli valyutanın ucuzlaşması üçün bir risk olmadığına ən yaxşı cavabdır:

“Bizim bu gün qəbul etdiyimiz qərar ən yaxşı cavabdır. Mərkəzi Bank uçot dərəcəsini 0,5 bənd azaldılması haqqında qərar qəbul edib. Əgər biz iqtisadi sabitlik, milli valyuta üçün hər hansı ciddi risklərin gücləndiyini görmüş olsaydıq heç vaxt belə bir qərar qəbul etməzdik.

Ötən ilin sonunda uçot dərəcəsinin sabit saxlanılması üçün qərar qəbul etmişdik. Bunun üçün əsas var idi. Neft qiymətlərində volatillik (dəyişkənlik) yüksək idi. Son dövrdə neftin qiyməti dib nöqtəsindən 20 faiz artıb. Bütün beynəlxalq maliyyə institutlarının konsensus proqnozlarını bilirik. Bu konsensus proqnoz cari il üçün 60-70 dollar ətrafındadır. Bizim də neftin qiymətilə bağlı proqnozumuz bu intervaldadır. 2019-cu ilin dövlət büdcəsi və sosial-iqtisadi proqnozlar üçün də neftin qiyməti bu konsensus qiymət nəzərə alınmaqla götürülüb”.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9.75 faizdən 9.25 faizə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 11.25 faiz, aşağı həddi isə 7.25 faiz (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir. Qərar 1 fevral 2019-cu ildən qüvvəyə minir.

Mərkəzi Bankın açıqlamasında bildirilir ki, inflyasiyanın yüksəlməsi riskləri nisbətən səngiməkdədir. Qəbul edilmiş makroiqtisadi sabitlik çərçivəsi, xarici sektor göstəricilərinin yaxşılaşması, valyuta bazarında tarazlı vəziyyətin davam etməsi, inflyasiyanın faktiki səviyyəsinin və qiymət artımı gözləntilərinin aşağı olaraq qalması, fiskal qaydaların qəbul edilməsi monetar şəraitin normallaşdırılmasının davam edilməsinə imkan verir.

2018-ci ildə Mərkəzi Bank uçot dərəcəsini 15 faizdən 9,75 faizədək endirmişdir. 2019-cu ildə də uçot dərəcəsinin aşağı salınmasının davam etdiriləcəyi gözlənilir.

Devalvasiya sabit məzənnə rejimindəki bir ölkənin milli valyutasının digər ölkələrin valyutaları qarşısında dəyərinin aşağı salınmasıdır. Üzən məzənnə rejimində olan ölkənin milli valyutasının dəyərinin aşağı düşməsinin adı isə milli valyutanın ucuzlaşmasıdır. Ətraflı: Manatı üzdürək ya yox?

 

“Növbəti devalvasiya haqqında danışmaq qeyri-ciddidir”

 

Elman Rüstəmov, “Keçən il də çox proqnozlar verilirdi ki, Manat ucuzlaşacaq, devalvasiya olacaq. Biz həmişə deyirdik “fundamentallara baxın”. 2018-ci ilin sonuna Azərbaycanın tədiyyə balansının 3,5 milyard dollar profisitdə və neftin orta qiymətinin 70 dollar olması şəraitində hansı devalvasiyadan danışmaq olar? Ötən il üçün və bu il Azərbaycanda devalvasiya haqqında danışmaq qeyri-ciddidir” deyib.

Elman Rüstəmov əlavə edib ki, ötən il Dövlət Neft Fondunun aktivləri 3 milyard dollar artmışdır: “Bir valyuta bazarı təsəvvür etsək, Azərbaycanda valyuta təklifi 3 milyard dollar artıq ola bilərdi. Lakin qəbul olunmuş qaydalara görə, neftdən daxil olan gəlir ehtiyatlara yönəldilib”.

 

“Makroiqtisadi sabitlik dayanıqlı məzənnə üzərində qurulmuşdur”

 

Mərkəzi Bankın sədri bildirib ki, cari ilə və ortamüddətli dövrə dair bütün proqnozlar makroiqtisadi sabitlik platforması üzərində qurulub: “Makro-iqtisadi sabitliyin başlıca şərti aşağı inflyasiyadır. Necə aşağı inflyasiya olmadan büdcədə sosial proqram qurmaq olar?! Pensiya səviyyəsi, maaşların artırılması, gəlirlərin artması və s. Makroiqtisadi sabitlik, 2019-cu ilin büdcəsi dayanıqlı məzənnə üzərində qurulmuşdur. 2019-cu ilə başlamışıq, kimlərsə devalvasiya haqqında danışır. Mən hesab edirəm ki, bu qeyri-ciddi bir söhbətdir. Cari ildə Azərbaycanda makroiqtisadi sabitliyi təmin etmək üçün istənilən qədər resurs var.

 

“Neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyata təsiri neytrallaşdırılıb”

 

Xüsusilə ekspertlər üçün qeyd edirəm ki, 2019-cu ilin makroiqtisadi situasiyası olduqca 2018-ci ilə bənzəyir. Büdcə xərcləri cüzi artıb, Neft Fondundan büdcəyə transfert hətta bir qədər də çoxdur və digər amillər. Neftin qiymətinin aşağı düşməsinin milli iqtisadiyyatımıza mənfi təsiri fiskal qaydaların tətbiq edilməsi və trasfertlər vasitəsilə neytrallaşdırılıb. Dünya bazarında neftin qiymətindən asılı olmayaraq bu il 6,8 milyard dollarlıq transfert  Azərbaycanın valyuta bazarına daxil olacaq. Bu ölkəmizin spesifikasıdır. Bir sıra qonşu ölkələrdə milli valyuta neftin qiymətindən asılı olaraq dəyişir.  Neft qiymətlərində volatilliyi görürük. Amma bu volatilliyin Azərbaycan iqtisadiyyatına təsiri əhəmiyyətli qaydada məhdudlaşdırılıb. Təbii ki, çox uzunmüddətli dövr üçün neftin qiymətinə baxmaq lazımdır. Amma cari və ortamüddətli dövr üçün bütün parametrlər makro-iqtisadi sabitlik, yeni büdcə qaydaları, aşağı inflyasiya və dayanıqlı məzənnə idealogiyası üzərində qurulmuşdur. Azərbaycan hökuməti və Mərkəzi Bank makro-iqtisadi sabitliyin qorunmasında təkidlidir. Ortamüddətli dövrdə Azərbaycanda maliyyə sabitliyinin dərinləşdirilməsi haqqında Nazirlər Kabinetinə tapşırıq verilib. Artıq layihə hazırdır. Gələcəkdə də sabitliyin təmin edilməsi nəzərdə tutulur”.

 

“2018-də valyutaya tələb və təklif bərabər olub”

 

Elman Rüstəmov qeyd edib ki, 2018-ci ildə valyuta bazarı tam şəkildə tarazlı olub.

“2018-ci ildə valyuta bazarında tələb ödənildi. Ötən il hərraclar vasitəsilə Dövlət Neft Fondunun təxminən 6,5 milyard dollar satması nəzərdə tutulmuşdu. Bu vəsaitin təxminən 100 milyard dolları satılmadı və Fond tərəfindən dövlət büdcəsinə valyuta şəkilində köçürüldü. Bilirsiniz büdcənin dövlət borcunun qaytarılması kimi valyuta xərcləri də var”, - Mərkəzi bankın sədri bildirib.

Elman Rüstəmov əlavə edib ki, 2018-ci ilin Aprel və Avqust aylarında Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması ilə əlaqədar olaraq valyutaya tələb daha çox olub: “Başlıca ticarət təşərfdaşlarımızın milli valyutalarında ciddi dəyişiklik, volatillik baş verdi. Ticarət tərəfdaşlarımızın milli valyutalarının sürətli dəyərdən düşməsi Azərbaycan bazarına psixoloji və digər kanallar ilə təsir göstərdi. Mən o vaxt demişdim ki, ticarət tərəfdaşlarımızın milli valyutalarındakı ucuzlaşma fundamental xarakter daşımır, həmin ölkələrin daxilindəki bir sıra problemlərdən, siyasi məsələlərdən qaynaqlanır və bunun Azərbaycana heç bir aidiyyəti yoxdur. Bizim valyuta bazarında apardığımız qətiyyətli addımlar təhlükəni tez bir zamanda neytrallaşdırmağa imkan verdi. Bu zaman Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə edilmədi. Belə ki, Neft Fondunun valyutanı satmaqda çətinlikləri var idi. Əvvəlki aylar bazar bütün təklifi qəbul edə bilməmişdi. Manat möhkəmlənmə təzyiqi altında idi. Biz valyuta artıqlığını (Mərkəzi Bankın sata bilmədiyi valyutanı – red.) Aprel və Avqust aylarında satmaqla bazarın tələbini ödədik. İlin yekunlarına görə, valyuta bazarı tam tarazlı şəklə düşdü (tələb və təklif bərabərləşib - red)”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *