vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ANALİZ  
15:40 | 19 iyul 2022 | Çərşənbə axşamı Məqaləyə 1197 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xarici siyasətdə milli güc amili

“Sözümüz imzamız qədər keçərlidir” deyimi ölkəyə qazandırılan obrazın cizgiləridir

Elçin MİRZƏBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli dövlətlərin formalaşmağa başladığı və müasir beynəlxalq münasibətlər sisteminin ilkin təzahürlərinin meydana gəldiyi gündən etibarən, real xarici siyasət milli güc amilinə söykənir. Bu sahədə mövcud olan bütün klassik nəzəriyyələrdə dövlətlərin beynəlxalq müstəvidə ciddi təsir imkanlarına malik olmaları üçün məhz milli güc amilinin zəruriliyi vurğulanır. Dövlətin milli gücünü təşkil edən komponentlər isə onun coğrafi mövqeyindən, təbii ehtiyatlarından, insan resurslarından, iqtisadi və hərbi potensialından, milli xarakter, milli ruh kimi önəmli faktorlardan, diplomatiyanın və dövlət idarəçiliyinin keyfiyyətindən asılıdır.

Bu komponentlər olmadan regional, subregional və qlobal müstəvidə real təsir imkanlarına malik olmaq, milli maraqları müdafiə etmək, şübhəsiz ki, mümkün deyil. Çünki bütün siyasi proseslərin, o cümlədən də xarici siyasətin ana xəttini daha çox təsir imkanlarına malik olmaq üçün aparılan mücadilə təşkil edir.

Azərbaycanın xarici siyasəti də, məhz milli güc amilinə əsaslanan, özündə, yuxarıda sadaladığım klassik komponentlərlə yanaşı, çağdaş beynəlxalq münasibətlər sisteminin çoxsaylı mürəkkəb və praktik elementlərini birləşdirən, istisnasız olaraq, milli maraqlara söykənən, təşəbbüskar, çevik, dinamik və çoxvektorlu siyasətdir.

1994-cü ildən etibarən, əsas strateji istiqamətləri müəyyənləşdirilən xarici siyasətimizin cəmi 28 illik tarixinə nəzər yetirməklə, regional və qlobal proseslərin aktiv oyunçusuna çevrilmək üçün ən müxtəlif - geosiyasi, iqtisadi, mədəni, hərbi və digər istiqamətlərdə atılan strateji addımlara nə qədər böyük əmək sərf olunduğunu müəyyənləşdirmək və heç bir mübaliğəyə yol vermədən obyektiv dəyərləndirmə aparmaq çətin deyil. Hər şey ən yaxın tarixdə və gözümüzün önündə baş verib.

Yaxın tarixdə baş verənlərin göz önünə sərgilədiyi mənzərə isə belədir: Azərbaycan regional və qlobal proseslərdə ayrı-ayrı güc mərkəzlərinin peyk-dövlətinə çevrilmədən, qütblərarası manipulyasiyaya, yer və yön dəyişməyə yol vermədən, ikitərəfli və çoxtərəfli münasibətlərə qarşılıqlı faydalı əməkdaşlıq müstəvisindən yanaşan, milli maraqlarından bir addım da geriyə çəkilməyən azsaylı dövlətlərdən biridir. Və ən önəmli məqamlardan biri də ölkənin müstəqil siyasətinin həm forma, həm də məzmun etibarilə milli olması, bütün güc mərkəzləri tərəfindən qəbul edilməsi, hörmətlə qarşılanmasıdır. Azərbaycanın iqtisadi potensialını, coğrafi mövqeyini mühüm geo-strateji faktora çevirən, təşəbbüslərinin rəğbətlə qarşılanmasına zəmin yaradan əsas amillər isə onun etimadlı, məsuliyyətli dövlət imicidir. Prezident İlham Əliyevin “Sözümüz imzamız qədər keçərlidir” deyimi, təkcə Azərbaycan liderinin dövlət başçısı kimi xarakterini və mövqeyini ifadə etmir, həm də onun ölkəyə qazandırdığı obrazın cizgilərini ortaya qoyur. Daha öncə xarici siyasətin klassik elementlərindən söz açdığım zaman, diqqət çəkdiyim milli xarakter də elə budur və xalqla liderinin ümumiləşdirilmiş obrazını yaratmaqla milli ruhun yüksəlişini təmin edir.

Bu gün biz Azərbaycanla Türkiyənin, eləcə də digər türk dövlətlərinin münasibətlərinin ən yüksək müstəvidə inkişafına şahidlik edirik. Azərbaycan bu prosesdə çox önəmli körpü funksiyasını yerinə yetirir. Türkiyə və Azərbaycanın həyata keçirdiyi birgə layihələr, iki dövlət arasındakı münasibətləri strateji müttəfiqlik müstəvisinə daşıyan tarixi Şuşa Bəyannaməsinin imzalanması türk dövlətlərinin ortaq dil və mədəniyyət platforması üzərindən genişmiqyaslı əməkdaşlıq perspektivlərinin cazibədarlığını daha da artırıb. Bu xüsusda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan kimi bizimlə ortaq dəyərlərə sahib olan dövlətlərin qarşılıqlı münasibətlərində də irəliləyiş baş verib, iqtisadi-siyasi münasibətlər intensivləşib, etimad mühitinin formalaşması üçün zəmin yaranıb. Bu bağlamda ölkəmizin xarici siyasətində nəzərə çarpan çox önəmli və bəlkə də strateji baxımdan müstəsna əhəmiyyət kəsb edən bir məqama diqqət çəkməbi vacib hesab edirəm: Azərbaycan iştirak etdiyi bütün beynəlxalq platformalarda həm də ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq, müttəfiqlik müstəvisinə yüksəldilməsi istiqamətində çevik siyasət yürüdür. Ölkəmiz Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq nüfuzunun artırılması və təşkilatlanması istiqamətində mühüm təşəbbüslər irəli sürdüyü kimi, bu təşkilata üzv dövlətlərlə ikitərəfli əlaqələrin daha üst müstəviyə daşınması istiqamətində intensiv addımlar atır, ən müxtəlif istiqamətlərdə ikitərəfli əlaqələri gücləndirir və bu da öz növbəsində TDT üzvləri arasında qarşılıqlı etimadlı münasibətlərin formalaşmasına, sözügedən təsisatın monolitləşməsinə zəmin yaratdığı kimi, həm də Azərbaycanın bu prosesdəki birləşdirici, bütövləşdirici funksiyasını önə çıxarır.

Eyni yanaşma tərzini, müəyyən etnososioloji amillər nəzərə alınmaqla, Azərbaycan-Avropa İttifaqı münasibətlərində də görmək mümkündür.

Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsipinə, ortaq maraqlara söykənir. Uzun illərdir ki, Aİ ilə ən müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin prioritetləri sırasındadır.

Azərbaycan bütün ölkələr və təsisatlarla ikitərəfli və çoxtərəfli münasibətləridə olduğu kimi, Avropa İttifaqı ilə əlaqələrində də ərazi bütövlüyü, suverenlik, müstəqillik, sərhədlərin toxunulmazlığı, bərabərhüquqluluq kimi dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn fundamental norma və prinsiplərini əsas götürür.

Təsadüfi deyil ki, sözügedən prinsiplər 2018-ci ildə Brüsseldə imzalanmış, 2021-ci ildə isə qarşılıqlı razılıq əsasında müddəti 2024-cü ilədək uzadılmış “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəddə qarşılıqlı münasibətləri tənzimləyən başlıca istiqamətlər kimi yer alıb.

Məlum olduğu kimi, artıq bir neçə ildir ki, Azərbaycanla Aİ arasında uzunmüddətli və çoxşaxəli münasibətləri tənzimləyəcək yeni ikitərəfli saziş üzərində iş gedir. Sazişdə yer alacaq prioritet istiqamətlərin əhəmiyyətli hissəsinin razılaşdırılması ilə bağlı verilən rəsmi açıqlamalar bu prosesin yaxın zamanlarda başa çatacağı və qarşılıqlı münasibətlərdə yeni bir mərhələnin başlayacağı ilə bağlı ehtimalların irəli sürülməsinə zəmin yaradır.

Bəlli olduğu kimi, Avropa İttifaqı Azərbaycanın əsas ticarət və ixrac tərəfdaşıdır. Ötən ilin statistik göstəricilərinə görə də, bu reallıq dəyişməyib.

2021-ci ildə tərəflər arasında ticarət dövriyyəsi 15 milyard dollardan çox olub. Avropa İttifaqının maliyyə dəstəyilə keçirilən sorğuların nəticələrinə görə, ölkəmizdə təmsil olunan Aİ ölkələri şirkətlərinin 80 faizi iqtisadi fəaliyyət üçün Azərbaycanı seçmək, 53 faizi isə ölkəmizdə biznes fəaliyyətlərini genişləndirmək niyyətini bildiriblər. 2021-ci ildə Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edib. 2021-ci ildə ölkəmizdən ümumi ixrac olunan neftin 70 faizə qədəri Aİ ölkələrinin payına düşüb. 2021-ci ildə TAP kəməri ilə Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin yanvar-iyun aylarında isə 5,4 milyard kubmetr təbii qaz ixrac olunub.

Ənənəvi enerji resursları ilə yanaşı, Azərbaycanla Avropa İttifaqı arasında müzakirə edilən mövzulardan biri də Azərbaycandan Avropaya “yaşıl” elektrik enerjisinin ixracıdır: “Bu istiqamətdə ölkəmizdə həyata keçirilən layihələr Azərbaycanın “yaşıl enerji” enerji sahəsində də Avropa İttifaqının əsas tərəfdaşlarından birinə çevriləcəyini söyləməyə əsas verir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin ölkəmizə səfəri çərçivəsində “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması enerji sahəsindəki əməkdaşlığın bundan sonra da genişlənəcəyini və yeni istiqamətləri əhatə edəcəyini söyləməyə əsas verir.

Eyni zamanda, anlaşma memorandumunda tərəflərin bir-birinin ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, müstəqilliyinə və suverenliyinə hörmət və dəstəklə bağlı öhdəliklərinin bir daha vurğulanmasını xüsusi olaraq qeyd etməyi vacib hesab edirəm. Bu amil Azərbaycan üçün sadalanan prinsiplərinin vazkeçilməz olduğunu bir daha təsdiqləyir.

İndisə xarici siyasətimizin prioritetlərinin ardıcıllığı üzrə ölkəmizin Qoşulmama Hərəkatındakı fəaliyyətindəki ən önəmli məqamlara toxunmaq istəyirəm:

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi zaman kəsiyində Prezident İlham Əliyevin peyvənd millətçiliyi ilə bağlı irəli sürdüyü təşəbbüsün BMT Baş Assambleyasında dəstəklənməsi, Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq, bu təsisatın müraciəti əsasında Baş Assambleyanın xüsusi sessiyasının çağırılması xarici siyasətimizin ən böyük uğurlarından biri hesab oluna bilər.

Azərbaycan məsuliyyətli ölkə və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə verməkdədir. Bu il Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısının keçirilməsi və sözügedən şəbəkənin yaradılması hərəkatın tarixində ən önəmli hadisə kimi qalacaq. Məlum olduğu kimi bu istiqamətdə uzun illər boyu aparılan müzakirələr heç bir nəticə verməyib. Yalnız Azərbaycana olan yüksək etimad və ölkəmizin təşəbbüskarlığı belə bir mühüm parlament əməkdaşlığı platformasının reallaşmasına zəmin yaradıb.

Bütün bunlar qısa bir vaxtda Azərbaycanın xarici siyasətində əldə olunan uğurlu nəticələrin bir hissəsidir.

Geridə qalan zaman kəsiyində əldə olunan nəticələr isə qarşıda bizi ölkəmizin gələcəyi və qlobal proseslərdəki rolunun artması ilə bağlı çox mühüm hadisələrin gözlədiyini düşünməyə əsas verir.