Qaz və enerji limitinin ləğvi gündəmdə
Ekspert: “Bu, sosial baxımdan zəruridir”
Dünya SAKİT
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Avropa sıxılmış qaza önəm verir
Təchizat təhlükəsizliyi üçün LNG investisiyalarına müraciət edən AB tutumun yarısını istifadə edir
-
Dünyada LNG-yə tələbat artır
Hazırda 400 milyon ton sıxılmış qaz istehlakı 20 ildə iki dəfə artacaq
-
Sıxılmış qaz ixracı artırılacaq
ABŞ ən yaxın müttəfiqinə 10 milyard kubmetr LNG göndərməyi hədəfləyir
-
Yunanlar qaz tapıb
Ehtimal olunan yataqların ölkənin 50 illik təlabatını ödəyəcəyi deyilir
-
Qaz qəliz şeydir
Neftdən fərqli olaraq nə qoxusu var, nə də rəngi
-
Azərbaycanın Rusiya ilə qaz mübadiləsi
Qış belə davam edərsə tələbatlar minimuma düşəcək
-
Avropanın ümidi – Bakı qazı
Sabiq prezident: “Azərbaycanla əməkdaşlıq üçün vədedici gələcəyi var”
-
London ixracatçılar axtarır
Böyük Britaniya Rusiyadan qaz idxalını dayandıracaq
-
“Büdcə zəfi”ndəki rəy ...
Neft-qaz hasilatında nə nəzərdə tutulub?
-
Qaz gəlirləri 4 dəfə artıb
Gömrük Komitəsi hesabat yaydı
-
Qaz və siyasət…
Ucuz enerji təzyiqi bəzən öz bəhrəsini verir, amma ...
-
Azərbaycan qazının elçıləri
TANAP-dan ikinci qol ayrılacaq?
-
Anbarlar 91 faiz dolub
İsti hava və külək tələbatı azaldıb
-
Rus qazını istəmirlər
Təkcə bir kəmərdə 86 faiz azalma olub
-
İkinci kəmər hazırdır
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
-
“Sibirin gücü” “Şimal axınını” əvəz edə biləcəkmi?
Rusiya rublla qaz alanlara endirim vəd edir
Azərbaycanda əhalinin istehlak etdiyi təbii qaz və elektrik enerjisinə tətbiq olunan limitin aradan qaldırılması məsələsinin müzakirəsi davam edir. Bu məsələ parlamentin ötən gün keçiriləm iclasında da qaldırılıb.
Əhalinin mütləq əksəriyyəti bu limitin götürülməsini, qazın və elektrik enerjisinin bütün həcminin əvvəlki qiymətlə satılmasını tələb edir.
Dövlət enerji və qaz istehsalına dəstək verir
Məlum olduğu kimi, əhali üçün qaz və elektrik enerjisi istehlakına limitin tətbiq olunması qərarı Tarif Şurası tərəfindən 2016-cı ilin noyabrında qəbul edilib. Bu qərarla əhali istehlakçı qrupu illik 1700 kubmetrə qədər qaza görə hər 1000 kubmetr üçün 100 manat, ondan yuxarı həcm üçünsə ikiqat artıq pul ödəyir. Elektrik enerjisində limit aylıq tətbiq olunub - ayda 300 kVt/saata qədər enerjini əhali 7 qəpikdən, ondan yuxarını isə 11 qəpikdən alır.
Tarif Şurası bu qərarı verdiyi ərəfə ölkə iqtisadiyyatının çətinliklərlə üzləşdiyi dövr idi: neftin dünya bazar qiyməti aşağı düşmüşdü, ölkədə iki ardıcıl devalvasiya baş vermişdi. Dövlət və ölkənin yeganə qaz təminatçısı SOCAR ciddi maliyyə problemləri ilə üz-üzəydi. Eyni zamanda ölkədə qaz istehsalı xarici tərəfdaşlarla bağlanmış müqavilələri və daxili bazarı eyni vaxtda tam təmin etməyə imkan vermirdi. Buna görə də hökumət məcbur olaraq daxili tələbatı ödəmək üçün Rusiyanın “Qazprom” şirkətindən qaz almağa başladı.
Qeyd etdiyimiz kimi, neft bazarında qiymətlərin düşməsi bütün neft şirkətlərində olduğu kimi, SOCAR-da da müəyyən çətinliklər yaratmışdı. Buna görə də Azərbaycan dövləti Rusiyadan alınaraq enerji istehsalı müəssisələrinə ucuz verilən qazın qiymət fərqindən dolayı yaranan zərəri özü qarşıladı. 2018-ci ildə dövlət büdcəsindən bu zərəri qarşılamaq üçün SOCAR-a 300 milyon manat ayrılıb. Eyni zamanda dövlət SOCAR-a qaz istehsalını artırmaq üçün maliyyə dəstəyi verməyə başlayıb. Ötən il dövlət büdcəsindən “Ümid”, “Babək” və “Qarabağ” yataqlarında quyuların qazılması üçün şirkətə 663,2 milyon manat vəsait ayırıb.
Dövlətin milli neft şirkətinə daha bir dəstəyi “Şahdəniz” yatağından hasil edilən mənfəət qazının daxili tələbatı qarşılamaq üçün SOCAR-a verilməsidir. Dövlət Neft Fondunun illik hesabatlarından aydın olur ki, 2016-cı ildə 135 milyon dollarlıq, 2017-ci ildə isə 227,2 milyon dollarlıq mənfəət qazı bu məqsədlə pulsuz olaraq milli neft şirkətinə verilib. Bundan əlavə, ölkənin təbii qaz təchizatı səviyyəsinin artırılması üçün də dövlət SOCAR-a maliyyə dəstəyi göstərir.
Dövlət həmçinin elektrik enerjisi istehsalı, paylanması və çatdırılmasına da ciddi dəstək verir - həm dövlət büdcəsindən vəsaitlər ayrılır, həm xaricdən alınan böyük həcmli kreditlərə dövlət zəmanəti verilir. Ötən ilin iyulunda Azərbaycanın enerji sistemində baş verən böyük qəzadan sonra enerji təchizatı sistemində irihəcmli işlərin görülməsinə başlanıb. Qəzadan sonra yaradılmış dövlət komissiyası Energetika Nazirliyinin dəstəyi və xarici mütəxəssislərin iştirakı ilə xüsusi reabilitasiya proqramı hazırlanıb. Üç illik dövrü əhatə edən proqramın maliyyə tutumu açıqlanmasa da, onun nəzərdə tutduğu tədbirlərin həyata keçirilməsi üçün ötən il ərzində “Azərenerji” ASC-yə 140 milyon manat vəsait ayrılıb. Bundan əlavə, enerji istehsalı müəssisələrinə qazın hər 1000 kubmetri 120 manata satılır. Ötən il dövlət xaricdən alınaraq bu müəssisələrə ucuz qiymətə verilən qaza görə SOCAR-a 300 milyon manat əlavə vəsait ayırıb.
Bütün bunlar göstərir ki, 2016-cı ildə Azərbaycanda qaz istehsalının həcmi, dünya neft bazarındakı qiymətlər fonunda yaranmış situasiyada əhaliyə satılan qazın və elektrik enerjisinin qiymətində artım edilməsi, limitin tətbiq olunması hardasa başadüşüləndir. Amma limitin tətbiqindən ötən müddət ərzində şərtlər ciddi şəkildə dəyişib. Əvvəla, dünya bazarında neftin qiyməti yüksəlib, bu isə ölkənin maliyyə durumunu kifayət qədər yüksəldib. İkinci tərəfdən, Azərbaycanda qaz istehsalı artıb. Bu artım əsasən “Şahdəniz 2" layihəsi çərçivəsində hasilata başlanması ilə əlaqədardır. Energetika naziri Pərviz Şahbazovun bu günlərdə verdiyi məlumata görə, cari ilin yanvar-mart aylarında ölkədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1 faiz çox, yəni 9,1 milyard kubmetr qaz hasil edilib.Hasil edilən qazın 4,3 milyard kubmetri ”Şahdəniz" yatağının payına düşür. İlk rübdə ümumilikdə, Azərbaycandan ötən ilin müvafiq dövründən 26,6 faiz çox - 3,2 milyard kubmetr qaz ixrac edilib.
Qaz istehsalının artması nəticəsində artıq Azərbaycanın kənardan qaz almasına ehtiyac qalmayıb, buna görə də “Qazprom”la imzalanan müqavilənin müddəti uzadılmayıb.
Bundan əlavə, limit tətbiq olunduqdan sonra rayonlarda əhali yenidən odun arxasınca meşələrə üz tutmağa başlayıb. Nəticədə 2016-cı ildə ölkədə yanacaq kimi odun istehlakı 23 min ton idisə, 2017-ci ildə bu, 26,4 min tona yüksəlib. Bu, rəsmi qeydiyyata alınan istehlakdır. Aydın məsələdir ki, kəndlərdə əhalinin meşədən gətirdiyi odunun böyük hissəsi uçotdan yayındırılır.
Əhalinin qaz və enerji istehlakı nə qədərdir
Ölkənin yanacaq-enerji balansına nəzər yetirdikdə görmək olur ki, Azərbaycanda əhalinin (ev təsərrüfatlarının) illik qaz istehlakı aşağı-yuxarı 2,7-3 milyard kubmetr aralığında dəyişir. Son 10 ildə ən yüksək istehlak limitin tətbiq olunduğu 2016-cı ildə qeydə alınıb - 3 milyard 186,9 milyon kubmetr. 2017-ci ildə bu həcm 2 milyard 826,5 milyon kubmetrə düşüb. 2018-ci il üzrə məlumat açıqlanmasa da, istehlakda ciddi artımın olması gözlənilən deyil.
Əhalinin illik elektrik enerjisi istehlakı isə 5-8 milyard kVtsaat ətrafındadır. Burada da son 5 ildə ən yüksək istehlak - 8 milyard 71,5 milyon kVtsaat limitin tətbiq olunduğu 2016-cı ildə qeydə alınıb. 2017-ci ilə ev təsərrüfatları tərəfindən istehlak olunan elektrik enerjisi 7 milyard 134,6 milyon kVtsaata düşüb.
Əhaliyə tətbiq olunan limitin ləğvi üçün imkanlar varmı?
Məlum olduğu kimi, “Azəri-Çıraq-Günəşli” yatağından hasil olunan səmt qazının bir hissəsi pulsuz olaraq Azərbaycan dövlətinə verilir. Bp şirkətinin açıqladığı məlumatdan aydın olur ki, 2018-ci ildə AÇG-dən dövləti təmsil edən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,4 milyon kubmetr, ümumilikdə isə 2,3 milyard kubmetr səmt qazı verilib. 2017-ci ildə verilən səmt qazının həcmi elə əhalinin istehlak etdiyi qədər olub - 2,9 milyard kubmetr.
Əlbəttə, səmt qazının dövlətə pulsuz verilməsi onun tamamilə pulsuz başa gəlməsi anlamını vermir. Belə ki, SOCAR-ın açıqladığı məlumata görə, 2017-ci ildə şirkət üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1000 kubmetr üçün 47,95 manat təşkil edib. Ümumilikdə isə həmin il SOCAR tərəfindən daxili bazarda satışa buraxılan təbii qazın orta maya dəyəri 121,88 manat səviyyəsində proqnozlaşdırılıb. Bu rəqəmlərdən aydın olur ki, AÇG yatağından pulsuz verilən səmt qazının əhaliyə hər 1000 kubmetri 100 manata satılması dövlətin çəkdiyi emal, saxlanma, nəql və təchizat xərclərinin ikiqat qarşılanması deməkdir. Yəni dövlət bu addımdan zərər çəkməyəcək.
Düzdür, inkişaf etmiş ölkələrdə hansısa istehlakçı qrupuna qazın və ya elektrik enerjisinin qiymətində ciddi güzəştlərin edilməsi təcrübəsinə çox az rast gəlinir. Lakin bu ölkələrdə əhali təbii qazdan demək olar ki, istifadə etmir - həm çoxmərtəbəli yaşayış binaları, həm də fərdi evlər mərkəzləşmiş istilik sistemi ilə təchiz olunub. Yəni vətəndaş qaza görə deyil, aldığı istiliyə görə ödəniş edir. Azərbaycanda isə istilik sistemi ilə təchizat çoxmərtəbəli yaşayış binalarında belə cüzi bir hissəni əhatə edir. Fərdi evlərin hamısı istiliyi qazla təmin edir ki, bu da istehlakı artırır. Bu, eyni zamanda insanların qaza görə xərclərinin də ailə büdcəsində mühüm paya malik olmasına gətirib çıxarır.
Nəhayət, nəzərə almaq lazımdır ki, prezident İlham Əliyev Azərbaycanda yüksək iqtisadi inkişafa əsaslanan sosial dövlət modelinin qurulmasına başlandığını elan edib. Bu dövlətdə ümumi qaz və enerji istehlakında 25-30 faiz paya malik əhali istehlakçı qrupundan bazar gəliri səviyyəsində gəlir götürməmək üçün yetərincə imkanlar mövcuddur.
İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramovun dediyinə görə, kommunal xidmətlərə görə əhaliyə tətbiq olunan limitin aradan qaldırılması mümkündür: “Nəzərə alaq ki, limitlər böyük deyil. Bu üzdən vətəndaşlar qısa bir müddətdə ondan istifadə edir və bundan sonra aldıqları qaz və enerjiyə görə yüksək qiymət ödəməli olurlar. Bu isə onların ailə büdcəsində xərclərin ciddi artmasına gətirib çıxarır. Hesab edirəm ki, əhalinin xüsusilə də mavi qazla təchizatında limitin aradan qaldırılması üçün imkanlar var. Buna ilk növbədə Azərbaycanda mavi qaz istehsalının artması şərait yaradır. Digər tərəfdən, manatın məzənnəsi 2017-ci ilin fevralından bəri sabitdir. Bu, ”Şahdəniz" yatağı üzrə konsorsiumdan qaz alınmasında məzənnə fərqinin yaranmaması deməkdir".
Ekspertin fikrincə, limitlərin götürülməsi sosial baxımından da vacibdir: “Bu, azgəlirli vətəndaşlarımızın xərclərini azaltmaqla onların sosial təminatına bir töhfə olacaq. Reallıq bundan ibarətdir ki, bu gün vətəndaşların xeyli hissəsi fərdi evlərdə yaşayır, evlərini kombi və digər qızdırıcılarla qızdırır. Mövcud limitlər onların xərcini xeyli artırır. Buna görə də limitlərin aradan qaldırılması həm də sosial baxımdan pozitiv addım ola bilər. Düşünürəm ki, mövcud iqtisadi-sosial şərtlər daxilində bu limitlərin götürülməsi mümkün və zəruridir”.