vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 avqust 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
23:55 | 19 iyul 2022 | Çərşənbə axşamı Məqaləyə 1281 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Doğru köklənmə, doğru strategiya

“Qarabağ”ın “Sürix”ə dərs keçməsi möcüzə, nonsens, paradoksdur

Kənan MƏSTƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

“Qarabağ”ın qazandığı qələbə qızıla bərabərdir. İsveçrə çempionu üzərindəki bu qədər üstünlük möcüzə kimi bir şeydir. Buna qayıdacam.

Qurban Qurbanov start heyətini dəyişməsə də, tapşırığı dəyişmişdi. Polşalılardan fərqli olaraq komanda topu daha çox özündə saxlayır, irəli klassik, vaxtilə öyrəşdiyimiz tərz – “tiki-taka” ilə gedirdi. Ancaq bunu daha sürətli və daha sərt ötürmələrlə etməyi də gözdən qaçmadı. Bütün birinci hissə ərzində “Qarabağ” topu dizdən yuxarı qaldırmadı, hətta uzun məsafəli ötürmələri belə yerlə verdi. O qədər də yaxşı olmayan qazonda bunu etmək riskli olsa da, başqa çıxış yolu yox idi. Topu havaya qaldırmaq olmazdı, çünki ikinci mərtəbədə isveçrəlilər daha üstün idilər. Təsadüfi deyil ki, ilk qollarını elə standart vəziyyətdən vurdular. 

“Qarabağ” lazımi fərqi əldə edib fasiləyə yollansa da, artıq 60-65-ci dəqiqədə komandanın yavaş-yavaş tonusdan düşdüyü sezilirdi. Döyüşkənlik, mübarizlik vardı, ancaq balans əldən çıxmışdı. Son 15 dəqiqədə Fodanın 4 əvəzetməyə əl atması da buna işarə idi. Rəqib görürdü ki, “Qarabağ” hər an həm qol vurmağa, amma həm də hər an qol buraxmağa hazırdır. Lazımi basqı edildi və adi bir epizodda, kiçik basqıya dözməyən meydan sahibləri səhvlər zəncirinə yol verdi və ikinci qol gəldi.

Statistika da maraqlıdır. Biz qapıya 16, onlar isə 10 zərbə vurublar, ancaq bunlardan çərçivəyə gedənləri bizdə 6, onlarda 8-di. Yəni onlar daha diqqətli, daha məqsədyönlü oynayıblar. Adlarını doğruldurlar, dəqiq isveçrəlilər. Top da 63 faiz bizdə olub, oyuna biz nəzarət etmişik, amma yenə də onlar əllərinə düşən 37 faizdən səmərəli yararlanmağa çalışıblar, müəyyən qədər də buna nail olublar. Amma bunlar sadəcə rəqəmlərdi. Statistika əsas məqamı – qazanılan qələbə və gözəl oyunu göstərə bilməyib.

Məsələ ondadır ki, biz isveçrəlilərlə balanslı, sakit, mövqe hücumları üzərində oyun qursaq, onlar bizi yenəcəklər, özü də çox rahat. Bunu Qurban Qurbanov da bilirdi, ona görə daha rəngarəng, sürətli, hətta bir az aqressiv oynamaq, texnikalı oyunçuların fərdi ustalıqlarından maksimum istifadə etməyi tapşırmışdı, bu da öz effektini verdi. Təxminən 1 saat ərzində meydanda yalnız “Qarabağ” vardı və adlı-sanlı rəqibini sadəcə çaş-baş qoymuşdu. Təbii ki, bu ritm 90 dəqiqə davam edə bilməzdi. Mövsümün əvvəli olduğu və yetərincə istirahət edə bilməyən, hələ də optimal formasını yığa bilməyən çox sayda oyunçunun olması öz təsirini göstərdi və üstünlük əldən verildi. Bunun baş verməsi təbiidir, normaldır, qanunauyğundur.

“Qarabağ” cavab matçında da eyni oyunu oynamalıdır, buna sadəcə məcburdur. Arxaya oturulsa, müdafiədən oynanılsa, məsələ elə ilk hissədəcə bitəcək, uduzacağıq. Bunu Qurbanov da başa düşür və oyunsonrası mətbuat konfransında bunu dilə gətirib. Doğru köklənmədi, doğru strategiyadır. “Qarabağ”ın cavab görüşünə qədər bir qədər də istirahət etmə, bir az da formaya, relsə düşmə şansı olacaq və daha hazırlıqlı olacaq. Artıq “Sürix” qapalı qutu deyil, nə oynadığı, necə oynadığı görünür, ortadadır. Daha yaxından analiz etmək, səhvləri görərək bir daha təkrarlamamaq üçün imkan olacaq. İnanıram ki, son nəticə də bizim xeyrimizə olacaq.

Və sonda. İsveçrə çempionatında yiyəsi bilinməyən “Şamaxı”, nə məqsədə qulluq etdiyi bilinməyən, az qala asfaltda oynayan “Səbail”, büdcəsi, bu günü, gələcəyi bilinməyən “Kəpəz” və “Turan” yoxdur, orda liqanın yarıdan çoxu dövlətdən maliyyələşmir, stadionlar qəzalı vəziyyətdə deyil, əksərində heç media tribuna belə yoxdur. Bütün bunlar və sadalamadığım onlarla problem bizdədir, onlarda yox. Konkret xaraba gündə olan futbolumuzdan “Qarabağ” kimi komandanın çıxması və ideal ölkə olan İsveçrənin çempionuna sözün əsl mənasında futbol dərsi keçməsi möcüzə, nonsens, paradoksdur. Bu baş verməməlidir, amma verir. Yəqin Tanrı qarşısında yaxşı işlərimiz olub, o da bizə lütf göstərir.

Çox sağ ol və sükanı belə saxla, “Qarabağ”! Ümidimiz sənədi.