vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9479 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2135 AZN
Türk lirəsi 1 TRY = 0.3020 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər  bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
10:00 | 19 dekabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2226 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsrailin Azərbaycana ehtiyacı yaranıb

Dost-tərəfdaşlar üçün yeni Qüds sınağı - «qızıl orta»nı necə tapmalı?

Siyasət şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı məlum qərarı «arı yuvasına çöp» soxmaq kimi bir effekt yaratdı. Dost-müttəfiqlərin yenidən səf-nəzər edilməsinə səbəb oldu. Görünən budur ki, ələlxüsus, qardaş ölkə Türkiyənin İsraillə əlaqələri növbəti və ciddi sınaqla üzləşib. Tərəflər arasında başlayan və artıq hədə ritorikasına keçən söz dueli buna sübutdur.

Bu da növbəti fakt. İsrailin müdafiə naziri Aviqdor Liberman deyib ki, İsrail hökuməti Türkiyə ilə iqtisadi əlaqələri yenidən nəzərdən keçirməlidir. Bu barədə o, özünün «Facebook» səhifəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Qüdslə bağlı açıqlamasını şərh edərkən yazıb.

«Son aylar ərzində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan istənilən bəhanədən istifadə edərək İsrailə qarşı təhrikçi bəyanatlar verir. Fikrimcə, biz Türkiyə ilə münasibətlərimizdə çox şeyə yenidən baxmalıyıq» - nazir bildirib. Liberman İsraildən Türkiyəyə, oradan da Avropaya gedəcək qaz boru kəmərinin inşasına qarşı olduğunu da deyib: «Düşünürəm ki, bu, böyük strateji yanlışlıq olardı. Obrazlı desək, qaz borumuzun «ventili» Ərdoğanın əlində olacaq».

 

***

 

Xatırladaq ki, iki gün öncə Rəcəb Tayyib Ərdoğan Trampın qərarına etiraz olaraq, Türkiyənin İsraildəki səfirliyini Təl-Əvivdən Şərqi Qüdsə köçürəcəyini bəyan edib. «Biz artıq Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı elan etmişik. Yaxın günlər ərzində səfirliyimizi də açacağıq», - deyə o vurğulayıb. Bundan bir neçə gün qabaq isə İstanbulda Ərdoğanın ev sahibliyi ilə Qüds zirvəsi keçirilib və Trampın məlum qərarı sərt şəkildə pislənib. Ərdoğan həmçinin İsraili «terrorçu dövlət» adlandırıb.

Beləcə, bu günə yekun belədir ki, Trampın qərarından onsuz da kövrək olan Türkiyə-İsrail münasibətləri ən çox zərər görməkdədir. Avidqor Libermanın son açıqlaması isə göstərir ki, bu neqativ proses hələ bitməyib. Odur ki, bir sual açıq qalır: Qüds ətrafında situasiyanı süni şəkildə gərginləşdirmək kimə lazım idi - Amerikayamı? Gerçəkdənmi Ağ Ev bunun uzaqgedən nəticələrini hesablamayıb və Ankaranın yəhudi dövləti ilə münasibətlərini pozmaq hədəfi güdüb? Belədirsə, onda niyə pozmaq istəyib? Axı Türkiyədə hakimiyyətdə AKP olmasa belə, Qüds məsələsində qardaş dövlətin mövqeyi daşlaşıb və burada siyasi bazarlığa gedəcək qüvvə yoxdur.

 

***

 

Bir şeyi əminliklə söyləmək olar ki, Türkiyə-İsrail gərginliyi ermənilərin və erməni lobbinin maraqlarına cavab verir. Həm də o səbəbə ki, belə situasiya İsraillə yaxşı əlaqələrə malik Azərbaycana da diskomfort yaradır. Çünki İsrail ölkəmizin strateji tərəfdaşı, hərbi-texniki sahədə geniş əməkdaşlıq etdiyimiz bir neçə mühüm dövlətdən biri, Bakı-Ceyhan neftinin alıcılarındandır.

Azərbaycan ordusunun hərbi və döyüş qabiliyyətinin artırılmasında bu tərəfdaşlıq böyük önəm kəsb edir. Söhbət həm də son illər bəzi döyüş sistemlərinin birgə istehsalının qurulması sahəsində əldə olunmuş uğurlardan gedir - hansı ki, ötən ilin aprelindəki «4 günlük müharibə» zamanı özünü qabarıq şəkildə göstərib.

Doğrudur, Azərbaycanın silah tədarükçülərindən biri olmasından İsrailin özü də böyük mənfəət qazanır. Ancaq Türkiyə ilə, əksər İslam dövlətləri ilə, İƏT-lə gərginləşən münasibətlər istər-istəməz, bu sferaya da dolayı təsirini göstərə, neqativ rəngini qata bilər ki, bundan da İsrail büdcəsi ziyan görər.

Bu mənada Türkiyə-İsrail ilişgilərinin kritik həddə gəlməməsi əslində hamıdan çox yəhudi dövlətinin marağında olmalıdır. Qüds qərarının bu xüsusda zaman və şərtlər etibarilə əsla yerinə düşmədiyini etiraf eləmək lazımdır.

Bundan başqa, İsrail qazının Türkiyə, TANAP və TAP vasitəsilə Avropaya çıxarılması ilk növbədə İsrailin özünün faydasınadır. Çünki bu, ən əlverişli marşrutlardan biri hesab olunur. TANAP və TAP isə Azərbaycanın «Şahdəniz -2» qazını Avropa bazarlarına daşıyacaq Cənub Qaz Dəhlizinin əsas seqmentləri sayılır. Gələcəkdə İsrail, İran və türkmən qazı da bu kəmərlə nəql edilə bilər ki, bu da kəmərin rentabelliyinin artması demək olar.               

 

***

 

Əlavə edək ki, İsrailin indiki müdafiə naziri Avidqor Liberman həm də Azərbaycanın lobbiçiliyini edən siyasətçilərdən biridir. Bakı bu lobbiçiliyi həmişə qiymətləndirir. Yəhudi lobbisinin qlobal siyasətə, ABŞ-ın xarici siyasət kursuna təsiri də məlumdur. Fəqət, Libermanın Türkiyə əleyhinə son statusundan, neqativ planda təəssüf ki, Azərbaycana da «pay» düşür. Bakı üçün seçim problemi olmasa da, «qızıl orta» problemi yaradır. Səbəbini izah elədik.

Hərçənd «qızıl orta» məsələsi artıq İsrailin də problemi olmalıdır. Çünki böyük oyunda karta indi həm də yəhudi  dövlətinin geosiyasi və iqtisadi maraqları qoyulub. Yəni bumeranq effekti. Türkiyə və Azərbaycanın isə İslam aləmində artan yeri və nüfuzunun, habelə bu ölkələrdəki yəhudi icmasının mövcudluğunun, nəhayət, iki qardaş ölkənin yəhudi dövlətini diplomatik münasibətlərdə olduğu tək-tük müsəlman ölkələri olması faktının İsrail üçün məxsusi önəmi var. Bunu da İsrail rəsmiləri ciddiyə almaya bilməzlər.

Diqqətçəkicidir ki, Türkiyə mövzusunda sərt danışan A.Liberman uydurma erməni «soyqırımı» iddiasının İsrail tərəfindən tanınması məsələsində ənənəvi soyuqqanlı mövqe ortaya qoyub - həm də Bakı ilə münasibətlərə görə. Sitat: «Türkiyəyə qarşı cavab addımı kimi «erməni genosidi»nin rəsmi Təl-Əviv tərəfindən tanınması istisnadır. Mən düşünmürəm ki, biz bu məsələni araşdırmalıyıq. Ən əvvəl bu, mübahisəli, tarixi və nəzəri məsələdir. İkincisi də bizim Bakı ilə, Azərbaycanla əlaqələrimiz sözsüz ki, bizdən ötrü mühümdür».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *