vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNEY  
00:43 | 15 oktyabr 2022 | Şənbə Məqaləyə 897 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mənim sözlərim xalqın sözüdür”

İran polisi Güney Azərbaycanın deputatlarından şikayət edib

Hamid MƏLİKOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

İran parlamentinin Təbrizdən olan millət vəkili Əhməd Əlirza Beygi islahatçı hərəkata yaxın olan “Şərq” qəzeti ilə söhbətində polisin parlamentin dörd üzvündən şikayət etdiyi barədə məlumat verib.

Cənab Əlirza Beygi ölkə polisinin şikayət etdiyi dörd deputatdan biridir. Onun sözlərinə görə, Şərqi Azərbaycan vilayətində yerləşən Bostanabad şəhərinin nümayəndəsi Qulamrza Nuri Qızılcanın və “böyük ehtimalla” Məsud Pezeşkiyanın adı polisin şikayət etdiyi millət vəkilləri siyahısındadır.

Bundan əlavə İranın Xorasan vilayətindən olan başqa bir nümayəndə də, polisin parlament nümayəndələrinin davranışına nəzarət edən şuraya şikayət etdiyi nümayəndələr arasındadır.

Mahmud Əhmədinejadın prezidentliyi dövründə Şərqi Azərbaycanın valisi olmuş Əlirza Beygi polisin deputatlara qarşı şikayətinin səbəbi ilə bağlı deyib ki, “Onlar hesab edirlər ki, deputatlar öz şərhlərini aşmamalıdırlar. Deputat öz fikrini ifadə etməkdə azaddır və qanun deputatın məsuliyyətinə uyğun olaraq ona bu toxunulmazlığı verib”.

Parlamentin bir neçə üzvü İranda əxlaq polisinin fəaliyyətini tənqid edib, lakin deputatların əksəriyyəti bəyanat yayaraq, polis qüvvələrini dəstəkləyib. Hazırda İran parlamenti İran İslam Respublikasında görünməmiş diskvalifikasiyadan sonra formalaşıb və onların əksəriyyətini fundamentalistlər təşkil edir.

Bir müddət əvvəl Məsud Pezeşkiyan əxlaq polisinin nəzarətində olan Məhsa Əmininin ölümü ilə bağlı polisdən şəffaf olmağı tələb etmişdi.

Əlirza Beygi əxlaq polisinin qadınları küçədə həbs edərək, nəzarət altına alıb hicabla bağlı təlim keçməsini tənqid edib və bu yanaşmanın mənfi nəticələri olacağına inanır.

“Mənim sözlərim xalqın sözüdür. Mən polisə qarşı təxribat aparmaq fikrində deyiləm; Mən özüm polis rəisi olmuşam. Amma bu, ekspert müzakirəsidir və əxlaq polisi heç vaxt ölkədə İslam mədəniyyətinin inkişafına imkan yarada bilməyib”, – deyə, deputat bildirib.

Təbrizli millət vəkili Əhməd Əlirza Beygi hesab edir ki, əxlaq polisi qanunda nəzərdə tutulan səlahiyyətlərindən kənar fəaliyyət göstərir. O, həmçinin video-görüntüləri sosial mediada paylaşılan bəzi insidentlər səbəbilə əxlaq polisini tənqid edərək bildirib ki, bunlar əxlaq polisinin fəaliyyətində “mühüm qüsurların” olduğunu göstərir.

22 yaşında Məhsa Əmininin həbsinə toxunan Əlirza Beygi deyib ki, o, qohumları, ailəsi və qardaşı ilə birlikdə ikən Tehranda Haqqani metrosunun qarşısında əxlaq polisi tərəfindən nəzarət altına alınıb.

O, əxlaq polisinin davranışından başqa bir misal gətirərək deyib ki, “Məsələn, bir ana özünü əxlaq polisi maşınının qarşısına atır, polis maşını onun qışqırmasına məhəl qoymadan, hətta onun üstündən keçmək istəyir və bu ana qızının xəstə olduğunu qışqırıb, onu aparmamaları üçün yalvarır. Qəribə bir şeydir, bu qızı anasından alıb, özləri ilə aparırlar”.

O bu insidentləri misal gətirərək, ailə mühitində hər hansı bir ədəbsizliyin mümkün olmadığını vurğulayıb və əxlaq polisinin davranışını tənqid edib.

Güney Azərbaycan da daxil olmaqla, İranın bir çox yerində kütləvi etirazlar sentyabrın 17-də əxlaq polisinin nəzarətində olan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb və bu etirazlar hələ də davam edir.