vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
Rusiya Azərbaycana gizli cəbhə açdı 20:51 | 7 fevral 2022 | Bazar ertəsi Məqaləyə 778 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya Azərbaycana gizli cəbhə açdı

Qarabağdakı təxribatlar kimin sifarişidir?

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya ilə Ukrayna arasındakı gərginlik hərbi savaşdan çox dünya gücləri arasında iqtisadi güc nümayişinə çevrilib. Bu cür süni müdaxilələr qiymət artımı ilə nəticələnir ki, bunun fəsadlarını dünyada hiss etmək mümkündür.

Məhz buna görə də, Ukraynada münaqişənin kəskinləşməsi halında Qərbin sanksiyalarına cavab olaraq Rusiyanın Avropaya qaz tədarükünü kəsə biləcəyindən çəkinən Avropa Komissiyasının energetika üzrə komissarı Kadri Simson alternativ variantları gözdən keçirmək və onların arasında ən uyğununu seçmək üçün bütün imkanlarını səfərbər etdi. Aİ fövqəladə vəziyyətdə qaz tədarükünü təşkil etmək ümidi ilə Azərbaycana nümayəndə heyəti göndərməyi ən uyğun seçim hesab etdi. Kadri Simsonun Avropaya qaz tədarükünün artırılması imkanlarını müzakirə etmək üçün fevralın əvvəlində Azərbaycanla danışıqlar aparmaq niyyətində olduğu ilə bağlı aparıcı KİV-lərdə məlumatların yayılmasından sonra bundan ən çox narahat olan tərəflərdən biri məhz Rusiya oldu.

Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığı zamanında təsdiqləmək üçün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısını fürsət hesab edən Avropa Komissiyasının energetika üzrə komissarı Kadri Simson da paytaxtımıza təşrif buyurdu. Azərbaycanın fövqəladə vəziyyət halında Avropaya daha çox qaz tədarük etməyə hazır olduğunu yaxşı anlayan Qərb, bu imkanı əldən vermək niyyətində deyil. Təbii ki, bu iş birliyi Azərbaycana daha çox qaz hasil etmək, eləcə də Cənub Qaz Dəhlizinin gücünü artırmaq imkanları açmış olacaq. Enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsi olan Cənub Qaz Dəhlizi eyni zamanda bütün ölkələrin milli təhlükəsizlik məsələsinə çevrilməkdədir.

Amma Azərbaycanın birdən-birə Avropanın enerji təhlükəsizliyi məsələsində bu qədər önə çıxması Rusiyanın xoşuna gəlmədi. Avropa üçün əsas qaz bazarı olan Azərbaycanın Qərbə qaz tədarükünü artırması ilə bağlı baş tutan danışıqların rəsmi Moskvanı narahat edəcəyi əslində gözlənilən idi. Amma Azərbaycan müstəqil siyasətindən imtina etmək, iqtisadi imkanlarını daha da genişləndirmək planlarını məlum olmayan müddətə kimi təxirə salmaq fikrində deyil. Gələcəkdə Azərbaycan tranzit imkanlarını daha da çoxaldacaq. Bu imkanı rəsmi Bakı düzgün dəyərləndirməklə digər mənbələrdən də qazın Azərbaycan ərazisindən və yaxud da ki, Cənub Qaz Dəhlizindən Avropaya çatdırılmasıba nail ola bilər.

Əlbəttə, baş verən son proseslər Azərbaycanın geosiyasi çəkisini, iqtisadi nüfuzunu artırır. Çünki Mərkəzi Asiya - Cənubi Qafqaz istiqamətindən Azərbaycan yeganə ölkədir ki, Avropaya qaz çatdıra bilər. Lakin görünür, Rusiya imperialist niyyətini yenə gizlədə bilmir, yenə regionda və onun nüfuz dairəsinin daha çox olduğu yerlərdə əsas söz sahibi kimi çıxış etmək arzusundadır.

Rusiya Azərbaycana Qərblə əməkdaşlığa "HƏ" dediyi üçün elə ilk dəqiqələrdən rıçaqlarını işə salmağa başladı. Belə ki, öncə Azərbaycan maşınlarının qarşısını kəsib onu yoxlayan kontingent bu prosesə polis uniforması geyinmiş qanunsuz erməni silahlılarını cəlb etdi, ardınca kontingentin nəzarəti altında müvəqqəti səlahiyyət əraziləri hesab edilən yerlərdə qondarma rejimin qanunsuz silahlı birləşmələri yeni səngərlər qazmağa başlayıblar. Bu azmış kimi ardınca Tərtərdə Ermənistan silahlı birləşmələri bir neçə dəfə təxribata cəhd etdilər. Birdən-birə bu hadisələrlə Qarabağdakı müvəqqəti də olsa sabitliyi pozmaq istəyi sıradan bir məsələyə bənzəmirdi. Ard-arda bu təxribatların bir-birini əvəz etməsi öncədən planlaşdırılmış hadisədən başqa bir şey deyil.

Rusiya bununla Azərbaycana Avropaya qaz tədarükü ilə bağlı Aİ ilə razılığa gəlməyinə etiraz etdi də deyə bilərik, dolayısı ilə rəsmi Bakıya diş qıcadığı kimi də düşünmək olar. Rəsmi Moskva bununla Bakıya anlatmaq istədi ki, "Sən bizim rəqiblərimizlə "işbirliyinə" girərsənsə, biz də sənin düşməninin istəyini belə nəzərə alarıq". Amma bu məsələdə hər kəsin niyyəti də, məramı da aydındır.

İstənilən halda bir şey açıq-aydın ortada: Rusiya Azərbaycanın Avropanın soyuqdan donmaması üçün ona edilən qaz tədarükü ilə bağlı təklifdən imtina etməməsinə görə çox narahatdır. Amma rəsmi Moskva unudur ki, Azərbaycan analoji hadisəni bir neçə ay İranla da yaşadı və İlham Əliyev rəsmi Tehrana heç bir dövlətin, heç bir siyasi liderin bizim kimlə dostluq, əməkdaşlıq etməyimizə qarışa bilməyəcəyini başa saldı. Moskva anlamalıdır ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür, bundan sonra da bu, belə olacaq. Hər kəs bizim bu mövqeyimizə hörmət etməlidir, çünki biz heç kimin nə daxili, nə də xarici siyasətinə, kiminlə dostluq, əməkdaşlıq etdiyinə qarışmırıq. Bu məsələdə qəti mövqeyimizi bir neçə ay əvvəl dövlət başçımız Tehrana verdiyi mesajla əslində regionda söz sahibi olan digər dövlətlərə, başçılarına da ünvanlamış oldu. İran rəsmiləri də görüncə ki, Azərbaycan mövqeyində zərrə qədər də olsun hər hansı bir dəyişiklik etmək fikrində deyil, ondan sonra rəsmi Bakının nümayiş etdirdiyi qətiyyət qarşısında boyun əyərək, mövqeyimizi qəbul etmiş oldu.

İndi Rusiya addımı ilə əslində Tehranın səhvini təkrarlamış oldu. Sülhməramlıların Azərbaycan vətəndaşlarını yoxlamaq üçün qanunsuz erməni silahlısını özləri ilə prosesə cəlb etməsi və bu kadrları məhz kontingentin yayması şübhəsiz ki, sırf rəsmi Bakını qıcıqlandırmaq məqsədindən başqa bir şey deyil. 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən bu vaxta kimi artıq çoxdan Qarabağdakı müvəqqəti səlahiyyət zonalarından təmizləməli olduqları qanunsuz erməni silahlılarını indiyə kimi oranı tərk etməmələri üçün əlindən gələni etməkləri azmış kimi, separatçı dəstə üzvlərini ərazilərin sahibi olan Azərbaycan vətəndaşlarının qarşısını kəsib, onları yoxlamaq prosesinə cəlb etməyin başqa adı yoxdur. Təbii ki, sülhməramlıların havadarlığı ilə bu cür xoşagəlməz hadisələrin Qarabağda bundan sonra təkrarlanacağı da istisna edilmir.

Avropa Birliyi ilə Rusiya arasında Ukrayna ətrafında yaranmış gərginlik fonunda yaranacaq qaz probleminə görə məsuliyyəti Azərbaycan daşımır. Rəsmi Bakı bu prosesləri sırf iqtisadi maraqları, ölkəsinin gələcəyi kodeksində yanaşır ki, bu siyasətinə görə heç kim onu ittiham edə, ona təzyiq göstərə bilməz. Elə məhz Rusiya Azərbaycanı bu cür siyasətinə görə açıq ittiham etməyin, ona qarşı açıq cəbhə almağın ziyanına işləyəcəyini anladığı üçün, bunu Qarabağda sülhməramlı vasitəsilə rəsmi Bakıya hiss etdirməyə çalışdı.

Lakin məqsədimiz bəllidir, rəsmi Bakı kartlarını açıb. Azərbaycan geosiyasi çəkisini, iqtisadi nüfuzunu artırmaqda, Avropada və dünyada söz sahibi olmaqda maraqlıdır. Digər tərəfdən bu amil Azərbaycanın enerji təminatçısı qismində rolunu bəlkə də misilsiz edir.

Qaz tədarükünün artırılması məsələsi təbii ki, Azərbaycanın xarici siyasətinə, iqtisadiyyatına böyük təsir göstərəcək və Azərbaycanın geosiyasi mövqelərini daha da möhkəmləndirəcək. Bununla belə Azərbaycan qonşuları ilə balanslı, dostluq, əməkdaşlıq siyasətinə sadiq qalan az saylı dövlətlərdəndir. Həm Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, həm də Azərbaycanın Qərbdə nüfuzunun daha da qaldırılmasında, ölkəmizin büdcəsinə yüz milyardlarla dollar vəsaitin daxil olmasında bu dəhlizin son dərəcə böyük əhəmiyyəti olacaq ki, rəsmi Bakı bu fürsətdən maksimum yararlanmaq niyyətindədir.