vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:44 | 29 may 2022 | Bazar Məqaləyə 1480 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Beşikdən məzara qədər – Azərbaycan-Turkiyə

Bir olacaq, hürr olacaq, iri olacaq, diri olacaq

Elçin MİRZƏBƏYLİ
Əməkdar jurnalist

MÖVZU İLƏ ƏLAQƏLİ

Elə yazılar var ki, şeir kimi yazılır! Sözlər ürəkdən süzülüb gəlir. Bir anda qarışıq duyğuların fırtınası qopur içində... Barmaqların macal tapıb sevgi, qürur, sevinc, fərəh... dolu, bir-biri ilə qanında, canında, düşüncəndə qol-boyun olan sözləri kompüterin yaddaşına köçürə bilmir. Ürəyin birdən-birə o qədər böyüyür ki, kölgəsinə sığınıb qalırsan... “Ürəyim dağa döndü” deyimi də sevincdən, fərəhdən vulkan püskürən duyğuların “lava”sından yaranıb yəqin... Yoxsa ürək necə dağa dönə bilər ki? 28 il ürəyimizə çəkilən dağla yaşamışıq... Biz ürəyin dağa dönməsini haradan biləcəkdik? Zəfərə qədər nəyimiz var idisə, yarımçıq idi... Hətta özümüzün, doğmalarımızın ən gözəl günlərində də xoşbəxt ola bilmirdik. Nəsə çatmırdı... Vallah... Hətta günü özünə gün ağlamaqla keçənlərin də, Vətən sevgisi əlinə yenicə qələm alan uşağın cızma-qarasından seçilməyənlərin də ürəkdən sevinə bilmədiklərini hiss edirdim... Toyda-büsatda, masa arxasında deyilən sagliqların torpaqlarımızın işğaldan azad olunması arzusu ilə bitməsinin, tapdaq altında olan yurd yerlərimizin adlarının sıralanaraq “bizimdir” kəlməsinə pərcimlənməsinin, dərdə, acıya dəli kimi qol götürülüb oynanılmasının... səbəbini də indi anlayıram. Yarımçıq qürurumuzun, sevincimizin, hətta sevgimizin çatışmayan hissələrini şablon sağlıqlarla, əttökən mahnılarla, rəqs havaları ilə tamamlamağa çalışırdıq. Amma olmurdu, alınmırdı... Yarımçıqlığının səbəbini anlayanlar özünə qapılıb içində xar olurdu, anlamayanlar isə qol götürüb oynayırdı, mahnı oxuyurdu, sağlıq deyirdi. Son nəticədə isə, anlayanın da, anlamayanın da sevinci yarımçıq qalırdı...

İndi bütün bunları yazmaq bəlkə də çox asandır. Anlamaq da həmçinin... 

Uzun illərdən sonra ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə keçirilən hərbi paradı izləyəndə yarımçıqlığımı bir neçə saatlığa olsa da belə unuda bilmişdim. Sonra eyni hissləri sentyabrın 15-də, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə hərbi paradını izləyəndə yaşadım... 

Sonra 44 günlük haqq savaşında... 

Prezidentin qələbə soraqlı tvitlərində... 

Zəfər günündə... 

 Şuşa bəyannaməsi imzalananda... 

Ürəyim dağa döndükdə ürəyimə çəkilən dağlar da Bakı küləyinin hənirtisinə bənd olan qum təpəcikləri kimi uçub gedirdi...

Mayın 28-də, İstiqlal Günümüzdə,  Xəzərin sahilindən Bakı səmasına milli birliyimizin, iradəmizin, qürurumuzun, savaş və barış əzmimizin, varlığımızın rəmzlərini çəkən şahinlərimizi, qürurla yanaşı dalğalanan bayraqlarımızı, dünyaya Azərbaycan və Türkiyənin bir-birinə olan sonsuz sevgisini, etimadını nümayiş etdirən liderlərimizi görəndə də eyni hissləri keçirdim, daha doğrusu, hisslərin burulğanına düşdüm. 

5-10 il öncə bütün bunların yüzdə birini təsəvvüründə canlandırıb dilə gətirəndə adama dəli kimi baxırdılar. İndi həmin baxış bucağının sahibləri gerçək olublar, mənim kimilər yalan... 

Olsun! Əslində bizim, ülkusunə sahib çıxanların SSRİ-nin – şər imperiyasının süqutundan öncə başlayan mücadiləsinin əsas məqsədi də bəsirət gözü qapanmişlara, gözü şimalda, cənubda, kəsəsi, soyuq küləklərin və səmum yellərinin əsdiyi bütün qütblərdə qalanlara haqqın, ədalətin, işığın yolunu göstərməkdən ibarət idi... 

İndi gecikmiş etiraflar da ürəyimə yağ kimi yayılır. 

Yaşamayanlar bilməz...

... Azərbaycan və Türkiyə prezidentləri “TEKNOFEST Azərbaycan” festivalındakı çıxışlarıyla sözün bütün mənalarında son 18-19 il ərzində kimsəyə sezdirmədən nə qədər böyük, mahiyyətinə görə yüzillərə sığacaq bir mücadilənin içində və önündə olduqlarını açıq şəkildə ortalığa qoydular. 

Heç vaxt deyilməyən sözlər deyildi...

Heç vaxt verilməyən mesajlar verildi...

İndi həmin mesajların bir hissəsini öz baxış bucağımdan dəyərli oxuculara təqdim etmək istəyirəm:

Prezident İlham Əliyev: 

“Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir”.

Çox açıq və birmənalı ismarışdır: Əsas yol, istiqamət Türkiyə-Azərbaycan qardaşlığıdır. Yerdə qalan nə varsa bizi bu ƏSAS YOLdan – hədəfdən yayındırmayanadək keçərlidir. 

Qoy gözləri orda-burda olanlar, cəmiyyətə yanlış hədəflər göstərənlər, sapdırıcı “kurs”larının iflasa uğraması ilə barışa bilməyənlər ya bu əbədi gerçəkliyi qəbul etsinlər, ya da tör-töküntü baxışlarını da yığışdırıb getsinlər... “nicat” gözlədikləri yerə... 

 Əslində bununla bağlı açıq və birmənalı mesaj 2018-ci ildə “Azadlıq” meydanında verilmişdi... O zaman bu mesajdan nəticə çıxarmayanlar NƏTİCƏNİ gördülər. Görüb də anlamayanlar isə bir daha və birdəfəlik başa düşsünlər ki, “biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq”. Çünki Azərbaycan və Türkiyə rəsmən strateji müttəfiqdirlər. 

Sitat: “Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar”.

Prezident İlham Əliyevin sözügedən nitqində gənclərə və bütövlükdə soydaşlarımıza, həmvətənlərimizə xitabən səsləndirilən istiqamətverici məqamlar yetərincədir. 

Məsələn, Türk dünyasının böyük oğlu, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər haqqında danışan Azərbaycan Prezidenti deyir ki, onun kimi insanlar gənclər üçün örnəkdir, nümunədir: “Həm ALİM, həm vətəndaş, həm TÜRKÇÜ, həm VƏTƏNPƏRVƏR İNSAN. Siz gənclər, Əziz bəyə oxşamağa çalışmalısınız”. 

Bəzi sözləri bilərəkdən böyük hərflərlə yazdım, anlamayanların gözündən qaçmasın deyə... 

Prezident İlham Əliyev öz çıxışında Azərbaycan xalqının 44 günlük müharibədə nümayiş etdirdiyi sarsılmaz birliyi, qətiyyəti, iradəni, Vətən sevgisini konkret zaman kəsiyində özünü büruzə verən emosional reaksiya kimi təqdim etməyə çalışanlara da mesajını çatdırdı və qeyd etdi ki, “xalqlarımız öz milli qürurunu müdafiə etmək, təmin etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar”. 

Bu o deməkdir ki, Azərbaycan və Türkiyə haqq bildiyi yoldan bir addım da geriyə çəkilməyəcək, istibdadın, zülmün qarşısında keçilməz dağ kimi dayanacaq, bir olacaq, hürr olacaq, iri olacaq, diri olacaqlar!

Allah bu birliyi və birlikdə olmaq əzmini qorusun!