vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
MUSİQİ  
11:44 | 14 dekabr 2022 | Çərşənbə Məqaləyə 8472 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xoşbəxt olmaq üçün sehrli toxunuş

Filarmoniyada Niyazinin sənət işığında

HƏMİDƏ

14.12.22 - Filarmoniyada Niyazinin sənət işığında...


Hələ gəncliyindən seçkin fəaliyyəti ilə musiqinin müxtəlif istiqamətlərində özünəməxsus araşdırmalar edən Niyazi atası Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasının, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını (“Xumar oldum”, “Qaragilə”, “Ay bəri bax”, “Küçələrə su səpmişəm” və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə “Rast” və “Şur” muğamlarını nota salıb. “Zaqatala süitası”, ikihissəli “Qəhrəmanlıq” simfoniyası kimi əsərləri də musiqi xəzinəmizə bəxş edib.

Niyazinin 1942-ci ildə yazdığı “Xosrov və Şirin” operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Sənətkarın “Rast” simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə seçilir. “Rast” müəllifin rəhbərliyi ilə bir çox xarici ölkələrdə səslənib, Çexiyada, ABŞ-da qrammofon valına yazılıb.

Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Koroğlu” operası dünya musiqisi xəzinəsinə daxil olub. Niyazi böyük Azərbaycan bəstəkarları Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayev və Cövdət Hacıyevin “Vətən”, Fikrət Əmirovun “Sevil”, eləcə də Soltan Hacıbəyovun “Gülşən”, Qara Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərini tamaşaya hazırlayıb.

Dirijorun o vaxtkı Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunması dövrünə xüsusi nəzər salan musiqişünas bildirdi ki, SSRİ-nin ən məşhur teatrlarında fəaliyyəti Niyazinin böyük nüfuzundan xəbər verirdi. Həmin dönəmdə Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlaması, Parisin “Qrand-Opera”, Londonun “Kovent-Qarden” teatrlarında qastrol tamaşaları verməsi təkcə musiqiçinin deyil, ümumən xalqımızın uğuru idi.

Əhatəli təqdimatın ardınca söz klassik musiqiyə verildi.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Xalq artisti Rauf Abdullayev) ifasında Niyazi yaradıcılığının şah əsəri sayılan “Rast” simfonik-muğamını dinlədik.

Tamaşaçılar bu böyük orkestrə müxtəlif zamanlarda dirijorluq etmiş hər iki təkrarsız sənətkarı – Niyazini və Rauf Abdullayevi birlikdə alqışladılar. Dəqiqələrlə alqışlanan musiqi ilə bərabər musiqiçi (dirijor) sırası Mustafa Mehmandarova keçdi. Onun əmin və sərbəst idarəsində “Vətən haqqında nəğmə” səsləndi. Beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım-Nicat (tenor) bizi ahəngdar səsi ilə ovsunladı.

“Xosrov və Şirin” operasından “Şirinin ariyası” Fatimə Cəfərzadənin (solist soprano) ifasında bir qadının sevda yükünü necə zərif və zövqlü çəkə biləcəyinin isbatı oldu.

Orkestrin ifasında Niyazinin “Çitra” baletindən süita, eləcə də “Arzu” əsəri Fatimə Cəfərzadə (dirijor Əməkdar artist Fuad İbrahimov), həmçinin Niyazinin işlənməsində “Qaragilə” xalq mahnısı xanəndə Nigar Cəlilovanın ifasında gecəyə ayrı bir ovqat bəxş etdi.

Dinləyiciləri yüksək ovqata kökləyən musiqi axşamı maestronun toxunuşları ilə daha da gözəlləşən “Qaytağı” ilə başa çatdı.