vaxtlı-vaxtında oxuyun! Cümə, 7 avqust 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
22:33 | 29 iyul 2020 | Çərşənbə Məqaləyə 68 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarabağla bağlı yeni səhifə

Kreml Türkiyənin Cənubi Qafqazdakı varlığını qəbul etdi

Fərid ƏKBƏROV, Moskva
“Atlas” Araşdırmalar Mərkəzinin eksperti

MÖVZU İLƏ ƏLAQƏLİ

Kremlin iyulun 27-də Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı ilə bağlı yaydığı məlumatı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması tarixində yeni səhifə adlandırmaq olar.

Niyə məhz yeni səhifə?

Ona görə ki, indiyə kimi heç vaxt Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi rəsmi şəkildə Moskva və Ankara arasında müzakirə mövzusu olmayıb. Bu, o demək deyil ki, Rusiya və Türkiyə liderləri bu münaqişəni heç vaxt müzakirə etməyib. Əlbəttə ki, ediblər. Lakin bu haqda heç vaxt rəsmi məlumat yayılmayıb. Ən azından rəsmi Moskva, Kreml heç vaxt Putinlə Ərdoğan arasında Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məlumatı təsdiqləməyib.

Türkiyəni Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın 2017-ci ilin mart ayının 10-da məşhur təyyarə böhranından sonra Moskvaya ilk rəsmi səfərini işıqlandıran jurnalistlərdən biri də mən olmuşam. Görüşün həm protokol hissəsini, həm də daha sonra keçirilən Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasını işıqlandırmışam. Həmin iclasda Ərdoğan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması ilə bağlı narahatlığını dilə gətirdi, bu məsələnin rusiyalı həmkarı ilə müzakirə etdiklərini bildirdi. Lakin Rusiya prezidenti çıxışında bu məqama bir sözlə belə toxunmadı. Görüşdən sonra mətbuat üçün yayılan press-relizdə də bu haqda bir kəlmə belə yox idi.

Daha sonrakı illərdə, Soçidə Putin-Ərdoğan danışıqları öncəsi Türkiyə mətbuatı liderlərin Qarabağı müzakirə edəcəkləri barədə məlumat yaymışdı. Yenə də nə Ankara, nə də Moskva tərəfindən rəsmi məlumat yox idi, heç olmadı da.

Bu dəfə isə vəziyyət tamamilə dəyişmişdi. Türkiyənin Yaxın Şərqdəki münaqişələrin, Suriya və Liviya problemlərinin nizamlanmasında müttəfiqi və ya rəqibi olan Rusiya qarşısında əlini gücləndirməsi Ankaranın Cənubi Qafqaz regionunda Moskvanın qarşısından geri çəkilməyəcəyini labüd edirdi. Belə də oldu. Sərhəddəki gərginliyin ilk günlərindən Ankara bütün səviyyələrdə, XİN başçısı, müdafiə naziri və ən əsası da prezident səviyyəsində Azərbaycana dəstəyini ifadə etmiş oldu. Məhz bu, rəsmi Moskvanı ən çox qıcıqlandıran məqam oldu. Erməni lobbisinin təsiri altında olan Rusiyanın ekspert cəmiyyətində Türkiyənin Azərbaycana dəstəyi bilərəkdən qabardılır, sərhəddə baş verən gərginlikdə və daha sonra ABŞ, Avropa və Rusiya şəhərlərində diasporlar arasında yaşanan olaylarda guya ki Ankaranın izinin olduğu müəyyənləşdirilirdi. Ermənilər və ermənipərəst rusiyalı ekspertlər hər vəchlə baş verən gərginliyin Dağlıq Qarabağ münaqişəsi ilə deyil, üçüncü tərəflə, yəni ki, Türkiyə faktoru ilə əlaqəli olduğunu qabardırdılar.

Rəsmi Moskva da ad çəkmədən bəyanatlarında Ankaraya işarə vururdu. Bu məqama ən çox Rusiya XİN-in bəyanatlarında rast gəlmək olurdu. XİN sözçüsü Mariya Zaxarova və Lavrovun MDB ölkələri əlaqələri kurasiya edən müavini Andrey Rudenkonun bəyanatlarında münaqişə tərəfləri ilə qonşu olan və xüsusi ilə də Minsk Qrupunun üzvü olan ölkələrin çıxışlarında diqqətli olmağa çağırışları buna misaldır.

Moskvanın Ankaranın adını çəkməməsinin səbəbi də bəlli idi. Çünki Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olan Rusiya heç vaxt Ankaranın bu münaqişəyə müdaxiləsi arzusunda olmayıb. Rəsmi Moskva hər zaman sözdə Paris və Vaşinqtonun həmsədrliyi ilə məsələnin nizamlanmasına tərəfdar olduğunu açıqlayıb. Baxmayaraq ki, Türkiyə ATƏT-in Minsk Qrupunun 11 üzvündən biridir.

Kremlin Putinlə Ərdoğan arasındakı telefon danışığı ilə bağlı məlumatının mətni həm də bu cəhətdən diqqətə layiqdir ki, ilk dəfə olaraq Qarabağ münaqişəsi Moskva və Ankara arasındakı müzakirələrdə ön plana çıxır, hətta uzun müddət Rusiya-Türkiyə gündəmindən düşməyən Suriyanı, Liviyanı belə qabaqlayır. Minsk Qrupunun üç həmsədr ölkəsinin, Rusiya, ABŞ və Fransada erməni lobbisinin güclü olması və bunun Qarabağ nizamlanmasında həmin dövlətlərin mövqeyinə təsirlərini nəzərə alsaq, təbii ki, Ankaranın bu prosesə birbaşa qoşulması Azərbaycan üçün arzuolunandır. Uzun illərdir ki, həmsədrlərin fəaliyyətini haqlı tənqid edən rəsmi Bakı üçün bu məqamı diplomatik qələbə də hesab etmək olar.

Bu məqam rusiyalı ekspertlərin də gözündən yayınmayıb. Onların qənaətinə görə Ankaranın Qarabağ danışıqlarına birbaşa qoşulmaq iddiası, Cənubi Qafqaz regionunda "mən də varam" deməsi Rusiya diplomatiyasını Qarabağ düyünün açılması ilə bağlı səylərini artırmağa məcbur edəcək. Bu isə uzun illərdir Cənubi Qafqaz regionu "mənim nəzarətimdədir və ya nəzarətimdə olmalıdır" deyən Moskvanın rəsmi İrəvana siyasi və iqtisadi təzyiqini qaçılmaz edəcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *