vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
16:07 | 20 fevral 2022 | Bazar Məqaləyə 2008 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ala çillə, boz ay

Torpağın köksündən bahar cücərtiləri çırtdayır

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Kiçik Çillə bitir. Üçüncü və sonuncu – Ala Çillə başlayır. Ala Çillədə havalar çox dəyişkən olur olur: gündüz isti, axşam soyuq və yaxud bir gün isti, bir gün soyuq. Elə bu dəyişkənliyə görə də xalq arasında Ala Çilləyə Boz Ay deyirlər. Boz Ay Azərbaycanlıların ən böyük bayramı olan Novruza qədər davam edir.

Novruza qədərki dörd çərşənbə də Boz aya təsadüf edir. Novruz hazırlıqları da bu aya düşməsi də Boz Aya xüsusi bir önəm və məna verir. Xalq arasında ən təmtəraqla isə dörd çərşənbənin sonuncusu olan Axır Çərşənbə qeyd olunur. Bəzi bölgələrdə, xüsusilə də Qərb bölgələrində Axır Çərşənbə hətta Bayramdan belə daha təntənəli və göstərişli keçirilir. Bayram axşamı və Bayram daha çox ailənin əhatəsində keçirilir. Axır Çərşənbədə insanlar elliklə şənlənib, müxtəlif oyunlar oynayır, əylənirlər.

“Boz ay bozara-bozara keçər” deyirdi dədə-babalarımız. “Ağlar-Gülər Ayı” kimi də tanınan Boz Ay həm də döl ayıdır. “Boz ayımız bozarsa da döl ayıdır ki, döl ayıdır”, - deyimi də elə bununla əlaqəlidir. Bərəkət ayıdır həm də Boz Ay - qoyunlar quzulayar, mal-qaranın artımı insanlarımızı sevindirər. “Döl düşdü, bərəkətdən göl düşdü” deyimi burdan gəlir. “Quzuların səsindən qış səksənər, köynək-köynək ət tökər” ifadəsi də Boz Ayın başqa bir gözəl deyimidir.

Ancaq Boz ay nə qədər bozarsa da, soyuq nə qədər geri çəkilmək istəməsə də qış taqətdən, heydən düşür, onun enində-sonunda Bahara yeniləcəyi qaçılmazdır. Və havalar nə qədər şıltaqlıq etsə də Təbiət dirçəlməyə başlayır, Nərgiz və Novruzgülü torpağı yarıb boy göstərməyə başlayırlar. 

Torpağın donu açılanda aynalı buzlar da çilinglənir, bulaqlar həyəcanla poqquldaşır, axar sular cuşa gəlir, quşların səsi aləmi bürüyür. Pətəklərdə qış yuxusundan süst düşmüş arılar çırpınaraq vızıltıları ilə qanadlarının səslərindən yeni bir Bahar simfoniyasının hazırlıqlarına başlayır, çalışmaq, yaşayıb-yaratmaq üçün günləri saymağa başlayırlar. Baharın ən əsrarəngiz dövrü ayaq açmağa başlayır, quşların səsi torpağın bağrını yarıb çıxan yaşıllıqların xışıltılı təranəsinə qarışır. Çayların, göllərin ayna buzları çilinglənir, sular çağlayır, bulaqlar qaynayır, torpağın donu açılır. Çölləri, yamacları turacların, kəkliklərin, bildirçinlərin nəğməsi bürüyür. Arılar pətəklərindən boylanır. Torpağın köksündən bahar cücərtiləri çırtdayır. Yazın şux və qaynar çağı, torpağın dirilən və oyanan çağı başlayır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)