

«Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyi ilə bağlı qərar Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılanıb. Ölkə prezidenti İlham Əliyev də televiziya vasitəsilə xalqımızı təbrik edib və bu qərarın əhəmiyyətindən danışıb». Apasport.az saytının məlumatına görə, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
O, bu gün keçirdiyi mətbuat konfransında bildirin ki, Avropa Oyunları Azərbaycana bir çox cəhətdən faydalı olacaq. Bunun üçün lazımi infrastruktur yaradılmalıdır: «Oyunları keçirmək üçün istər siyasi, istərsə də qanunvericilik ümumdünya standartlarına uyğunlaşdırılmalı, Bakının nəqliyyat sistemi yenidən qurulmalıdır. Biz təşkilatçı ölkə kimi bütün növlərdə iştirak etmək hüququna malikik. Olimpiya Oyunları keçirilən şəhərdə həmişə fərq hiss olunur. Digər tərəfdən, 2017-ci il İslam Həmrəylik Oyunları da Azərbaycanda keçirilə bilər. Düzdür, bu barədə hələ rəsmi təsdiq almamışıq. Bu, yayda gözlənilir. Ümid edirəm ki, İslam Oyunları da Bakıda keçiriləcək. Avropa Oyunlarının təşkili İslam Oyunlarının keçirilməsini asanlaşdıracaq. Çünki mahiyyət etibarilə eyni tədbirlər olacaqlar. Bir çox məsələlərdə hər iki tədbir üçün hazırlıq işləri görəcəyik. Məsələn, volontyorlar, idman qurğuları, akreditasiya hər iki tədbir üçün keçərli olacaq. Əminəm ki, Avropa Oyunlarından sonra Bakı yeni həyata qədəm qoyacaq, bir çox məsələlər yeniləşəcək».