vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
CƏMİYYƏT  
13:17 | 31 iyul 2019 | Çərşənbə Məqaləyə 2422 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Eskobarın arzusu

Siçanların yediyi milyonlar və utanan kolumbiyalılar

Dünyanın ən qəddar, ən zəngin, ən ekstravaqant, ən xarizmatik narkobaronu Pablo Emilio Eskobar Qaviriya siyasət tutqunu idi.

Konqresmen oldu, sonra ədliyyə naziri olmaq fikrinə düşdü.

O zamanlar sosial şəbəkələr yoxdu. "El Doktor" ləqəbi ilə tanınan narkobaron yoxsulları ələ almaq, onların hakimiyyətdən narazılığından yararlanmaq fikrinə düşmüşdü.

Əvvəl Medelyində, sonra Kolumbiyanın hər yerində "El Doktor"un xeyriyyəçi, vətənpərvər, hakimiyyəti sərt tənqid edən, dövləti və vətəni sevən adam kimi şöhrəti yayıldı.

Eskobar ilk əvvəl süd ferması yaratdı, yoxsullara iş verdi.

Sonra futbol klubu. Sonra evlər tikdirdi, məhəllələr saldı, məktəblər inşa etdirdi.

O, ağır xəstə olan kasıblara yardımları çox sevirdi.

Oh, que lindo...

Xanımı Mariya Viktoriya Enao Valyehoya deyərdi: “Mən onların müalicə pulunu həvəslə verirəm. Bilirsənmi, niyə? Çünki onlar məmurları xəstə edəcəklər” (“Querida, sabes, enfermaran a los funcionarios...”)

Eskobar xeyriyyəçi kimi tanınırdı, kütlə onu sevirdi, pərəstişkarları ildırım sürətilə artırdı. Fəqət, o adamlardan kimsə özünə sual vermirdi ki, axı bu müalicənin, yardımın, köməyin pulu haradandı?! O pullarsa yüz minlərlə insanı bədbəxt edən kokakindən əldə olunurdu.

1980-ci ilin martın 4-ü, “El Doktor” malikanəsindən çıxıb “Lucia at The Charlee” adlı restoranına yollanır.

O restoranda olmuşam, Kolumbiyada ən yaxşı “arros”, yəni düyü və “platano” adlanan qızardılmış banan orada bişirilir.

Həmin gün restorana 126 tələbə toplaşmışdı. Kasıb, amma savadlı gənclər. Hamısını Eskobarın “Çiçorito” ləqəbli Xuan Mansayo adlı vəkili seçmişdi.

Eskobar o gənclərin təhsil haqlarını ödəyəcəyini dedi və söylədi: "Siz gələcəyimizsiz. Unutmayın bunu. Vətən üçün çalışın".

Ümumiyyətlə, həmin gün “Patria”, yəni “Vətən” sözü bol-bol deyildi.

31 yaşlı Eskobar həmin gün özünü “millətin himayədarı” kimi hiss etdi.

Onun yardımları, xeyriyyəçiliyi daha da artdı.

Xalq, millət, vətən üçünmü?

Əsla.

“Si no puedes convencerlos, confundelos...”

Eskobar bütün Kolumbiyanı nəzarət altına almaq istəyirdi.

Və bunu deyən, onu tənqid edənlər söyülür, təhqir olunur, "kasıblara yardım edənə dil uzadan yaramaz, hakimiyyət yaltağı" adlandırılırdı.

Eskobar 32 yaşında Konqresin, yəni Kolumbiya parlamentinin deputatı seçiləndə məşhur siyasətçi, prezidentliyə namizəd Luis Karlos Qalan sonradan onu məşhur edəcək nitq söylədi.

Nitq “Ayıl, Kolumbiya! Sənə yardım edən əslində bıçağı ürəyinə saplamaq istəyir” sözləri ilə başlayırdı.

Ədliyyə naziri Rodrigo Lara Bonilya isə Eskobarın yaramaz narkobaron olduğunu deyəndə "minnətdar kütlə" qeyzləndi, "Toxunmayın ləyaqətli Vətən oğluna" dedi.

“Patriota!”, “Digno hijo de la patria!” - Medelyində yürüş edənlər bağırırdılar.

Eskobar arzusuna çatmadı.

Yaxşı ki, çatmadı.

Kolumbiyalılar isə sonradan ayıldılar sanki.

Və utandılar.

Medelyində, “Etibarlı yuva” (“Madriguera confiable”) adlı yeraltı malikanəsində, pul bunkerində oturub. Eskobarın pulları o qədər çox idi ki, hər il 15-20 milyon dolları siçovullar yeyirdi.

Hər ay sadəcə, pulları dəstələmək üçün rezinlərə 5 min dollar xərclənirdi...