vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
QARABAĞ  
10:15 | 31 avqust 2017 | Cümə axşamı Məqaləyə 3561 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həyatımın ən keçilməz acısı – Qubadlı

Qazandığım ən böyük dəyərin beşiyi VƏTƏN

Rəsul MİRHƏŞİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ən çətin yazıdır bu. Gözünü bir nöqtəyə dikəsən, o nöqtədən sonsuzluq içindən az qala bütün həyatın gəlib-keçə, amma o xatirələri gözlərin önündə canlandırdıqlarına layiq bir söz tapmayasan. Bunun üçün çətindir yazmaq.


***


Qubadlıdan olan həmyerlilərimlə daha çox yas mərasimlərində görüşürük. Bir də baxdım ki, yas yerlərinə getməkdən də yorulmuşam. Yaxından-uzaqdan tanıdığım nə qədər insan köçdü bu dünyadan. Dünyadan hər köçən özü ilə bir Qubadlı nisgili apardı, hər insan bu həyatdan getdikcə o torpaqlar bir az da öldü. Mən yoruldum… Can cövhərim tən qutusunda məhbus qaldıqca yoruldum.

Çarəsizlik nədir, dedilər, bilirsənmi? Bir şeyi bilməkdən ilk dəfə nifrət etdim, dedim…


***


Əvvəllər doğulub, böyüdüyüm yerləri yuxumda gördükcə dəli kimi oyanırdım. Yuxularda itirdiyim yurdumun peşmançılığını oyandığım andan növbəti gecəyədək daşıyırdım. Yaş ötdükcə insanlar arasında sərsəm kimi gəzirəm. Bir insanın ölənlərə həsəd apardığını gördünüzmü? Mən həsəd aparıram, o karvana qoşulub getdilər, mən qaldım deyə. «Bir gözyaşı düşər torpağa, torpaq anlar insanı. İnsan anlamaz…»


***


Qubadlının görüntülərinə baxıram hərdən. O görüntülərdə bir mənzərə var – Ermənistanla sərhəd ərazidən rayon mərkəzinə bir yol enir. O yol bizim məhləyə yaxınlaşdıqca həyəcanla evimizi axtarıram. Bilirəm, evimiz görünməyəcək. Hər dəfə uşaq sadəlövhülüyü ilə axtarıram evimizi, görə biləcəyimin ümidi ilə.

İtirdiyim bu illər içində enib-qalxdığım o qədər çağlar oldu. On birinci mərtəbəyəcən qalxdım. O mərtəbədən evimə qərib-qərib baxdıqca daha çox qəlbimi parçaladı yurd itkisi. Bir də baxdım keçmişlə yaşayıram, bu günüm yox, sabahım şübhəli. Buna yaşamaq deyirlərsə…


***


Bir il də gəldi dərdimizin üstünə. Qubadlının işğal tarixi ilə illəri saymağa başlamışıq. 24 olur avqustun 31-də…

Bir xatirə gəldi ağlıma…

1993-cü il aprelin 15-də Qubadlının ozamankı icra başçısı Elxan bəylə Laçından dönürdük. Maşını artilleriya atəşinə tutdu ermənilər. Bəlli idi ki, icra başçısının avtomobilini hədəf kimi nişan verən biri vardı. Onun kimliyini sonradan öyrəndik. Hədəfdə biz idik, amma faciə Muradxanlı kəndinin sakini gənc bir qadını qoynuna aldı. Övladını atəşdən qorumaq üçün evə girmək istəyəndə mərmilərdən biri o gənc ananın üzərinə düşüb, onu parça-parça eləmişdi. Bədənin parçalarını yerdən toplayıb, dəfn elədilər. Bu gün o qadının ölümünə həsəd apardım. Çünki neçə ildir dağılmış parçalaramı özüm toplaya bilmirəm.

Allah o qədəri mənə yazsaydı, o zaman hələ bir yaşı tamam olmamış oğlum atasının şəklinə baxa-baxa böyüyəcəkdi. Atasızlıq dərdi ilə yanaşı, «atam müharibədə ölüb», deyilən bir qüruru da yaşayacaqdı.


***


Qubadlı mənim məsumluğumun yurd yeri idi. Qubadlı o yerdə qazandığım ən böyük dəyərin beşiyi idi. Həyatımda ilk yerdə dayanan o dəyəri illər sonra Qubadlını itirdiyim kimi itirdim.

O ölüm həmin gün məni qoynuna alsaydı, atamın son nəfəsində kəndimizin buz bulaqlarını bir-bir sadalayıb, çəkdiyi həsrətin yanğısına yerdən yerə girməyəcəkdim. Qış günü Sumqayıtda ağacların dibində qar gəzib, atamın son arzusunun ardınca göz yaşı içində qaçmayacaqdım. Topladığım qarı acgözlüklə xışmalayan atamın atəşi müvəqqəti öləzidikcə qəlbim atəş-atəş yanmayacaqdı.

İtirdiyim dəyərin doğru xəbərini gətirənə canımı verərdim deyib, bu ümidin heç zaman gerçəkləşməyəcəyini bilmək diri gəzib, ölü kimi yaşamaqdı.

Yox, əgər siz ölmədiyini düşünürsüzsə, gətirin sizin diri bildiyiniz Rəsulu mən də görüm! (Avropa.info)