vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
13:42 | 28 yanvar 2022 | Cümə Məqaləyə 973 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Şuşa yaram

30 il qanayıb-qaysaqlanan ...

Mən jurnalistəm. Doğulanda jurnalist doğulub, ölənəcən jurnalist kimi yaşayanlardan. Bu cümlə ilə boşuna başlamadım yazıma. İllərdir bu sahədə olan qarabağlı həmkarlarımın qəlbinə erməninin saldığı yuva, torpaq, əzizlərinin qətli, yarım qalan uşaqlıqlarının miskin xatirələrini bölüşə-bölüşə, peşə fəaliyyətim səbəbindən isə erməni canilərinin etdiklərini görə, yaza, bütün dünyaya məcburiyyətdən doğan səbirlə, ancaq ürək yanğısı ilə efirdən çatdıra-çatdıra Qarabağ bir başqa yara oldu ürəyimdə. O yara ki, 30 il idi, hər il dəfələrlə qaysaqlanıb, yenidən qanayıb, daha dərin iz qoyurdu.

Şuşa həsrətim yox, yaram idi.
Bir şeyi və ya birini bir daha görmək, qovuşmaq arzusunu həsrət sözü ilə ifadə edirik, elə deyilmi?! Mənim Şuşa, Xocalı, Laçın, Qubadlı, Kəlbəcər, Ağdam, Zəngilan, Cəbrayıl, Füzuli, Xocalı, Qarabağ  həsrətim necə olaydı?!  Görməmişdim, mən böyüməyə, vətənimi gəzməyə başlayanda viran qoyub, mənim xalqımın, atalarımın, babalarımın tarixi torpaqlarını zor gücünə zəbt etmişdi ermənilər. Həsrətini də çəkə bilmirdim.  
Şəhid xəbərləri ala-ala böyüyərək, həm də kiçilirdim utancımdan.


Mən də öz torpaqlarından ermənilərin didərgin saldığı bacı və qardaşlarım ilə müqayisəyə gələcək qədər olmasa da, doğulub böyüdüyüm Bakıda uşaq ola bilmədim. Buna imkan vermədi ermənilər. 20 yanvar hadisələrində 8 yaşım var idi, qan iyini sinəmə çəkdim qanlı yanvar gecəsinin izləri olan məhəlləmizdə. Atama Şamaxinka dediyimiz əraziyə getməsin, rus əsgəri onu da öldürməsin deyə anam yalvaranda, 20 yanvarda Larisanı öldürənlərə fəryad edərək Bəxtiyar Vahabzadənin Larisa şerini ağlaya-ağlaya məktəbli balaca qızcığaz kimi  20 yanvar şəhidlərinin anim mərasimində deyəndə bir anda böyüdüm, “Qarabağın hər qarışı viran qoyuldu, körpələri də doğrayırlar, meyitləri yandırırlar, körpələrin gözlərini çıxardırlar”-deyə qonşularımız fəryad eyləyəndə, “Xocalıda hamını qırdılar ermənilər”- deyə hönkür-hönkür qonşu qadınlar yığışıb ağlaşanda böyüdüm, sonra 30 il boyu şəhid xəbərləri ala-ala böyüyərək, həm də kiçilirdim utancımdan. Mən məğlub xalqın tez böyüyərək kiçilən nümayəndəsi idim... 
Həsrətini çəkə bilmirdim ki Şuşanın... görməmişdim. 
Mən balaca idim Şuşa dərdi düşəndə qəlbimə. Sevdim, Şuşanı heç görmədən, vuruldum. O sevdirdi mənə, Şuşalı dostum. İndi o yoxdur, ancaq Şuşa var. O mənə Şuşanı iliyiməcən sevdirmişdi. Şuşaya aparacam səni, mən aparacam deyəndə həmişə qəmli gözlərinin dərinliyində bir işıq görürdüm. O gətirmədi, ancaq mən gələ bildim.  Mən bugündən artıq Şuşanı bir daha görüm deyə həsrətindən yenidən qayıtmaq üçün tələsəcəm. Şuşa dərdim deyil mənim artıq. İllərlə böyüyə-böyüyə kiçilmişdim. Bir günə 30 ilə kiçilən insan nə qədər ucadan uca olarmış, ilahi! Mən artıq qalib xalqın uşaq ikən böyüyən, ancaq şəhid qanı ilə zirvələri fəth edən, yüksələn bir vətənin övladıyam!