vaxtlı-vaxtında oxuyun! Şənbə, 19 sentyabr 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
11:21 | 16 iyul 2020 | Cümə axşamı Məqaləyə 184 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq”

“Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib”

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlətimizin başçısı iclasda geniş nitq söyləyib. Prezident altı ayın sosial-iqtisadi yekunlarının müzakirəsinə keçməzdən öncə son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş hadisələr haqqında ətraflı danışıb.

Prezident bu məsələnin iki gün öncə Təhlükəsizlik Şurasının toplantısında müzakirə olunduğunu diqqətə çatdıraraq Ermənistanın 12 iyulda sərhəddə başlatdığı təxribata  qəti şəkildə cavab verildiyini bildirib: “Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın. Eyni zamanda, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti qurumlara göstəriş verilib ki, bütün beynəlxalq təşkilatlar Ermənistanın bu diversiyası ilə əlaqədar məlumatlandırılsın, bu hadisə haqqında dolğun məlumat verilsin... Bir daha demək istəyirəm ki, görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Mən Təhlükəsizlik Şurasının toplantısında artıq demişdim ki, Azərbaycan əsgər və zabitlərinin qanı yerdə qalmamalıdır. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs oldu. Ancaq buna baxmayaraq, dünən və srağagün onlar tərəfindən yenidən çirkin addımlar atılmışdır, növbəti dəfə hərbi təxribat törədilmişdir və bu təxribat nəticəsində yenə də bir neçə hərbçimiz, o cümlədən general Polad Həşimov, polkovnik İlqar Mirzəyev həlak olmuşlar.

Bu gün səhər saatlarında general Polad Həşimovun anası Səmayə xanımla telefonla danışdım, ona başsağlığı verdim, Allahdan səbir dilədim. Onu əmin etdim ki, oğlunun, bizim qəhrəmanımızın qanı yerdə qalmayıb, onun qisası alındı və bundan sonra da alınacaqdır. Belə analara eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirib.

Bildirməliyəm ki, general Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdir. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordeni ilə təltif edilmişdir. Mənim tərəfimdən ona general rütbəsi verilmişdir. Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə bu gün söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib. Onların ailə üzvlərinə, yaxınlarına bir daha başsağlığı verirəm. Eyni zamanda, son günlər ərzində həlak olmuş bütün insanların yaxınlarına, qohumlarına başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, Allah yaralı hərbçilərimizə şəfa versin”.

Prezident vurğulayıb ki, Ermənistan tərəfin çirkin əməlindən, yüksək vəzifəli zabitlərimizin həlak olmasından sonra qisas əməliyyatının ikinci fazasının başlanması haqqında göstəriş verib: “Son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi. Bizdə olan məlumata görə, onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir”.

Dövlət başçısı daha sonra deyib: “Son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı.

Bu əməliyyat – son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır”.

 

“Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib”

 

Prezident vurğulayıb ki, Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz: “Biz istənilən vaxtda, lazım olan vaxtda bu günlərdə yaradılmış əlavə imkanlardan, o cümlədən döyüş məntəqələrinin yeni yerləşməsindən istifadə edib öz sözümüzü deyəcəyik. Aprel döyüşlərində olduğu kimi, mənfur qonşu bu dəfə də ən çirkin əməllərə əl atdı. O da nədən ibarətdir? Bizim kəndlərimizi atəşə tutdu və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Bu, bir daha onu göstərir ki, Ermənistan faşist dövlətdir”.

Dövlət başçısı qeyd edib ki, 90-cı illərin əvvəllərində Ermənistan məhz Azərbaycandakı hərc-mərclikdən istifadə edərək torpaqlarımızı işğal edib: “Torpaqların itirilməsi bir daha demək istəyirəm ki, o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər. O vaxt o bölgədə fəaliyyət göstərən Azərbaycan Xalq Cəbhəsinin batalyonları və onların komandirlərinin bir neçəsi xəyanət etmişlər. Baxmayaraq ki, onların tərkibində cəsur və Vətənə bağlı insanlar döyüşürdülər, öz canlarını qurban vermişlər. Ancaq o vaxt Azərbaycan Xalq Cəbhəsinin başında dayananlar nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək üçün torpaqları satdılar və beləliklə, o vaxtkı hakimiyyəti yıxa bildilər. O vaxt bizim torpaqlarımızın itirilməsi bilavasitə Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar fəaliyyəti ilə bağlıdır. Ona görə Ermənistan hər zaman bu imkanlardan faydalanıb. İndi də özləri gizlətmirlər ki, o vaxt Azərbaycanda xaos, anarxiya idi, onlar bundan istifadə edib torpaqlarımızı zəbt etdilər”.

Prezident Ermənistan tərəfin son hərbi təxribatının səbəblərindən bəhs edərək bildirib ki, birinci səbəb bu ölkədə hazırda mövcud olan siyasi və iqtisadi böhrandır: “Bu çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. KTMT-nin buna nə dəxli var? Birincisi, Azərbaycan, bir daha demək istəyirəm ki, Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nin bu işə nə dəxli ola bilər? Bu bir. İkincisi, bu addım onların acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-yə müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər”.

Prezident bildirib ki, Ermənistan bu cəhdi ilə heç nəyə nail olmayacaq, çünki KTMT-nin Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır: “Mən sual verirəm və bu sual hesab edirəm ki, ritorikdir. İndi nə oldu qaçıb, KTMT-nin ətəyindən yapışırsan. Cavab ver öz çirkin əməllərinə görə. Cavab vermisən və verəcəksən”.

 

“Xalq mənasız danışıqlardan bezib”

 

Dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu yaxınlarda Azərbaycan telekanallarına müsahibədə bizim prinsipial mövqeyimizi bir daha ifadə edib: “Azərbaycan xalqının bu mənasız danışıqlardan bezdiyini ifadə etdim. Ona görə bu məsələ ilə məşğul olanlar və bu günlər ərzində öz vasitəçilik təkliflərini irəli sürənlər bu haqda düşünsünlər, Azərbaycan xalqının səbri tükənməz deyil. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim bu məsələ ilə bağlı fikrimiz qətidir.

O ki qaldı, bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm... Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik”.

Prezident çıxışında beynəlxalq aləmin bu hadisələrə reaksiyasına da toxunub. Bildirib ki, təxribat törədiləndən dərhal sonra – ayın 12-də günorta saatlarında Prezident Administrasiyasına müvafiq göstərişlər verilib və bizim beynəlxalq təşkilatlardakı nümayəndələrin, o cümlədən parlamentlərarası təşkilatlardakı nümayəndələrin hər biri təlimat alıb və təmsil olunduqları təşkilatların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat verib.

 

“Diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi”

 

Eyni zamanda dövlət başçısı vurğulayıb ki, bizim diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi: “Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Düşmən ölkə ilə, bizimlə münaqişədə olan ölkə ilə COVİD-lə bağlı hansı danışıqlar aparıla bilər?! Bu, cəfəngiyyatdır. Yəni, nədir, biz Ermənistanla əməkdaşlığamı başladıq?!”.

Prezident xatırladıb ki, beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri təxminən son 17 il ərzində dəfələrlə təklif ediblər ki, Ermənistanla hansısa formada əməkdaşlığa başlayın, - humanitar, etimad tədbirlərinin gücləndirilməsi və digər: “Mən demişəm, biz buna hazır ola bilərik, ancaq biz danışıqlar prosesində tərəqqi görməliyik. Görməliyik ki, biz artıq addım-addım sülh razılaşmasına yaxınlaşırıq. Əgər bu yoxdursa, onda bu əməkdaşlığın nə mənası var? Bu əməkdaşlıq ancaq bizim ziyanımıza ola bilər. Bu gün də bu mövqedəyəm. Gedin, işğalçı dövlətə təzyiq edin, başına ağıl qoyun, nəhayət, sözünüzü deyin ki, onlar bizim torpağımızdan çıxmalıdırlar. Əgər bu baş tutacaqsa və belə bir perspektiv real görünəcəksə, bəli, biz ondan sonra hansısa addımların atılmasını təmin edə bilərik”.

Prezident bütün bu sadalananlar kontekstində son zamanlar Xarici İşlər Nazirliyinin fəaliyyətyinin qeyri-qənaətbəxş olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, iyulun 12-də hadisələr baş verən zamanı da bu bir daha özünü göstərib: “Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, - onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de. Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi?”.

 

“Hamı bilir ki, Azərbaycan haqlıdır”

 

Prezident beynəlxalq aləmin son olaylara münasibətindən danışarkən Türkiyənin prinsipial mövqeyini xüsusi qeyd edib: “Biz bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. İlk saatlardan Türkiyənin rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər, açıqlamalar verdilər. Dünən Prezident  Rəcəb Tayyib Ərdoğan tərəfindən çox önəmli açıqlama verildi. Ondan əvvəl Müdafiə naziri, Xarici İşlər naziri, Prezident Administrasiyasının nümayəndələri, deputatlar, ictimai fəallar. Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördü ki, biz əsl qardaşıq. Ona görə bir daha qardaş Türkiyə xalqına, onun Prezidentinə Azərbaycan xalqı adından və öz adımdan dərin təşəkkürümü bildirmək istəyirəm”.

Dövlət başçısı Azərbaycana dost, qardaş ölkə olan Pakistanın da birmənalı mövqe bildirməsini qeyd edib: “Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib. Fürsətdən istifadə edərək, Pakistan İslam Respublikasının rəhbərliyinə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin rəhbərlərinə - Qazaxıstan, Qırğızıstan, Türkiyə təbii ki, Özbəkistan rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, yəqin ki, Azərbaycan ictimaiyyəti bunu bilir, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatla çıxış edib. Bu təşkilatda 57 dövlət birləşir. Budur bizə göstərilən beynəlxalq dəstək. Qeyd etdiyim kimi, digər ölkələr, bəzi Avropa ölkələri öz rəsmi nümayəndələri vasitəsilə Azərbaycana dəstək ifadə etdilər. İndi baxın, görün Ermənistana kim dəstək göstərdi? Görməmişəm. Burada da təcrid vəziyyətindədir. Çünki hamı bilir ki, Azərbaycan haqlıdır. Bir çoxları bizim fəaliyyətimiz nəticəsində biliblər ki, bu çirkin təxribatı Ermənistan törətmişdir”.

 

“Bir qrup təxribatçı bu nəcib addıma kölgə salmağa çalışdı”

 

Prezident nitqində iyulun 14-də gecə Bakıda xalq kütlələrinin ordumuza dəstək nümayişi olan aksiyasına da toxunub: “Bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, əlbəttə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bayaq dediyim kimi, mənə ünvanlanan məktublarda gördüyümüz işlərə tam dəstək ifadə olunur. Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər - mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər xiyabanına gələndən sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub. İndi onların şəxsiyyəti araşdırılır. Bu təxribatçı qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər. Mən daxili işlər orqanlarına göstəriş vermişdim ki, insanların Şəhidlər xiyabanına gəlişini, onların təhlükəsizliyini təmin etsin, yol hərəkətini tənzimləsin. Ona görə Şəhidlər xiyabanına qədər bütün yol boyunca polis əməkdaşları öz vəzifə borclarını ləyaqətlə icra ediblər. Şəhidlər xiyabanında da insanlar yığışanda asayiş tam təmin edilirdi. Ancaq bir daha demək istəyirəm ki, bir qrup təxribatçı bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Təbii ki, daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Artıq onların şəxsiyyəti müəyyənləşdirilir. Onların hamısı məsuliyyətə cəlb ediləcək, bir nəfər də, - mən bu gün səhər dedim, - məsuliyyətdən boyun qaçıra bilməyəcək. Əlbəttə ki, ancaq qanun çərçivəsində onlara layiqli cəza veriləcəkdir”.

Prezident vurğulayıb ki, bəzi üzdəniraq qüvvələr Azərbaycanı 1990-cı illərin əvvələrinə qaytarmaq istəyir: “Bu olmayacaq. Onların fikri 1990-cı illərin əvvəllərinə getməsin. Azərbaycanın o vaxtkı hakimiyyətinin bədbəxtliyi də ondan ibarət idi ki, Xalq Cəbhəsi kimi çirkin, mənfur, qorxaq, satqın fərarilərdən qaçdı. O fərarilər ki, ondan bir il sonra hakimiyyəti qoyub qaçdılar.

Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Heç kim bizə göstəriş verə bilməz. Dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır. Yadınıza salın, o vaxt torpaqlar əldən gedirdi, burada parlamentin qarşısında mitinqlər təşkil edilirdi. Minlərlə insan yığışırdı, öz hiddətini ifadə edirdi. Ancaq nəticə etibarilə nə oldu? Torpaqlar əldən getdi... Bu çirkin ünsürlər indi burada vəziyyəti gərginləşdirmək istəyir. Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər”.

***

İclasda daha sonra gündəlikdəki məsələlər, sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran məsələlər müzakirə edilib.

Baş Nazir Əli Əsədov çıxış edərək pandemiya şəraitində hökumət tərəfindən görülən işlər, o cümlədən Operativ Qərargahın fəaliyyəti, yeni təcili tibbi yardım maşınlarının alınması, modul tipli yeni hospitalların quruması, yeni laboratoriyaların gətirilməsi barədə danışıb. Bildirib ki, hazırda laboratoriyaların sayı 30-a çatdırılıb və gündəlik test imkanları 10 mindən çoxdur. Yaxın zamanlarda əlavə olaraq laboratoriyaların sayı çoxaldılacaq və testlərin sayı 12-13 mini keçəcək. Qısa müddət ərzində 50 milyondan artıq maska Azərbaycana idxal olunub. Yerli istehsal təşkil olunub və nəticədə 10 milyona qədər maska istehsal edilib. Bu gün Azərbaycanda 14 milyondan artıq maska var və yerli istehsal davam edir. Türkiyə, Rusiya və Kubadan olan böyük təcrübəyə malik tibb mütəxəssislərindən ibarət heyətin Azərbaycana gətirilməsi və xəstəxanalarda bizim həkimlərlə birgə işləməsi təşkil olunub. Çinin bu sahədə ixtisaslaşmış həkimləri və ekspertlərindən ibarət tibbi heyət ölkəmizdə pandemiya ilə mübarizəyə və bizim həkimlərlə təcrübə mübadiləsinə cəlb ediləcək. Hazırda xarici ölkələrdən 200-ə qədər həkim Azərbaycandadır.

Daha sonra Baş Nazirin müavini Şahin Mustafayev,  Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev müvafiq mövzular üzrə çıxış ediblər.

Prezident İlham Əliyev iclasa yekun vuraraq qarşıdakı dövr üçün görüləcək işlərlə bağlı tapşırıqlar verib. Bildirib ki, ilk altı ayda investisiya proqramı 40 faiz səviyyəsində icra edilib və investisiya proqramı ilin sonunadək tam icra edilməlidir. Dövlət başçısı həmçinin son hadisələri də nəzərə alaraq hərbi xərclərə yenidən baxılacağını deyib: “Gələn ilin büdcəsində orduya nəzərdə tutulan xərclər ordumuzun təminatını tam görməlidir. Mən demişəm, ordumuzun inkişafı üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *