vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
PROBLEM  
15:36 | 29 oktyabr 2016 | Şənbə Məqaləyə 2646 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda hər an uça biləcək uşaq bağçası

Həm qaçqınlar yaşayır, həm körpələr...

Gülnar ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 114 saylı uşaq bağçası təmirsizlikdən qəzalı vəziyyətə düşüb və buradakı 60-dan çox uşağın həyatı təhlükə altındadır. Binanın üzlüyünü yağış, demək olar ki, yuyub aparıb, suvağın altındakı daşlar görünür. Uçuq-sökük tavanı və sınıq şüşələri binanın illərlə təmir üzünə həsrət qaldığını göstərir. Girişdəki çürümüş taxta dirəklərdən biri qopsa, bədbəxt hadisə qaçılmazdır. İçəridə də nəmişlik və təmirsizlik öz izlərini hər addımda göstərir.

Bağçanın hasarı müxtəlif yerlərdən uçurulduğundan bura istənilən şəxs istədiyi vaxt girə və çıxa bilir. Elə həyətdə avtomobillərin də saxlanıldığının şahidi olduq.

Sakinlərin sözlərinə görə, 20 ildən artıqdır ki, bağça binasının çox hissəsi məcburi köçkünlər tərəfindən tutulub. Uşaqların istifadə etdikləri yalnız bir neçə otaqdır. Həmin otaqlara daxil ola bilməsək də bağçaya uşaq gətirən valideynlər də təhlükəli vəziyyəti təsdiq etdilər.

Yaxınlıqda yaşayan sakinlər bildirdilər ki, artıq illərdir, təmir üzü görməyən bina əvvəllər paytaxtda ən yaxşı uşaq bağçalarından biri olub. Vaxtilə 12 məktəbəqədər hazırlıq qrupu olsa da, hazırda bağçada yalnız 3 belə qrup qalıb.

Müdiriyyətdən keç kimi tapa bilməsək də, işçilər dəfələrlə rəhbərlik tərəfindən təmir üçün müraciət olunduğunu, lakin binada yaşayan məcburi köçkünlərin yerləşdirilməməsi səbəbindən təmirin yubandığını dedilər:

«Binada 12 məcburi köçkün ailəsi məskunlaşıb. Buranın təmiri üçün onlar çıxarılmalı, bina boşaldılmalıdır. Görünür, buna görə təmir yubanır. Biz binanın içərisini öz daxili vəsaitimiz hesabına hər il yüngülvari təmir edirik. Amma bizə yanvar ayından təmir olunacağını deyiblər», - deyə mətbəxdə çalışan əməkdaş bildirir.

Tərbiyəçilər isə binanın xarici görünüşünün təhlükəli olmasını etiraf etsələr də, içərisinin qəzalı vəziyyətdə olması ilə razılaşmırlar: «Binanın çölü qəzalı vəziyyətdədir, içərisi təmirlidir. Yaxşı olar ki, siz başqa vaxt müdir burada olanda gələsiniz, biz əlavə heç nə deyə bilmərik», - deyə özünü təqdim etməyən tərbiyəçi bildirir.

Uşaq bağçasının Ağdam rayonundan məcburi köçkün düşmüş sakinləri həyatlarından o qədər də narazılıq etməsələr də, illərdir köçürüləcəkləri günü gözlədiklərini dedilər. Bağçanın birinci mərtəbəsində məskunlaşmış Tahirə Məmmədovanın sözlərinə görə, gəlib yaşayışları ilə maraqlanan yoxdur:

«Şükür Allaha, yaşayırıq, amma elə bil hamının yadından çıxmışıq. 6 nəfər bir otaqda qalırıq. Heç kim demir ki, burada nə gəzirsiniz? Allah göydən baxır, pis yaşamırıq, qazımız, işığımız verilir, çöldə qalmamışıq. Amma biz də istəyərdik ki, öz evimiz olsun».

Digər məcburi köçkün Əşrəf Həsənovun sözlərinə görə, onları buradan cəmi bir dəfə köçürmək istəyiblər. Onda da sakinlər verilən məbləğlə bağlı razılığa gəlməyiblər:

«21 ildir burada yaşayırıq. Qocalmışam, bu gün-sabah ölüb gedəcəyəm, amma narazı gedəcəyəm ki, balamın evi yoxdur. Elə bil bura tilsimə düşüb. Bir dəfə gəlib maraqlandılar və hərəmizə 6 min manat pul təklif etdilər. Bizim bu qaçqınlar istəyirlər ki, milyonçu olsunlar. Biri dedi maşın da almaq istəyirəm, biri dedi təzə arvad almaq istəyirəm. Dedim gəlin bu pulu götürək, gedək, özümüzə bir ev tikək, amma getmədilər. Ona görə hələ də bu uçuq-sökük uşaq bağçasına sığınıb yaşayırıq», - deyə Ə.Həsənov bildirdi.