vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ANALİZ  
15:09 | 21 iyul 2019 | Bazar Məqaləyə 2438 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna üçün 3 örnək

O, Moskvanı məğlub edə bilərmi?

Sergey KLİMOVSKİ, “Obozrevatel” (Ukrayna)

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaxın 30 ildə üç ölkə, hər biri fərqli yolla olsa da, Moskva çarlığı ilə müharibədə qalib gəldiyinə görə, Ukrayna da bunun öhdəsindən tamamilə gələ bilər.

Birinci örnək, onillik Sovet-Əfqan müharibəsidir (1979-1989-cu illər). Klassik müharibə rejimində aparılan bu müharibə Moskoviyanın (lat. “Moskovia”, Qərb mənbələrində Rus dövlətinin siyasi-coğrafi adı kimi işlədilir – tərc.) tam məğlubiyyəti və onun öz qoşunlarını Əfqanıstandan çıxarması ilə başa çatdı. Bunun yaxın analoqu Şimali Vyetnamın ABŞ-la müharibədə qalib gəlməsidir. Fərq onda idi ki, ABŞ nizami Vyetnam ordusu ilə, SSRİ isə hətta müharibənin sonunadək hökuməti və vahid komandanlığı olmayan, nizami orduya çevrilə bilməyən partizan dəstələri ilə döyüşürdü.

İkinci örnək, rəsmi olaraq 24 il davam edən Sovet-İsrail müharibəsidir (1967-1991-ci illər). Onun formal başlanğıcı Moskvanın İsraillə diplomatik münasibətlərini qəti və uzunmüddətli olaraq kəsdiyi tarix – 10 iyun 1967-ci il hesab edilir. Real olaraq isə onu hələ 11 fevral 1953-cü ildə İsraillə diplomatik münasibətləri kəsən və ona qarşı Göbbels stilində kütləvi təbliğat müharibəsi aparan Stalin başladıb. Stalinin ölümündən sonra Moskvada diplomatik münasibətləri bərpa etməyi, – 17 iyulda münasibətləri bərpa etdilər, – lakin müharibəni hibrid formasında davam etdirməyi daha uyğun hesab etdilər. Beləliklə, real olaraq, Sovet-İsrail müharibəsi müxtəlif intensivlik rejimlərində uzun müddət – 38 il davam etdi və Moskvanın təslim olması ilə başa çatdı.

Hələ 1991-ci ildə Qorbaçov İsraillə diplomatik münasibətlərin bərpa edilməsi prosesinə başladı. Bu, həmin müharibədə SSRİ-nin məğlub olması anlamına gəlirdi. Lakin bu münasibətlər tam həcmdə 18 oktyabrda, Yeltsin dövründə bərpa olundu. 1991-ci ilin avqust ayında Sovet imperiyasının ləğv edilməsi buna çox əlverişli şərait yaratdı. Yeltsin dövründə Moskvada, özü də on il müddətinə, İsrailə qarşı informasiya müharibəsi tam dayandırıldı. Həmçinin ərəb koalisiyasının Sovet silahları və hərbi mütəxəssislərilə doldurulmuş milyonluq ordusunun müdaxiləsilə “İsraili dənizə atmaq” ideyasından imtina edildi.

Xüsusilə nəzərə almaq lazımdır ki, 1967-ci ildə İsraillə diplomatik münasibətlərin kəsilməsinin səbəbi 6 günlük müharibədə SAXAL-ın (İsrailin müdafiə ordusu – tərc.) SSRİ-yə sarsıdıcı qələbə çalması üzündən Moskvanın əsəblərinin pozulması idi.

Rusiya-İsrail hibrid müharibəsinin bərpa edilməsinin ilk əlamətlərini 2006-cı ilin yayında çıxan II İsrail-Livan müharibəsi zamanı, Moskvanın “Hizbullah”ın tərəfini tutarkən görmək olar. Bu əlamətlər 2008-ci ilin dekabrında, Moskvanın Qəzza zolağından təxribat xarakterli “dağınıq” müdaxilə təşkil etmə cəhdinə qarşı İsrail “Tökmə qurğuşun” əməliyyatı ilə cavab verən zaman daha aydın ortaya çıxdı.

Yeri gəlmişkən, 2014-cü ildə Moskva belə müdaxilənin modifikasiya olunmuş ssenarisini özü üçün daha uğurlu formada Ukraynada təkrar etdi.

Sovet-İsrail müharibəsində məğlubiyyət təcrübəsilə ağıllanan Moskva, indi özünü zahirən diplomatik nəzakət çərçivəsində saxlamağa, hətta İsraillə birbaşa informasiya müharibəsindən qaçmağa çalışır.

Üçüncü örnək, on ildən çox davam edən rus-çeçen müharibəsidir. Yeltsin, 1996-cı ilin avqustunda Dudayevlə Xasavyurt sülh sazişini imzalayarkən, RF ordusunun İçkeriyanı – Çeçenistanı ram etmək qabiliyyətində olmadığına da imza atdı və onun müstəqilliyini de-fakto tanıdı. Bundan sonra Moskva döyüş əməliyyatları, ələ alma və İçkeriya – Çeçenistan hökuməti və qoşunlarının komandanlığının üzvlərini öldürmək məqsədilə, terror aktlarının kombinasiyasından ibarət strategiya izləməyə keçdi. Çeçenistan qoşunlarının zəif tərəfi onların ordu olmamasında, konsolidasiya edilmiş partizan dəstələri halında qalmasında idi.

Onların hərbi məğlubiyyətinin yeganə səbəbi Əhməd Kadırovun xəyanəti deyildi. Birincisi, o, ilk baxışda göründüyü kimi, yalnız deyildi. İkincisi, o, həmin müharibədə şərti olaraq “çox şərəfli təslim olma” adlandırıla biləcək yeni-köhnə strategiyadan istifadə etdi. Bu strategiya “pul qarşılığında loyallıq” formulu ilə ifadə edilə bilər və ona qədər dəfələrlə istifadə edilib. Bunu Moskvada da baş düşürdülər, lakin razılaşdılar. Çünki çeçenləri yalnız güc hesabına ram edə bilmədilər. Əhməd Kadırovu elə bu səbəblə də öldürdülər, ona resurs toplamağa və müharibənin yeni fazasına hazırlaşmağa imkan vermədilər.

Moskva bununla loyallıq səviyyəsini “sadəcə loyallıq”dan “yüksək loyallığ”a yüksəltdi. Bunu da “Putinin piyadası” – Ramzan mütəmadi olaraq nümayiş etdirir. Lakin eyni zamanda o, səviyyəni “sadəcə pul”dan “çox böyük pullar” səviyyəsinə qaldırdı. Çünki Moskva yalnız ona deyil, tayfaların qeyri-rəsmi başçılarına, bütün Rusiya üzrə fəaliyyət göstərən özəl çeçen mühafizə şirkətlərinin sahiblərinə də pul ödəməyə məcburdur. Çeçenistanın loyallığına görə Moskvanın ödədiyi xərac yalnız federal bidcədən ayrılan subvensiyalardan (büdcələrarası transfert – tərc.) ibarət deyil.

Moskva, Ermənistan və Belarusun loyallığını, 2012-ci ildən isə “Gürcü arzusu”nun məhdud loyallığını da buna bənzər şəkildə, – lakin belə bəsit formada deyil, – satın alır.

Paradoksaldır, lakin müharibənin nəticələrinə görə çeçenlər, üsyandan və Avstriya imperiyası ilə 1848-1849-cu illər müharibəsindən sonra macarlar kimi, məğlublardan qaliblərə çevrildilər. Bu, Rusiya Federasiyasının adının Rusiya-çeçen imperiyası adlandırılmasına gətirib çıxarmadı, lakin çeçenlər imtiyazlı millət statusu qazandılar. Buna formal və əsil müharibədə məğlub olanların real qələbəsi kimi də baxmaq olar.

Əsrlərdir imperiyaya sadiq olmalarına, Moskvaya qarşı heç zaman üsyan etməmələrinə baxmayaraq, osetinlər RF-də nisbətən çox aşağı statusa – yalnız fəxri muzdlular statusuna malikdirlər. Onlara mərkəzi büdcədən ayrılan pul subvensiyaları, xidməti iyerarxiyada və ticarətdə yaradılan imkanlar 1990-cı və “sıfırıncı” illərdə üsyan və ayrılma ilə Rusiyanı təhdid edən inquşlara və dağıstanlılara nisbətən də aşağıdır. Demək olar ki, osetinlər RF-də I Rusiya İmperiyası dövründə hərbi qulluqda olmiş gürcü knyazlarının tutduğu yeri tuturlar, lakin o hava və parıltı yoxdur.

Çeçenistan öz qanunları ilə yaşayır və RF qanunları orada yalnız Kadırov administrasiyasının baxışları və ənənəvi çeçen qaydaları ilə ziddiyyət təşkil etmədiyi ölçüdə tətbiq edilir. Çeçenistanın, orta əsrlərı xatırlatsa da, öz administrasiyası və texniki imkanları çox az olsa da, ordusu vardır. Çeçenistan hər il RF-dən büdcə subvensiyaları və məqsədyönlü ödəmələr formasında xərac, həmçinin gizli iqtisadiyyatdan, “boz” sxemlər və reket yolu ilə “böyük Moskva”, Peterburq və bir sıra digər regionlardakı özəl biznesdən bundan bir qədər az miqdarda məbləğ alır.

Bu, çeçenlərin məğlubiyyətidir, yoxsa qələbəsi? Birinciyə nisbətən, ikinci cavab aşkar formada inandırıcı görünür və Ramzan Kadırovun sadiqlik bəyanatları yalnız bunu örtmək üçündür.

Bu üç örnək əyani şəkildə nümayiş etdirir ki, Ukrayna Moskoviyanın ona qarşı apardığı müharibəni udmağa tamamilə qadirdir. Xüsusən də bu problemə, Kremlin yeri gəldi-gəlmədi bu sözü işlətməyi xoşlayan “danışan başları”nın dediyi kimi, qeyri-standart və ya necə deyərlər, asimmetrik yanaşılarsa…