Ermənistanın demoqrafik vəziyyəti çökür
Ölənlərin sayı doğulanları ötüb, ölkəni hər ay 2 minə yaxın insan tərk edir
1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdə ölkə əhalisi 3 milyon 633 min 301 nəfər idi, 20 ildən sonra, 2011-ci ildə əhali sayı 3 milyon 215 min 299 nəfər, 2021-ci ildə isə 2 milyon 964 min 55 nəfər olub. Müstəqillikdən bəri son 30 ildə Ermənistanın əhalisi 669 min 246 nəfər azalıb.
Bu ilin ilk 4 ayının göstəricilərində - Ermənistanda doğulan uşaq sayı 10665 nəfər olub, 2021-ci ilin eyni dövrünə görə doğuş 7,3 faiz azalıb (keçən il yanvar-aprel ayları ərzində 11501 uşaq doğulmuşdu). Bu ilin ilk 4 ayında Ermənistanda ölənlərin sayı 10701 nəfər olub – yəni təbii azalma trendi davam edir. Keçən il Ermənistandan 42 min nəfər birdəfəlik köçüb, bu ilin ilk 4 ayında köç azalsa da, davam edib, ölkəni hər ay 1500-2000 nəfərə yaxın insan birdəfəlik tərk edir. Bir çox mütəxəssislərin hesablamalarına görə demoqrafik “əyridə” Ermənistan kritik nöqtəni keçib, əhalinin azalma trendi davam edəcək.
Bu gün Ermənistanda Moskvanın göstərişi ilə sülhə qarşı çıxan dəstələr, mitinq-yürüşlərlə, aranı qatmaqla, xaos yaratmaqla “revanşdan” danışırlar, müharibənin nəticələri ilə barışmaq istəmirlər. Yaxşı, ermənilər hansı günlərinə revanşdan danışır?! Demoqrafik böhran artıq qapıdadır, iqtisadi və sosial vəziyyət dünyaya da pararlel olaraq ağırlaşır, Rusiyadan asılılığınız faciəvi dərəcədə yüksəkdir – bütün bu çağırışların qarşısında yeganə yolunuz sülh-əminamanlıqdır, sərhədlərin açılması və regional ticarətin canlanmasıdır.
Dünyada gedən trend onu göstərir ki, Ermənistanın Qərbə inteqrasiyasının alternativi qalmayacaq, yaxşı, Qərbə gedən iqtisadi, siyasi, hətta coğrafi yol isə Azərbaycan və Türkiyə üzərindən keçir. Bunu anlamaq o qədər də çətin deyil. Deməli, Ermənistanın dövlət kimi varolma şansı ancaq sülhdən, qonşularla normal münasibətlərədn asılıdır.
Məncə, Ermənistan əhalisinin böyük əksəriyyəti bunu anlayır, ona görə də Kremlin bütün təhriklərinə, dəstəyinə baxmayaraq küçələrə çıxan vətəndaş sayı kritik həddə çatmır, hətta etirazlar artıq sönərək bitməyə doğru gedir. İnanmaq istərdim ki, Ermənistan əhalisinin kollektiv ağlı sonda revanşistləri siyasi səhnədən tamamən silib, sülhə doğru addımlayanlara tam dəstək olacaq...