vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
17:56 | 20 oktyabr 2017 | Cümə Məqaləyə 3673 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Uşaqların gözü qarşısında baş kəsənlər kimdir?

Hər gün qanlı mənzərəni izləyən azyaşlılar psixi sarsıntı yaşayır

Jalə AĞAZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Kəsim məqsədilə gətirilən heyvanı maşından düşürmək üçün başına ip bağlayıb, bir ucunu da ağaca bərkidirlər. Maşını sürürlər, heyvan zərbə ilə yerə dəyir. Sonra heyvanı elə yol kənarındaca hər kəsin, xüsusilə məktəb yaşlı uşaqların gözü qarşısında kəsirlər, qanı küçəyə axıdılır. Kəsilmiş heyvanın cəmdəyi saatlarla asılı vəziyyətdə qalır, kəlləsi, ayaqları ayrıca nümayiş etdirilir. Bu mənzərə hər gün təkrarlanır.

Yol kənarlarında, antisanitariya şəraitində ət kəsimi illərdir problem olaraq qalır. Amma dərd bununla bitmir, indi az qala hər məktəbin, uşaq bağçasının yaxınlığında ət kəsim məntəqəsi fəaliyyət göstərir. Azyaşlılar günün istənilən saatında heyvan kəsimini canlı izləyə bilirlər. Halbuki, diri heyvanların kəsim yeri insanların gediş-gəliş ərazilərindən kənarda olmalıdır. Çünki ət kəsiminin sanitar-gigiyenik tərəflərindən başqa, mənəvi-psixologi tərəfləri də var. Hər gün qanlı mənzərəni izləyən azyaşlılar psixi sarsıntı yaşayır.

Virtualaz.org-a ayrı-ayrı vaxtlarda daxil olan şikayətlərdən də görünür ki, sakinlər yol kənarlarında, göz önündə sallaqxanaların olmasından narahatdır. Bu vəziyyət uşaqlara mənfi təsir göstərir.

«Məktəb və bağçaya gedən yolun üstündə sallaqxana var, uşaqların gözü qarşında heyvan kəsirlər. Üstəlik, heyvanın başı saatlarla küçənin ortasında qalır», - Suraxanı rayonu, Zığ qəsəbəsinin sakinləri əməkdaşımıza deyiblər.

Qəsəbədəki 65 saylı orta məktəb və bağçanın yaxınlığında iki sallaqxana var. Sallaqxananın biri avtoyuma məntəqəsinin qarşısındadır, heyvanın içalatı vannaya doldurulur, avtoyuma məntəqəsində yuyulur. «Doğrudur, kəsilən heyvanın əti mağazada satılır, amma kəsim yolun kənarında aparılır, içalatı vannaya doldurulur, yaxınlıqdakı avtoyuma məntəqəsində yuyulur. Heyvanın başı isə mağazanın girəcəyində, qapının ağzında alıcılarını gözləyir», - şikayətçilər əlavə ediblər.

Küçədə heyvan kəsimi səbəbindən Zığ sahibsiz heyvanların məskəninə çevrilib. Xüsusilə, mağzanın qarşısında itlər sürü ilə gəzir.

Xətai rayonu, 194 saylı məktəbin bir addımlığında sallaqxana fəaliyyət göstərir. Məktəbin yaxınlığında yaşayan Sədaqət Səmədova deyir ki, övladı inəyin necə kəsildiyinin şahidi olub və bundan sonra ət yeməkdən imtina edib. «8 yaşlı oğlum ət yemək istəmir. Çünki inəyin necə kəsildiyini görüb, çox təsirlənib. Deyir ki, inəyi yerə yıxıb başından vurdular, sonra buçaqla başını kəsdilər. Dəfələrlə irad bildirmişik, amma qarşısını alan yoxdur», - Səmədova narazılıq edir.

Nərimanov rayonu, 177 saylı məktəbin yaxınlığında da eyni vəziyyətdir, heyvan yerə uzadılır, başını kəsirlər və səhər dərsə gedən uşaq bu mənzərəni izləməyə məcburdur.

Bəs çıxış yolu nədədir? Bəllidir ki, «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı» təsdiqlənərkən əhalinin keyfiyyətli ət məhsulları ilə təminatı üçün paytaxt da daxil olmaqla, bölgələrdə ət kəsim məntəqələrinin yaradılması nəzərdə tutulmuşdu. Amma ixtisaslaşdırılmış kəsim məntəqələrinin özəl əsaslarla, yəni sahibkarların istəyi ilə yaradılması nəzərdə tutulduğundan reallaşması mümkün olmadı. İş adamları bu sahəyə sərmayə yatırmaq istəmədilər. İndi yalnız paytaxtın Xəzər, Binəqədi, Xəzər, Abşeron rayonlarında bir-iki yerdə ət kəsim məntəqələri var ki, bu məntəqələr də təlabatı tam ödəyə bilmir. Ona görə də, sallaqxanaların ləğv edilməsinə ciddi yanaşılmır, beynəlxalq tədbirlər ərəfəsində küçədə ət kəsiminə qadağa qoyanlar, sonrakı günlərdə özlərini görməməzliyə vururlar.

Psixoloq Vəfa Məmmədova isə deyir ki, heyvanın kəsilərkən xırıldaması, çəkdiyi əziyyət uşaqda dərin psixoloji travmalara səbəb ola bilər. Xüsusilə, həssas uşaqlarda özünəqapanma hissi, depressiya yarana bilər. «Heyvan kəsimi, qanın küçəyə axıdılması uşaqda təcavüzə meyl yarada bilər. Və ya uşağın ətrafa, insanlara qarşı qəddar davranış göstərməsinə səbəb ola bilər. Bəzən uşaq hər gün gördüyü qanlı mənzərədən ətrafa qarşı biganələşə, zorakılığa qarşı soyuqqanlı davrana bilər», - psixoloq deyir.

Onun sözlərinə görə, bəzi insanlar, xüsusilə də azyaşlılar qandan qorxurlar. Təcrübəsində Qurban bayramından sonra sarsıntı keçirərək depressiyaya düşənlərin olduğunu deyən mütəxəssis onların uzun müddət ətdən iyrəndirklərini deyir. «Qurban bayramında ailə qoyunu böyük sevinc hissi ilə kəsib, ana qoyunun Allaha qovuşduğunu deyib. Uşaq da beşikdə olan bacısını kəsmək istəyib, bununla da valideynlərinin sevinəcəyini düşünüb. Uşaq uzun müddət mərkəzə gətirildi, biz onunla işlədik. Buna görə də, heyvanın azyaşlının gözü qarşısında kəsilməsi yolverilməzdir, bu mənzərə bəzən insanı qəddarlaşdırır», -Məmmədova əlavə edib.

Onu da qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə insanların, gözü qarşısında heyvanların kəsilməsi qadağandır. Bu qadağanı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidməti də təsdiqləyir. Amma təsdiqləmək kifayət etmir, ciddi tədbirlərə ehtiyac var.