vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
PROBLEM  
14:25 | 28 oktyabr 2019 | Bazar ertəsi Məqaləyə 4056 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gözəllik qurbanları ...

Yaxud estetik əməliyyat niyə öldürür?

Xalidə GƏRAY

Bu günlərdə daha bir gənc qadın estetik əməliyyat zamanı dünyasını dəyişib. Belə ki, oktyabrın 24-də “MedAura” klinikasında 37 yaşlı Pərvanə Ağayeva keçirdiyi estetik əməliyyat zamanı anesteziya edildikdən sonra dünyasını dəyişib.

Son zamanlar tez-tez estetik əməliyyat zamanı və yaxud sonra pasiyentlərin dünyasını dəyişdiyini eşidirik. Çox təəssüf ki, onların arasında yeniyetmələr də, gənclər də, yaşlılar da var. İki ay öncə Bakıda 16 yaşlı oğlan rioplastika əməliyyatı zamanı dünyasını dəyişmişdi.

Bəs problem həkimlərin səhlənkarlığı, yoxsa əməliyyat riski ilə bağlıdır? Daha çox hansı estetik əməliyyat həyat üçün risklidir?

Mövzu ilə bağlı tanınmış plastik cərrah Elnur Mehrəli mətbuata danışıb. O deyib ki, bütün əməliyyatlarda risk faktoru olsa da, estetik, plastik əməliyyatların arealına daxil olan -  istər burun, istərsə də üz, sinə, piy çıxarma, cavanlaşma və s. -  əməliyyatlarının risk faktoru digər sağlamlıq üçün edilən əməliyyatlardan daha azdır: “Hər bir xəstəni əməliyyata götürərkən onun özünə və yaxınlarına narkozla, eləcə də əməliyyatın özündə yarana biləcək hər hansı bir risklə bağlı məlumat verilməlidir. Estetik əməliyyat düzgün aparılarsa, heç bir təhlükə olmaz. Belə deyim, bir neçə faktor var ki, biz xəstəni əvvəlcədən hazırlayırıq.

Məsələn, pasiyentin o vaxta kimi keçirmiş olduğu xəstəliklərə baxılır, genetik xəstəliklər araşdırılır, qan xəstəlikləri, şəkərli diabet, daşıyıcı xəstəliklər və s. lazım olan bütün müayinələr edilir. Xəstə bütün analiz və müayinələrdən keçdikdən sonra əgər əməliyyata uyğundursa, biz onu əməliyyata götürürük. Hətta elə olur ki, xəstə gəlir və onda qan azlığı, ya digər bir xəstəlik aşkarlanır, bu zaman biz həmin xəstəni müalicə olunmağa göndəririk. Daha sonra yenidən müayinələr aparılır, əgər həmin xəstəlik aradan qaldırılıbsa, bu zaman biz o xəstəni təzədən əməliyyata götürürük. Elə olur ki, xəstə gəlir və biz görürük ki, onun ürəyi, bədəni narkozun verilməsinə uyğun deyil. Bu zaman onu qətiyyən əməliyyat etmək olmaz. Başqa xəstələrdə risk 5-10 faizdirsə, həmin xəstələrdə 95 faizdir".

Həkim bəzi həmkarlarının səhlənkarlığından da söz açıb: “Bəzi həkimlərin müayinəsiz, tələm-tələsik etdikləri əməliyyat çox təəssüf ki, ağır fəsadlara, ölüm halının baş verməsinə səbəb olur. Buna görə də son zamanlar cəmiyyətimizin psixologiyası plastik əməliyyata qarşı çevrilib. Amma məsləhət görürəm ki, pis fikirləri beynimizdən çıxaraq. Çünki daxili orqanların və digər əməliyyatların riski estetik əməliyyatlardan olduqca çoxdur. Sadəcə bu əməliyyatları düzgün aparmaq və xəstələri buna hazırlamaq lazımdır”.

Qeyd edək ki, plastik əməliyyatlardan heç də hamısı uğurlu olmur. Belə ki, xarici mütəxəssislərin hesablamalarına görə, hər 100 plastik əməliyyatdan 10-u uğursuz başa çatır.

Bəzi ekspertlər bildirir ki, problemin əsas səbəblərindən biri də Azərbaycanda pasiyentlərin psixoloq rəyi almadan birbaşa estetik cərrahla təmasda olması, əməliyyata girməsidir. Hansı ki, dünyanın demək olar ki, əksər ölkələrində pasiyentlər mütləq şəkildə psixoloq rəyi aldıqdan sonra əməliyyata girə bilir.

Sovet dövründə plastik əməliyyatlar çox az olub. Əsasən Moskvada mərkəzi klinikalarda bu cür əməliyyatlar aparılırdı və orada nəinki hər tərəfli müayinələr, həm də mütləq şəkildə psixoloqun icazəsi tələb olunurdu. Bu gün isə bu sistem demək olar ki, yoxdur.

Bəs ən çox müraciət olunan estetik əməliyyat hansıdır?

Məlum olub ki, dünyada ən çox müraciət edilən plastik əməliyyat “ritidektomiya”, sifət və boyun dərisinin dartılması əməliyyatıdır. Bu əməliyyat növü ötən əsrin əvvəllərində Avropada yaranıb, lakin uzun müddət gizlin saxlanılıb.

“Liposaksiya”, bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyat növü də dünyada geniş yayılmağa başlayıb. Bu əməliyyat isə ilk dəfə 20 il əvvəl Fransada yaranıb.

“Rinoplastik” burun əməliyyatları isə artıq adiləşməyə başlayıb. Bu əməliyyat zamanı burun kiçildilib, böyüdülür, yenidən formalaşdırılır, kiçik donqar götürülür, burun ucu incəldilir və s. Burun plastikasının Hindistan növü artıq 5 min ildir ki, mövcuddur.

Araşdırmalara görə, ölkəmizdə ən çox müraciət edilən plastik əməliyyat isə “rinoplastik” əməliyyatdır. Sonrakı sırada üz cizgilərinin dəyişdirilməsi, o cümlədən qırışların açılması, üzün və göz qapaqlarının dartılmasıdır.

Digər sırada isə silikondan istifadə ilə süd vəzilərinin böyüdülməsi, ayaqların kökəldilməsi, sağrı nahiyəsinin böyüdülməsidir. Bu əməliyyat plastik əməliyyatlar içərisində ən bahalı olanıdır.

Son vaxtlarda isə dərialtı piylərin xaric edilməsi əməliyyatları dəb halını almağa başlayıb. Botoks əməliyyatına gəldikdə isə təəssüflə qeyd etmək lazımdır ki, bu əməliyyat dünyada 45-50 yaşlı insanlar arasında aparılsa da, ölkəmizdə daha çox gənclər bu əməliyyata müraciət edir. Ən təhlükəsi isə bu əməliyyatın daha çox gözəllik salonlarında, qeyri-peşəkarlar tərəfindən aparılmasıdır. Buna görə də tez-tez botoks əməliyyatından həyatı təhlükəyə düşən insanlar haqqında məlumatlara rast gəlirik.

İlk estetik əməliyyata girən və dünyasını dəyişənlər sırasında azərbaycanlı məşhurlar da var.

Azərbaycanda ilk dəfə plastik cərrahiyyə əməliyyatı keçirən məşhur Xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızı olub. O, burnunu əməliyyat etdirib. Onun ardınca Xalq artisti, müğənni Flora Kərimova əməliyyat stoluna uzanıb. İfaçı SSRİ dövründə iki dəfə plastik əməliyyat etdirib və hər iki əməliyyat Gürcüstanda baş tutub.

Məşhur Azərbaycan müğənnisi Nəzakət Məmmədovanın isə plastik əməliyyat etdirməsi həyatı bahasına başa gəlib. Rusiyanın Soçi şəhərində Anatoli Karol adlı plastik cərraha müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyərkən, bıçağın boğazdakı şah damara dəyməsi onun ölümünə səbəb olub. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib.

Müğənni Reyhan Müslümova isə plastik yolla çəkisini azaltmaq istəsə də, buna nail olmur. Əməliyyat stolunda keçinən müğənniyə əvvəlcədən şəkərinin çox olması səbəbindən ölə biləcəyi xəbərdarlığı edilsə də o, buna məhəl qoymayıb. Və elə əməliyyat stolundaca dünyasını dəyişib.