vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
12:56 | 8 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2343 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ələt - Qafqazın Dubayı...

...«Mərkəzlərin mərkəzi» kimi formalaşmağa can atır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu yer sözün əsl, həm də məcazi mənasında yol qovşağıdır. Bura təkcə şimaldan cənuba uzanan maşın və dəmiryolların şərqdən qərbə gedən yollarla kəsişməsi deyil, həm də bütöv bir xalqın yeni yolunun başlanğıcıdır». «Forbes» jurnalının Azərbaycanın yeni limanından bəhs edən məqaləsi bu sözlərlə başlayır.

Zərurət

 

Müəllif Veyd Şepard Bakının mərkəzindən 65 km cənubda, Ələtin barsız-bəhrəsiz çöllüyündə salınmış yeni limanın çox böyük arzuların gerçəkləşməsinə bəhrə vermək məqsədiylə yaradıldığını yazır. Yeni liman müxtəlif nəqliyyat növlərinin qovuşduğu mərkəz və azad ticarət zonasına çevrilməli, ən başlıcası isə Yeni İpək Yolunda – Çindən Avropaya uzanan iqtisadi yolların ayrıcında əsas stansiya funksiyasını yerinə yetirməlidir.

Müəllif yazır ki, qovşaq, sadəcə, zamanla ayaqlaşmaq arzusundan deyil, zərurətdən yaranıb. Azərbaycan 30 illik neft iqtisadiyyatını arxada qoyub və indi onu yenisiylə əvəzləməlidir. Buna görə də ölkə 2000-ci illərdən başlayaraq daşınma infrastrukturunu yeniləmək, Avrasiyanın əsas nəqliyyat mərkəzi kimi əhəmiyyətini bərpa etmək məqsədilə milli proqram qəbul edib, ölkəboyu yeni avtomobil və dəmiryolları salınıb. 2007-ci ildə isə daha da irəli atılaraq, Bakının mərkəzində yerləşən dəniz limanını Ələtə – Azərbaycanın əsas nəqliyyat dəhlizlərinin qovşağına köçürmək qərarı verilib.

 

«Adi dəniz limanı deyil»

 

V.Şepard yazır ki, yeni liman Azərbaycanın yeni iqtisadiyyatının mərkəzi və daha geniş iqtisadi diversifikasiya təşəbbüsünün aparıcı qüvvəsi olmalıdır. Bura Xəzər limanına, avtomobil və dəmiryol ilə daşınma terminalına, həmçinin öz xüsusi qanunlarına əsasən, idarə olunan azad ticarət zonasına çevrilməlidir.

«Biz Bakı limanını adi dəniz limanı kimi görmürük», - limanın baş direktoru Taleh Ziyadov müəlliflə söhbətində deyib. «Biz bu layihənin, sadəcə, Azərbaycanın qeyri-neft iqtisadiyyatına və diversifikasiyaya töhfə verəcəyinə deyil, həm də bütün regiona köklü şəkildə təsir edəcəyinə inanırıq».

Asiyaboyu gəzdiyini və gördükləri haqda yazdığını deyən müəllif Azərbaycanın yeni dəniz limanının hazırda Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizində əsas stansiya funksiyasını yerinə yetirdiyi bildirir. «Bu məntəqə Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirir, eyni zamanda Rusiyanı Yaxın Şərq və Hind okeanı ilə birləşdirən şimal-cənub nəqliyyat yolları üzərində əsas məntəqədir. Beləliklə, yeni Bakı limanı Rusiya, İran, Avropa, Mərkəzi Asiya, Qafqaz və Çinin birləşdiyi «mərkəzlərin mərkəzi» kimi formalaşmağa can atır».

 

Yeni Dubay

 

Müəllif yazır ki, qədim İpək Yolu zamanında olduğu kimi, yeni nəqliyyat təminatı, ticarət və sənaye mərkəzləri bütün Avrasiya ərazisində peyda olmaqdadır. Məsələn, Qazaxıstanda Xorqos və Aktau, Gürcüstanda Anaklia, İranda Bəndər Abbas, Polşada Terespol bələdiyyəsi, Çində Çuntsin, Çendu, Lançjou şəhərləri kimi mərkəzlər böyüyür. «Amma indi mərkəzlər bazarlar deyil, limanlar ətrafında formalaşır. Yeni quru və dəniz limanları yalnız daşınma nəqliyyatına deyil, həm də bütün ticarətə, sənayeyə və ekosistemə dayaq olan aparıcı iqtisadi qüvvə, yəni bütöv şəhər kimi güclənirlər», - yazıda oxuyuruq.

Müəllif Dubayda liman yaxınlığında, «heç nəyin ortası»nda yaradılmış Cebel Əli Azad Ticarət Zonasının da (JAFZA) beləcə sürətlə inkişaf etdiyini, bir neçə onillik ərzində tam yeni, müxtəlif istiqamətlərdə irəliləmiş və iqtisadi cəhətdən dinamik şəhər zonasına çevrildiyini xatırladır.

«Çinin Qazaxıstanla sərhədlərindən tutmuş, Avropanın şərqinə qədər hər yerdə rəsmilər, liman rəhbərləri və direktorlar fəxrlə yeni Dubay yaratmaq niyyətində olduqlarını bəyan edirlər. Yeni Bakı limanı yaradıcılarının da niyyəti, demək olar ki, belədir», - Wade Shepard yazır.