vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
16:48 | 21 oktyabr 2022 | Cümə Məqaləyə 1630 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistana dərs olmadı

Paşinyan növbəti müharibənin səhvini buraxdı

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Praqa görüşündən sonra Fransanın hazırda sədri olduğu Avropa İttifaqının və ATƏT-in dəstəyi ilə Ermənistan İrəvanla Bakı arasında sülh danışıqlarını fərqli məcraya çəkməyə başladı. Belə ki, Ermənistan hazırda bütün beynəlxalq təsisatları Ermənistana toplamaq, onları sərhəddə yerləşdirmək fikrindədir. Rəsmi İrəvan həmin qurumların Azərbaycanla sərhəddə işləməsi üçün etdiyi bu cəhdlərin kökündə bir neçə məsələ dayanır:

Qarabağda olan qanunsuz erməni silahlı birləşmələrinin həmin ərazilərdən çıxarılması məsələsini gündəmdən salmaq


Fikir versək görərik ki, ayrı-ayrı təsisatların və Ermənistana dəstək verən dövlətlər bu zamana kimi bir dəfə də olsun qanunsuz erməni silahlı qruplaşmalarının Qarabağdan çıxarılması ilə bağlı hansısa bir yerdə yazılı, yaxud şifahi şəkildə hər hansı açıqlamasına rast gəlmək qeyri-mümkündür. 


Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələsini sülh gündəliyindən sıxışdırıb çıxarmaq 


Bütün bu sadalanan məsələlər əslində regionun geosiyasi simasını dəyişdirmək, Azərbaycanı diqtə edən tərəfdən icra edən tərəfə keçirmək üçün Qərbin əlinə çoxdan gözlədiyi fürsəti vermiş kimi görünə bilər, amma dünən Zəngilan hava limanının açılışından sonra Türkiyə və Azərbaycan liderlərinin mətbuata açıq bəyanatla çıxış etdikləri mətbuat konfransında səsləndirdikləri fikirlər Fransa başda olmaqla Qərbin ermənipərəst qüvvələrinin elə xülya olaraq da qalacağını deməyə çox tutarlı əsaslar yaradır. 

Bildiyimiz kimi Praqada dördtərəfli görüş sonrası Ermənistan Avropa İttifaqının mülki missiya adı altında Azərbaycanla sərhədinə nümayəndə göndərməsinə razılıq verdi və bugünkü gün onlar artıq sərhədimizlə üzbəüz mövqedə “növbə çəkirlər”.

Təbii ki, bu, bir daha Ermənistanın Rusiyanın ardınca Qərbin də vassalı, forpostu olmağa hazır olduğunu göstərən amildir. Amma baş verən proseslər deməyə əsas yaradır ki, Ermənistan hələ bununla da kifayətlənmək fikrində deyil. 

Söhbət 21-27 oktyabr tarixində ATƏT-in Ermənistana “ehtiyacların qiymətləndirilməsi missiyası” göndərməsi ilə bağlı qərarından gedir. Azərbaycanla sərhəddə vəziyyəti qiymətləndirmək adı altında Ermənistanda olacaq missiya vasitəsilə bölgədə baş verən proseslərdə bu və ya digər yollarla iştirak etməyə çalışan ATƏT heç vaxt bu qədər aciz duruma düşməmişdi.

Hələ qurumun keçmiş Azərbaycan-Ermənistan münaqişəsinin həlli üçün illər uzunu bölgəyə hər səfəri, iki ölkənin xarici işlər nazirləri ilə keçirdikləri görüşlərdə guya ki, müxtəlif həll planları hazırladıqları ilə bağlı yaratdıqları abu-hava, onun ətrafında uzun-uzadı apardıqları müzakirələr heç kimin xatirindən çıxmayıb.

Nəticədə münaqişənin həllinin uzadılmasında Ermənistana bu yola əlindən gələn bütün yardımı edən ATƏT-in Minsk Qrupunun bu ermənipərəst siyasətinin nəticəsində cəzasızlıq sindromundan eiforiyadan heç cürə özünə gələ bilməyən İrəvanın növbəti təxribatı 44 günlük müharibənin başlamasını alovlandırdı. Regionda indiki bu qarmaqarışıq vəziyyətin də baiskarlarından biri elə ATƏT-in illər öncə yaratdığı həmin qurum oldu. İndi utanmaz-utanmaz yenə ortaya atılan ATƏT “mən də varam” deyib, belə bir missiya ilə sərhədimizə kimi gəlib çıxmaq fikrindədir. 

ATƏT-in mandatsız və əsassız “missiyası”sının bu “siyasi turizminin” ağrı-acısını yenə də sonra bir tərəf daha çox hiss edəcək – Ermənistan!

27 il ərzində işğalçının nazı ilə oynayan ATƏT o vaxt anlamalı idi ki, belə vəziyyətdə müharibə qaçılmaz olacaq. Həmsədrlərin Vətən müharibəsinə kimi hər növbəti görüşü İlham Əliyevin dediyi kimi “bir görüş az və ya bir görüş çox” mənasını daşıyırdı.

Lakin ATƏT bir şeyi dəqiq bilməlidir ki, Azərbaycanla məsləhətləşmədən regionla bağlı hər hansı bir addım atması imkansızdır. Oktyabrın 21-27-də ATƏT-in Ermənistana missiya göndərməsi absurd addımdır. Çünki bu qurumun bu dəfə də məqsədinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət etmək olmadığı gün kimi aydındır.

Əgər Avropa İttifaqı regiona (Ermənistanın Azərbaycanla sərhədinə) missiya göndərirsə, burada ATƏT nəyə lazımdır?

ATƏT 30 il münaqişənin “sülh yolu ilə həlli” prosesi ilə məşğul olsa da, bir dəfə də olsun işğal olunmuş ərazilərə missiya göndərməmişdi. Onun fəaliyyəti yalnız 3 həmsədr və sədrin şəxsi nümayəndəsinin (Sonuncular - ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik bəyanat yayıblar.) ezamiyyə pullarını bölüşdürməsi və turistik səfərləri ilə məşğul olmaqdan ibarət olub.

Heç bir münaqişənin nizamlanmasına töhfə verməyən Ermənistan da çox yaxşı anlayır ki, ATƏT gəlib Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində heç bir rol oynamaq iqtidarında deyil. Onların bölgədə varlığı Ermənistan üçün yalnız dəbilqə funksiyasını yerinə yetirə bilər. 

ATƏT-in Ermənistana qrup göndərməsini başqa adla “özünə hörmətsizlik” də adlandırmaq olar. Çünki hər kəsə o da məlumdur ki, Azərbaycan da ATƏT-in bir üzvüdür. Bu isə o deməkdir ki, ATƏT Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) fərqli olaraq regionla bağlı addım atarkən mütləq rəsmi Bakının da icazəsini nəzərə almalıdır. Bu qurum Azərbaycanla məsləhətləşmədən qərar verə bilməzdi, amma etdi. ATƏT-in missiyası yalnız o halda legitimlik qazanardı ki, onun yaradılması barədə qərar Azərbaycanla da, Ermənistanla da məsləhətləşdirildikdən sonra aparılardı. Bu isə açıq-aşkar ATƏT-in prinsiplərinə ziddir, ən birinci özlərinə qarşı hörmətsizlikdir. 

Şübhəsiz ki, ATƏT-in Ermənistana göndərdiyi qrupdan nəyinki hansısa müsbət nəticə gözləməyə dəyməz, heç obyektivlikləri də inandırıcı deyil. Çünki Azərbaycan bu qurumun fəaliyyətinin nədən ibarət olduğu ilə bağlı 30 ilə yaxın işğal dövründən çox yaxşı tanışdır. 

Hələ 2001-ci ilin 4 noyabr tarixində Ulu öndər Heydər Əliyev ATƏT-in Minsk Qrupunun o vaxtkı həmsədrlərini Bakıda qəbul edərkən bu qurumun fəaliyyətsizliyini çox dəqiq ifadələrlə belə təsvir etmişdi:

“Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin 13 yaşı var, ATƏT-in Minsk Qrupunun 9 yaşı var. Amma görün, neçə illər keçib, məsələ həll olunmayıb. Bir az da ləngisək, ATƏT-in Minsk Qrupu böyük bir oğlan olacaq, onu gərək evləndirək. Yaxud ola bilər, qız olsun, onu ərə verək. Bu daha tez ola bilər”.


28 ilin 28 dəqiqəlik cavabı


ATƏT-in fəaliyyət(sizliy)i ilə bağlı növbəti tənə məhz 19 il sonra İlham Əliyev tərəfindən gəldi:

İlham Əliyev isə Minsk Qrupu həmsədrlərinin 28 il ərzində Azərbaycan xalqına və dövlətinə çəkdirdiklərinin cavabını və əməllərinin qiymətini təxminən 28 dəqiqəlik nitqinin cüzi bir hissəsində artıqlaması ilə verdi. Belə ki, 44 günlük Vətən müharibəsində beynəlxalq ədaləti, BMT-nin TŞ-sinin 4 Qətnaməsini və ən nəhayət 30 illik işğalı Ordusunun gücü hesabına son çatdırandan sonra dövlət başçısı Minsk Qrupunun həmsədrləri ilə görüşündəki nitqinin sonunda səsləndirdiyi fikirlərlə Azərbaycanın regionda yaratdığı yeni geosiyasi proseslərin içində bu qurumu görmək istəməsini açıq və net şəkildə ifadə etməsi ATƏT-ə tərs sillə kimi yaddaşa həkk olundu.

Dövlət başçısı son bir neçə cümləsində diqqət çəkən iki məqamı diqqətə çatdırmaq istəyirəm:  ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana dəvət edilmədiyinin, görüşə onların məhz özlərinin təşəbbüs göstərdiklərinin xüsusi olaraq Əliyev tərəfindən vurğulanması və onlara öz fikirlərini kameralar önündə səsləndirmələri üçün “imkan yaradılması” o demək idi ki, bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prosesdə hər hansı bir formada iştirakı Azərbaycana ümumiyyətlə lazım deyil və görüş sadəcə dəvətsiz qonağa olan münasibətdən baş tutdu. Bununla da İlham Əliyev Azərbaycanda ATƏT-in Minsk Qrupunun həmsədrlərinə güvənəcək, etimad göstərəcək, hətta nə zamansa belə bir istəkdə bulunacaq kimsə qalmadığı ilə bağlı açıq mesaj vermiş oldu

ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun erası Bakı üçün artıq bitib. Bundan sonra nə işlə məşğul olacaqları Azərbaycanı heç maraqlandırmır. Buna görə ermənilər narahat olsunlar, çünki bu qurum əlini hansı məsələnin üzərinə qoyubsa, o məsələnin sonu heç də arzuladıqları şəkildə yekunlaşmayıb. Necə ki, 2014-cü ildə Ukraynadakı münaqişənin nizamlanması ilə “məşğul olurdular”. Nəticə?!  Bu gün Şərqi Avropada Rusiya ilə Ukrayna arasında dəhşətli hərbi cinayətlərlə zəngin müharibə davam edir və nə zaman dayanacağı da çox böyük sual olaraq ortada.

Məşhur filmdə deyildiyi kimi, “bunlardan adam olmayıb, olmayacaq”. Azərbaycanın 3 dövlətin həmsədrliyi ilə 25 ildir sürən nəticəsiz danışıqların formatının dəyişdirilməsini ifadə etməyə tam hüququ olduğu halda hər vəchlə buna mane olub münaqişənin həllini yubadan məgər ATƏT-in yaratdığı o saxta missionerlər deyildilər?!

Gördüyümüzə və faktlara əsasən yekunda onu deyə bilərik ki, Fransa başda olmaqla bu qurumun yaratdığı missiyanın həmsədrləri Qarabağ məsələsində problemin həllinin deyil, münaqişənin bir hissəsi olduqlarını dünən də göstərdilər, bu gündə göstərməkdədirlər, sabah da göstərəcəkləri istisna edilmir. 

Ona görə də bu gün ATƏT-in Azərbaycanla sərhədə müşahidəçi göndərmək qərarı işğalçını dəstəkləmək amaclı bir addımdır. Bu addımın ən böyük zərərini sülh danışıqlarını manipulyasiya edən Ermənistan hərbi-siyasi rəhbərliyinin növbəti səriştəsiz qərarı və istəyi nəticəsinə erməni xalqının çəkəcəyinə şübhə yeri də yoxdur. (Milli.az)