vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
PROBLEM  
12:17 | 21 fevral 2018 | Çərşənbə Məqaləyə 3587 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda əhali sıxlığı

Paytaxt ağır «yük» altında

MÖVZU İLƏ ƏLAQƏLİ

2018-ci il yanvarın 1-nə əsasən, ölkə əhalisinin sayı 10 milyon nəfərə yaxın olub. Əhalinin təxminən 23 faizi Bakıda yaşayır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bəs statistik göstərici nə qədər realdır?

Ekspertlər də qeyd edir ki, kommunal xidmətlərin istehlakı ilə bağlı göstəricilərə diqqət edəndə paytaxtda yaşayan sakinlərin sayının daha çox olduğu məlum olur. Bu səbəbdən bəzi iddialara görə, heç də əhalinin 23 faizi deyil, azı 40 faizi paytaxtda yaşayır. Bu da təbii ki, böyük rəqəmdir. Dünya ölkələri ilə müqayisədə, o cümlədən Avstriyanın paytaxtı Vyanada ölkə əhalisinin təxminən 15 faizi yerləşib. Niderlandın paytaxtı Amsterdamda isə ölkə əhalisinin 5 faizi yaşayır.

Paytaxt Bakıya gəldikdə isə xüsusən də son zamanlar paytaxtda getdikcə daha çox sıxlıq müşahidə olunmaqdadır. Bunun da öz səbəbləri var. Hələ 90-cı illərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, yerlərdə kəskin iqtisadi və sosial tənəzzülün başlaması, işsizliyin kəskin artması əhalinin mərkəzə axın etməsinə səbəb olub. Hər il bölgələrdən paytaxta axın artan sürətlə davam edir. Ölkənin maliyyə, administrativ qurumlarının, əyləncə mərkəzlərinin, ali təhsil ocaqlarının, hökumət və parlamentin burada yerləşməsi problemi daha da artırmış olur. Məlumdur ki, əksər universitet və kolleclər paytaxtda yerləşir. Təkcə Bakı Dövlət Universitetində 18 mindən çox tələbə təhsil alır. Bununla da Bakı getdikcə «yüklənir», «yükləndikcə» də problemlər artır, sosial infrastrukturlar tələblərə cavab vermir, şəhəri cənginə alan tıxaclar yaranır və sairə. Bu problemlərdən qismən də olsa azad olmaq üçün bir neçə il bundan əvvəl müəyyən ideyalar səslənmişdi. Onlardan biri də bu idi ki, hökumət qurumları, eləcə də ali təhsil ocaqları paytaxtdan alınaraq başqa şəhərlərdə yerləşdirilsin. Beləcə Bakının da yükü xeyli azalmış olar. Mərkəzlərin yerləşdirilməsi nəzərdə tutulan əsas şəhərlərdən biri kimi Gəncə göstərilirdi.

Paytaxtın başqa şəhərə köçürülməsi artıq dünya təcrübəsində var. Məsələn, 1997-ci ildə postsovet ölkələri arasında ilk dəfə Qazaxıstanda paytaxt Almatıdan Astanaya köçürülüb. Paytaxtın Almatıdan Astanaya  daşınması ilə Qazaxıstanın sənaye cəhətdən inkişaf etmiş şimalı və aqrar cənubu arasında yaranmış disbalans tədricən aradan qaldırıldı. Qazaxıstanda işsiz əhalinin paytaxta axınının qarşısı alındı. Bundan başqa, ölkənin regionlarında yerli əhaliyə nisbətən üstünlük təşkil edən rus mənşəli əhalinin qazaxlara nisbəti də tədricən azalmağa başladı.

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli danışıb. Ekspert də Bakıda olan əhalinin statistik göstəricisinin real görünmədiyini bildirib:

«Bu statistika ancaq qeydiyyatla aparılır. Bəlkə də qeydiyyatla bəli, əhalinin 20-25 faizi paytaxtda yaşayır. Bəlkə də Bakıda rəsmi qeydiyyatsız yaşayanların sayı qeydiyyatda olanlardan çoxdur. Məsələn, 2015-ci ildə parlament seçkilərində imzatoplama zamanı gördük ki, regionlarda qeydiyyatda olan insanların sayı daha çoxdur. Bu praktikanı çox yaşamışıq».

Ekspert son illərdə Bakının «yükü»nün artdığını, bunun da obyektiv səbəbləri olduğunu vurğuladı: «Əsas səbəb odur ki, iqtisadi aktivlik əsasən Bakı və Abşeron rayonunda cəmləşib. Əgər ölkə iqtisadiyyatının formalaşmasının  90-92 faizi bu bölgələrə təsadüf edirsə, Bakı büdcənin formalaşmasında azı 95 faiz iştirak edirsə, təbii ki, əhalinin sayı bura cəmləşəcək. Bu da disbalans yaradır. Təəssüf ki, müstəqillik illərində iqtisadi gücün ölkə boyu yayılması mümkün olmadı. Azərbaycan kimi ölkənin indi ikinci milyonluq şəhəri olmalı idi. Məsələn, Gəncənin, Şəkinin milyonluq şəhər olması üçün potensialı var, lakin bu baş vermədi. Əksinə, Bakı və Sumqayıt az qala birləşdi, indi böyük bir məkan yarandı.

Bakının «yükünün» azaldılmasının müxtəlif yolları var. Əsas yollardan biri budur ki, Bakıdan kənarda, ölkənin müxtəlif şəhərlərində böyük universitetlər açılsın. Bu həm də iqtisadiyyat yaradan bir addım olardı. Həmçinin əhalinin həmin bölgələrdə qalmasına səbəb olardı. İkinci bir inzibati addım ondan ibarət olardı ki, ölkənin rəsmi dövlət və idarələri bölgələrə köçürülərdi. Hansı ki, bu üsul artıq Gürcüstanda həyata keçirilib. Bildiyiniz kimi, 2013-cü ilə qədər paytaxt Tiflisdə yerləşən Gürcüstan parlamentinin binası artıq 3 ildir ki, paytaxtdan 230 km uzağa - Kutaisi şəhərinə köçürülüb. Nədən bu üsul bizim ölkəmizdə təcrübə olunmasın?

Yəni inzibati qaydada Bakının «yükünün» azaldılması mümkündür. Təbii qaydada isə regionların iqtisadi gücünü artırmaq lazımdır. İnsanların yerlərdə işləməsi üçün şərait yaradılmalıdır, bölgələrə geri axın baş tutsun".

Qeyd edək ki, son zamanlarda paytaxtda bakılı-rayonlu söhbəti də artmağa başlayıb. Ötən il bəstəkar Aygün Səmədzadənin bakılılar və rayonlularla bağlı işlətdiyi ifadələri, ictimaiyyətin məsələyə reaksiyasını buna əyani sübut kimi qeyd edə bilərik. Bəzi iddialara görə, «bakılı - rayonlu davası»nın qızışmasının əsas səbəblərindən biri də paytaxtda yaşanan sıxlıqla bağlıdır.

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu danışıb: «Burada bir neçə səbəb axtarmaq lazımdır. Həmişə hər hansı sosial problemlər ortaya çıxanda bir səbəbin üzərində dayanmaq doğru deyil. Səbəbin biri odur ki, get-gedə paytaxtda kənd əhalisi çoxalır. Bakı əhalisi də hiss edəndə ki, onların iş yerləri azalır, bu cür problemlər yaşanmağa başlayır. Yəni iqtisadi faktordur. İkinci isə mədəniyyət və mənəvi faktorlarla bağlıdır. Bəzən rayondan, kənddən gələn əhalinin davranışları Bakı camaatını qane etmir. Şəhər camaatı özünü daha mədəni davranışlı hesab edir, bununla da kənd camaatının davranışına qıcıqla yanaşır. Yəni problemin bir tərəfi iqtisadiyyatla, digər tərəfi isə mədəniyyətlə bağlıdır.

Lakin eyni zamanda bu məsələlərdə başqa, o cümlədən siyasi motivlər də ola bilər. Məsələn, hansısa siyasi qrup, təbəqələşməyə maraq göstərən insanlar da buna şərait yarada bilir. Və yaxud ölkə xaricində olan kənar qüvvələr də bu məsələdə maraqlı olur. Bəzən də ucuz yerlibazlıq məsələsi də bu problemi yaradır. Nəticə etibarı ilə bütün bunlar müsbət hal deyil və çalışmaq lazımdır ki, ölkədə qarşıdurma yaranmasın".

Xalidə GƏRAY