Generalın onu “nişan alan” ermənilərə sillə cavabı
“Onların 35 km vura biləcək artilleriyaları belə yoxdu”
Bu gün Azərbaycan ordusunun yeni təlim mərkəzinin istifadəyə verilməsi münasibəti ilə keçirilən tədbirdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov jurnalistlər üçün brifinq keçirib. Onların təmas xəttindəki vəziyyət və Ermənistan tərəfinin son zamanlar hərbi planda təcavüzkar əməllərin sayını artırması barədə suallarına cavab verib.
Müdafiə naziri Ermənistanın Rusiyadan “SU-30SM” qırıcıları alması barədə məsələni şərh edərək deyib ki, Azərbaycan daha effektiv aviasiya vasitələrinə malikdir.
“Ekspertlər əmindir ki, yeni “SU-30SM” qırıcıları bizim regiondakı hərbi əməliyyatlar teatrında faydasızdır. Azərbaycanın silahlanmasında yer alan aviasiya vasitələri isə bu məqsədlər üçün daha əlverişlidir. Onlar modernizasiya olunub və yeni növ silahlarla təchiz edilib”-nazir deyib.
Zakir Həsənov bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibinin onun barəsində dediklərinə də cavab verib.
Nazir qeyd edib ki, həmin vaxt o Beyləqan rayonunda təmas xəttindən 35-38 km. məsafədə yerləşən hərbi hissələrə baş çəkmişdi. “Onlar məni hansı silahla hədəf almışdılar ki, məni qorxutdular və cəbhə xəttindən qaçdım? Erməni ordusunda elə texniki vasitə yoxdur ki, onlar mənim hərəkətimi 35 kilometr məsafədən izləsinlər. Onlarda heç bu mənzilli artilleriya da yoxdur. Bizdə isə bu cür texniki vasitələr və silahlar var. Qriqoryanlar, Mxitaryanlar, Qardaşyanlar-bunlar hamısı bir tipdir, onların dediklərinə fikir verməyin”-Zakir Həsənov deyib.
Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan müdafiə nazirinin təmas xəttinə baş çəkərkən erməni bölmələri tərəfindən hədəfə alındığını, nazirin bunu görərək tələsik cəbhə xəttini tərk etdiyini demişdi.
Zakir Həsənov habelə Ermənistan müdafiə naziri David Tonoyanın təmas xəttində Azərbaycan ordusunun əsgərinin vurulması əmrini şəxsən verməsi və “qisas əməliyyatını” yerinə yetirən hərbçilərin mükafatlandırılması barədə məsələdən danışıb.
“Tonoyanın hərəkəti ucuz siyasi gedişdir. İnanın, müəyyən məqamlarda mən detallara vara bilmərəm. Ancaq onu deyə bilərəm ki, erməni tərəfinə misilləməsi ilə cavab verilib. Yaxın günlərdə siz bu hərəkətin əks-sədasını eşidəcəksiniz”-müdafiə naziri bildirib.
Nazir onu da deyib ki, Azərbaycan ordusunda aparılan islahatlar uğurla davam edir, ordu inkişaf edir. Bununla bağlı, sübutlar var. Orduya müasir silahlar alınır və bununla bağlı ictimaiyyət məlumatlandırılır. Müdafiə naziri vurğulayıb ki, ötən il Azərbaycan ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir olub.
Z.Həsənov bildirib ki, 2016-ci ilin aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın edib: “Ermənilər məcbur olub atəşkəs üçün ruslara müraciət etdilər”.