vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
12:18 | 22 iyul 2020 | Çərşənbə Məqaləyə 12265 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni dramının tragikomediyası

İrəvan iqtisadi zərbələr də almağa başlayıb

Aygün MURADXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın Azərbaycanın Qərb sərhədlərini pozaraq işğalçı siyasətini davam etdirməsi görüntüsünün arxasında qlobal iqtisadi səbəblərin dayandığı haqqında versiyalar hər keçən gün özünü daha çox doğruldur. Maraqlıdır ki, indi Ermənistanı Azərbaycana qarşı təcavüzdə dəstəkləyən güc “məhəlli münaqişə” səviyyəsindən qlobal iqtisadi savaş müstəvisinə keçən Ermənistan-Azərbaycan savaşında özü də iqtisadi zərbələr almağa başlayıb. Söhbət ABŞ Nümayəndələr Palatasının iyulun 20-də Almaniyaya qaz kəməri çəkilişinə dəstək verən şirkətlərə qarşı sanksiyaları təsdiqləməsindən gedir. Sanksiyalara “Dövlət Müdafiəsi Aktı”na (NDAA) düzəlişlər çərçivəsində baxılıb. Sənəd artıq təsdiq üçün Senata göndərlib.

ABŞ-da qanunlar qüvvəyə minənə qədər çoxmərhələli müzakirələrdən keçir. Senat müsbət cavab versə, sanksiyaların qüvvəyə minməsi üçün onları prezident Donald Tramp da imzalamalıdır. Bununla belə, artıq indidən demək olar ki, öz müttəfiqinin əli ilə Xəzərin enerji ehtiyatlarının Avropaya daşınmasına əngəl yaratmaq istəyən Rusiyanın Qara dəniz yolu ilə Avropaya qaz daşımaq cəhdləri ciddi uğursuzluqla qarşı-qarşıyadır – ABŞ sanksiyaları faktiki olaraq “Şimal axını-2”nin taleyini həll edib.

ABŞ-Ia qoca qitə arasında bu məsələdə xüsusi narazılıqlar olacağı da gözlənilmir. Ermənistanın Azərbaycanın Qərb sərhədlərini hədəf alması Avropanın enerji təhlükəsizliyi üçün önəmli dəhlizi savaşın ortasında qoyur. Bu səbəbdən təhlükəsiz axının təmin olunması üçün Qərbin əlindəki ən ciddi rıçaq Şimal axını-2-nin tikintisinin yarımçıq saxlanması idi ki, o da yubanmadan işə salındı.

Necə deyərlər, Rusiya keçmiş Sovetlər Birliyi məkanında yaratdığı münaqişələrin “bəhrəsini” görməyə başlayır. Krımı işğal edərək Qara dənizə çıxış qazanan Rusiyanın Qara dənizlə Balkanlara çəkdiyi 1230 km-lik iki paralel qaz kəməri indi Kreml üçün kədərli tablodan başqa heç nə deyil. Bir müddət öncə isə Rusiya 11 milyard dollara çəkəcəyi bu kəmərlə Ukraynadan yan keçərək Avropaya ildə 55 milyard kubmetr qaz satacağını, beləliklə, Ukrayna iqtisadiyyatına milyardlarla ziyan vuracağını proqnozlaşdırırdı. Beynəlxalq birliyin Ukraynaya hərbi təcavüzü dayandırmaq tələblərinə məhəl qoymadığı, Avropanin enerji təhlükəsziliyini təhdid etdiyi üçün indi həmin 11 milyardın azı 9 milyardını havaya uçmuş saymaq olar. Çünki kəmərin 90 faizi artıq çəkilmişdi. Rusiya öz qanını Avropaya yenə Ukraynaya tranzit parası ödəyərək satmalı olacaq.

Aydındır ki, büdcəsi karbohidrogen ehtiyatlardan asılı olan Rusiyanın enerji planları pozulduqca Ermənistan kimi ona yarınan ölkələrin iqtisadiyyatları da çökür. Rubl məkanında Qərbin sanksiyaları ilə bir neçə il öncədən başlanan gərginlik onsuz da Rusiya iqtisadiyyatını Kreml üçün arzuolunmaz dərəcədə kiçildib. Dəyərdən düşən milli valyuta, dövlət qurumlarının əndazədən çıxan qarşılıqlı borcları, sahibkarlıq subyektlərinin sürətlə müflişləşməsi, defoltun hətta iri şirkətlərdən də yan keçməməsi, büdcənin enerji ehtiyatlarından asılılığını azaltmaq üçün görülən tədbirlərin çöküşlə müqayisədə dənizdə damla olması, əhalinin sosial müdafiəsinin zəifləməsi Rusiyanın iqtisadiyyatının yaxınlarda düzələcəyi gözlənilməyən gerçəkləridir. Mənzərə Rusiyanın himayəsinə sığınan ölkələr üçün də ağır günlər vəd edir.

Daxili istehsalı ərazisində yaşayan 2 milyonluq monoetnik əhaliyə belə yetməyən Ermənistanın ABŞ Nümayəndələr Palatasının sanksiyalardan “pay alacağı” şübhəsizdir. Bu “pay” İrəvanda sosial gərginliklər fonunda baş nazir Nikol Paşinyan hökumətinə qarşı kütləvi aksiyalar formasında da, İrəvanla-Moskva arasında pərdəarxası gərginliyin artması formatında da görünə bilər. Səbəb isə birdir – Ermənistan Rusiyaya arxalanaraq Azərbaycan torpaqlarını işğalda saxlayaraq beynəlxalq hüququ çeynəməyin qarşılığını almağa başlayıb.

ABŞ-ın Rusiyaya sürprizləri yalnız “Şimal axını-2” ilə məhdudlaşmayıb. ABŞ Konqresinin Qaydalar Komitəsi Azərbaycan ərazilərinin işğal faktını bir daha təsdiq edən 296 saylı düzəlişi qəbul edilib. Düzəlişə görə, ABŞ-ın dövlət katibi müdafiə naziri ilə birlikdə Ukraynanın, Gürcüstanın, Moldovanın və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən başlayaraq işğal olunmuş ərazilərində həlak olan, məcburi köçkün düşən insanların sayı barədə Konqresin uyğun komitəsinə hesabat verməlidir. Göründüyü kimi, sənəddə açıq-aşkar işğal ifadəsi yer alıb. İşğal varsa, demək, işğalçı da var. ABŞ ad çəkməsə də sözükeçən işğal faktları söhbətin Rusiyadan getdiyinə heç bir şübhə yeri qoymur.

Ekspertlərin fikrincə, sənədin qəbulundan sonra ABŞ-ın Azərbaycana həm hərbi, həm də işğal edilən ərazilərdən köçkün düşən insanları üçün nəzərdə tutulan humanitar yardımları artırılacaq. Bu halda işğal olunan ərazilərdə yaşayan ermənilərə yardımların dayandırılması ehtimalı da böyükdür.

Hər yolun bir dalanı var… Ermənistan bu dalana özü gəlib, Azərbaycan torpaqları hesabına ikinci qondarma dövlət qurmaq iddiası ölkəni sözün əsl mənasında rəzil duruma salıb. Halbuki, bir neçə dəfə aldığı işğala son qoymaq təkliflərini düzgün dəyərləndirsəydi, ölkə Azərbaycan başlanğıclı meqalayihələrdə iştirak imkanı da qazana bilərdi. Indi artıq gecdir.

Güney Qafqazın ən azsaylı xalqı olan ermənilər sərsəm iddialarının perspektivini hələ heç zaman indiki qədər aydın görə bilməmişdilər. Rusiyada hər zaman qeyd-şərtsiz müdafiə olunacaqlarını düşünən Ermənistanın diplomatları yəqin ötən həftə azərbaycanlıların topdansatış mərkəzindən qovulmalarının travmasını uzun illər yaşayacaqlar. Cəmi bir neçə saatın içərisində işğalla qürrələnib özünü regionda güc sayan Ermənistan MDB məkanının yolqırağı dilənçisinə çevrildi. Diplomatların qovulmasından çəkilən videogörüntülərin ardınca sosial şəbəkələri ermənilərin “məhsulumuzu alın, dəyər-dəyməzinə…” yalvarışları bürüdü. Nəhayət dünya, öz tarixi boyu ilk dəfə ermənilərin saxta olmayan göz yaşlarına şahidlik etdi.

İtkilər isə doğrudan da böyük idi…

Ölkədə iqtisadiyyatın “dişə vura biləcəyi” yalnız cüzi imkanları olan kənd təsərrüfatı sektorudur. Rəsmi rəqəmlərdə ölkənin idxal həcmi 2,6 milyard ABŞ dolları olaraq göstərilir. Bu rəqəmin bir hissəsi Azərbaycanın işğal edilən Kəlbəcər rayonundakı yataqlardan çıxarılan qızıldan yaranır. Ermənistanın dünya bazarına çıxardığı məhsullardan biri tütün, digəri buğdadır. Dağlıq ərazidə yerləşən Ermənistanın kənara sata biləcəyi bir də kənd təsərrüfatı məhsulları var.

Hər il Ermənistan fermerləri bütün ümidlərini sərt qışı və soyuq yazı adladıb məhsullarını Rusiya bazarlarına çıxaracaqları günləri gözləyirlər. Çünki onların məhsulu Rusiyadan başqa regionda nə kənd təsərrüfatı daha gəlişmiş Gürcüstana, nə İrana, nə də Azərbaycana görə sərhədlərini bağlı saxlayan Türkiyəyə gərəkdir. Avropa standartlarına çatmaq üçün isə Ermənistan aqrar sektora ciddi yatırım qoymalıdır. Belə bir durumda Moskvadakı azərbaycanlı iş adamlarının Ermənistan məhsullarına məhdudiyyət qoyması gerçəkdən də ermənilərə böyük sürpriz olub. İndi rahatlıqla demək olar ki, Moskva zibilliklərinə boşaldılan tonlarla meyvə-tərəvəzdən yaranan üfunət ölkənin siyasi gündəmini və iqtisadiyyatını bir müddət tərk etməyəcək.

COVİD-19-un yaratdığı çətinliklərin üzərinə Ermənistanın iqtisadi və diplomatik uğursuzluqlarını da gəlsək, İrəvan küçələrini yaxın zamanlarda hakimiyyətin istefası tələblərinin bürüyəcəyi ehtimalı böyükdür. Ancaq “ilanın ağına da lənət, qarasına da”… Azərbaycan üçün İrəvandakı hər gərginlik Qarabağda bir addım irəli getmək şansıdır. Dəyərləndirməkdə fayda var.