vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TÜRK DÜNYASI  
13:28 | 5 iyul 2014 | Şənbə Məqaləyə 2780 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Müttəfiqliyimiz şəxslərdən asılı deyil»

«Türkiyədə kimin prezident seçilməyindən asılı olmayaraq, iki ölkənin münasibətləri daha da inkişaf edəcək»

Rufik İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə 2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, 2014-cü ildən etibarən prezidenti parlamentin deyil, xalqın seçəcəyi müəyyənləşib. Son referendumla prezident səlahiyyətlərinin icrası müddəti də 7 ildən 5 ilədək azaldılıb. Həmin referendumda Konstitusiyaya edilmiş dəyişikliklərdən dolayı, cari il avqustun 10-da Türkiyədə növbəti prezident seçkiləri keçiriləcək.


Bu məqsədlə qardaş ölkənin 5 müxalif siyasi partiyası - Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Demokratik Sol Partiyası (DSP), Müstəqil Türkiyə Partiyası (BTP) və Türkiyə Demokratik Partiyası (DP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunun prezidentliyə namizədliyini irəli sürüb. Eyni zamanda, hakim Ədalət və İnkişaf Partiyası (AKP) da prezident seçkilərində öz namizədini elan edib. Əvvəlcədən verilən proqnozlardan da aydın olduğu kimi, həmin şəxs Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan olub. Hələlik seçkilərdə iştirak etmək üçün namizədliyi irəli sürülən üçüncü şəxs Türkiyədə PKK terror təşkilatının siyasi qanadı olaraq fəaliyyət göstərən Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşdır.

Bu seçkilərə hazırlığın gedişi, namizədlər arasında mübarizə, seçiləcək prezidentin ölkəsinin xarici siyasət kursuna təsiri barədə fikirlərini «Kaspi»yə bölüşən politoloq Qabil Hüseynli bildirib ki, qardaş ölkədə prezidentin kim olmasından asılı olmayaraq, Azərbaycan-Türkiyə münasibətləri hər zaman yüksək səviyyədə olub. Onun sözlərinə görə, bunu hər iki xalq istəyir: «Hər iki xalq Azərbaycan-Türkiyə münasibətlərindəki inkişafın əsas münsifidir. Bununla yanaşı, ölkə başçısının kim olmasından da müəyyən şeylər asılıdır. Xüsusən də Türkiyədə indiki prezident seçkilərini vurğulamaq istərdim. Çünki bu seçkilər siyasi sistemdə bir sıra dəyişiklikləri nəzərdə tutub. Əgər bu günə kimi Türkiyə parlament respublikası idisə, indi prezident ümumxalq səsverməsi yolu ilə 5 illiyə seçiləcək. Prezident çox böyük səlahiyyətlərə sahib olacaq. Bununla da Türkiyə prezident üsul-idarəsinə keçəcək. Bu mənada, son seçkilərin nəticəsinə görə yeni prezidentin kim olması həm Türkiyə, həm də dost və qonşu ölkələr üçün prinsipial əhəmiyyətə malikdir. Hələlik 3 nəfər namizəd qeydə alınıb. Birinci şəxs hazırkı baş nazirdir. İkinci namizəd birləşmiş müxalifətin vahid namizədi, sonuncusu kürdlərin partiyasının sədridir. Hesab edirəm ki, seçki prosesində əsas mübarizə baş nazir Ərdoğanla müxalifətin namizədi Ekmələddin İhsanoğlu arasında gedəcək. Belə görünə bilər ki, Ərdoğan xalq arasında çox tez-tez olur, uzun müddətdir baş nazirdir və buna görə də daha çox tanınır. Lakin onun seçkilərdəki əsas rəqibi Ekmələddin İhsanoğlu da beynəlxalq aləmdə, xüsusən də müsəlman dünyasında yaxşı tanınan şəxsdir. O, uzun müddət İslam Əməkdaşlıq Təşkilatının sədri olub, elm adamı, professordur, çoxsaylı kitabların müəllifidir, dini çevrələrə yaxındır. Bundan başqa, İhsanoğlunun əsli-kökü Azərbaycanın Şamaxı rayonundandır. Bir növ ona azərbaycanlı demək olar. O, bütün fəaliyyəti müddətində təmizliyi ilə seçilən adamdır. Kimsə deyə bilməz ki, İhsanoğlu millətin bir qəpiyini oğurlayıb. Ancaq baş nazir Ərdoğanın ali təhsil alıb-almaması ilə bağlı ciddi şübhələr var. Üstəlik, bu yaxınlarda onun və komandasının bəzi üzvlərinin adı rüşvət qalmaqalında hallanıb, çoxsaylı həbslər olub. Sonradan bütün bunlar Gülənçilərin adına yazılsa da, müxalifət partiyaları rüşvət ittihamlarını dönə-dönə gündəmə gətirməkdədirlər. Düşünürəm ki, sadalanan faktlar seçkinin nəticəsinə ciddi təsir edəcək amillərdəndir».

Natiq MiriPolitoloq Natiq Miri də Türkiyədəki prezident seçkilərində əsas namizədlərin baş nazir Ərdoğanla İhsanoğlu olduğu qənaətindədir. Son bələdiyyə seçkilərinin nəticələrinə diqqət çəkən politoloq bildirib ki, bələdiyyə seçkilərində AKP hakimiyyəti 40 faizin üstündə səs alıb. Onun fikrincə, bu, AKP-nin tədricən dəstəyini itirməsinin göstəricisidir: «AKP bələdiyyə seçkilərində əvvəlki seçkilərdən 8 faiz az səs topladı. Bütövlükdə müxalifət partiyalarının - CHP və MHP-nin birgə səsi də haradasa 40 faiz civarında idi. Əgər prezident seçkilərində CHP və MHP bu 40 faiz səsi yenidən toplaya bilsə, əlavə olaraq onlarla əməkdaşlıq edən digər partiyaların da səsi 40 faizin üzərinə gələcək ki, bu da ciddi nəticə olacaq. Bu səbəbdən ehtimal etmək olar ki, Ərdoğanla İhsanoğlunun şansları bərabərdir. Bütün hallarda seçkilərin nəticələri barədə indidən dəqiq proqnoz vermək çətin olsa da, nəzərə alınmalıdır ki, İhsanoğlu qlobal səviyyədə tanınan şəxsdir. Qlobal güclərin isə bu gün Türkiyədə istəkləri ondan ibarətdir ki, Ərdoğan hakimiyyətinə son qoyulsun. Bu mənada AKP hökumətinə hər hansı dəstəyin olmasını gözləmək əbəsdir. Qlobal güclər bu seçkilərdə İhsanoğluna daha çox dəstək verəcəklər. Bundan başqa, bu da reallıqdır ki, beynəlxalq güclər üçün Ərdoğan hakimiyyəti uyğun deyil. Xüsusən də AKP ilə Gülən camaatı arasında yaşanan qarşıdurmalar, korrupsiya və rüşvət məsələləri də Ərdoğan hakimiyyətini ictimai rəydə xeyli zədələdi. İraqda «İŞİD» terrorçu qruplarının fərdi qaydada əməliyyatlara başlaması və bu kontekstdə baş verən hadisələr də Ərdoğan hakimiyyətinin xeyrinə deyil. Çünki bu proseslərdən İraq hakimiyyəti, xüsusilə ərəb və türkmənlər heç nə qazanmadılar. Bu hadisələrdə hələlik qazanclı tərəf yalnız kürdlərdir. Bundan ruhlanan kürdlər artıq Kərkükü də işğal etmiş vəziyyətdədirlər. Düşünürəm ki, bundan sonra onları oradan çıxarmaq heç də asan olmayacaq. Artıq onlar gələcəkdə müstəqillik haqqında referendumun keçirilməsini düşünürlər. Halbuki Türkiyə ictimaiyyəti bu cür düşünmür. Ona görə də fikrimcə, Türkiyədəki ictimai rəy Ərdoğan hakimiyyətinin xeyrinə işləməyəcək».

Bu seçkilərin nəticəsinin Azərbaycanla münasibətlərə təsirinə gəlincə, politoloq hesab edir ki, Türkiyədə kimin prezident seçilməsindən asılı olmayaraq, münasibətlərimizdə «sərinlik» olmayacaq: «Azərbaycan Türkiyə üçün qardaş və strateji ölkədir. Bütün mənalarda bu ölkələrin gələcək taleləri də bir yerdədir. Gələcək türk dünyasının aparıcı elementləri Türkiyə və Azərbaycandır. Bu iki dövlətin bir yerdə olması bütövlükdə türk toplumunun, türk cümhuriyyətlərinin bir yerdə olmasına rəvac verə bilər. Ona görə də Türkiyədəki seçkilərdən sonra münasibətlərimizdə hər hansı neqativ dəyişikliyin olmasını gözləmirəm, əksinə, əlaqələrimiz daha da inkişaf edəcək».

Elxan ŞahinoğluPolitoloq Elxan Şahinoğlu da düşünür ki, Türkiyədəki prezident seçkilərində real olaraq mübarizə Ərdoğanla İhsanoğlu arasında gedəcək. O, baş nazir Ərdoğanı nitqi, xarizması yerində olan, komanda ilə işləmə bacarığına sahib, oturuşmuş insan kimi xarakterizə edir. Amma İhsanoğlu ilə bağlı bu cür fikirləri söyləməyin bir qədər çətin olduğunu deyir. Onun fikrincə, müxalifətin vahid namizədinin xarizması hiss olunmur, natiqlik qabiliyyəti barədə təsəvvürlər yoxdur: «İhsanoğlu ətrafında iki fərqli qüvvə birləşib. Bunlardan biri milliyyətçi, digəri solçu kəsimlərdir. Düşünmürəm ki, milliyyətçi və solçu kəsim vahid namizəd uğrunda ciddi çalışmalar ortaya qoysunlar. Hətta CHP-nin özündə İhsanoğlunun namizədliyinin müdafiəsi ilə əlaqəli ciddi fikir ayrılıqları müşahidə edilir. İhsanoğlunu daha çox milliyyətçi, dini kəsimə yaxın adam kimi xarakterizə edirlər. Bu cür fikir ayrılıqları sonda ona gətirib çıxara bilər ki, həmin o vahid namizədə ciddi dəstək olmayacaq. Əslində bu, Ərdoğanın işini xeyli asanlaşdıracaq. Lakin çox yaxşı haldır ki, iki əsas müxalifət partiyası vahid namizədlə çıxış edir. Əgər seçkinin ikinci turu olsa, onlar Ərdoğanla bərabər şəkildə rəqabət apara biləcəklər. Ancaq bütün hallarda hesab edirəm ki, İhsanoğlu bu seçkilərdə Ərdoğan üzərində qələbə qazana bilməyəcək. Seçkilərin Azərbaycanla münasibətlərə təsirinə gəlincə, Türkiyədə prezident və baş nazirin kimliyindən asılı olmayaraq, bu ölkə hər zaman Azərbaycanın strateji müttəfiqi olub. Zənnimcə, bu siyasət bundan sonra da davam etdiriləcək, bir qədər də irəliyə gedəcək. Çünki Azərbaycan-Türkiyə strateji müttəfiqliyi şəxslərdən asılı deyil. Ortaq maraqlar var və hər iki ölkə rəsmiləri bu maraqlar kontekstindən çıxış edirlər».