vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
11:09 | 26 iyul 2022 | Çərşənbə axşamı Məqaləyə 3507 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İkiayaqlı qanadsız varlıqlar”

Ölkənin mədəniyyət elitalarının ümumi vəziyyətinə baxanda çox zaman başını qaşımalı olursan

Etimad BAŞKEÇİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük fransız inqilabının “Azadlıq, bərabərlik, qardaşlıq” idealı solçuların idollarından olan Vladimir Leninin dilində “dövləti istənilən aşpaz idarə edə bilər” şəklini almışdı.

Sonrakı gedişat göstərdi ki, yox, edə bilməz - aşpazın gözəlliyi elə onun dadlı, gözəl yeməklər bişirməsindədir.

Sosium isə bütün hallarda elita, yəni fransızcadan tərcümədə “seçilmişlər, ən yaxşıları” tərəfindən idarə olunur və ya olunmalıdır. Bu məsələdə velosiped icad etməyə ehtiyac yoxdur.

Ömrü-billah əlinə qəzet-kitab almayan, heç bir dəyərə tapınmayan, eyş-işrətdən başı açılmayan meşşan subyektlərdən elita qayırmaq mümkün deyil. Hələ onların seçiminə hörmətlə yanaşmaq heç mümkün deyil – özün nəsən ki, bəyəndiyin də nə ola!

Bunlar hələ qədim yunan demokratiyasından bəlli olan məsələlərdir. İndiki dünyada “demokratiya” anlayışı tamamilə təhrif olunub və baş-ayaq başa düşülür. İlk baxışda hər şey aydındır: demos – xalq, kratiya – hakimiyyət deməkdir, demək ki, demokratiya xalq hakimiyyəti anlamı verir. Əslində isə “demos”lar qədim yunan cəmiyyətinin yalnız kiçik bir hissəsini təşkil edirdi. Demos adlanmaq üçün insan, etikadan tutmuş ritorikaya və astronomiyaya qədər, azından yeddi elm və sənət sahəsindən xəbərdar olmalı idi. Elitanı da demos formalaşdırırdı, yəni azad vətəndaşlar. Qədim yunanlar yaxşı bilirdi ki, bu işi vətəndaş hüququnun nə olduğunu kəsdirməyən savadsız qul-qaravaşın,  yalnız qarnını otarmaqla məşğul olan “ikiayaqlı qanadsız varlıqlar”ın (Platonun insana verdiyi tərif) öhdəsinə buraxsan, demokratiyanı bilmərrə silib-süpürərlər. Demokratiyanın dirəyi sayılan Amerikada indinin özündə də ümumxalq seçkiləri keçirilmir, prezidentin özünü belə azsaylı “seçicilər kollegiyası” seçir. Mən burada ümumxalq seçkisinin əleyhinə çıxış etməkdən uzağam. Sadəcə, dünyada “xalqların keyfiyyəti”nin, ölkələrin intellektual inkişafının reytinqinin (KAM Knowledge Index) müəyyənləşdirilməsi üzrə aparılan tədqiqat işlərindən xəbərdar olmamız lazım. Axı elita göydən düşmür, xalq nədirsə, seçdikləri də odur. 

Müxtəlif dövrlərdə elita müxtəlif prinsiplər əsasında formalaşdırılırdı. Lap qədimlərdə kim güclü idisə, haqlı və hakim olan da o idi, sonralar mənşə, var-dövlət, müasir dünyada isə savad və intellekt, qabiliyyətlər və bacarıqlar əsas götürülür. Çünki digər hallarda cəmiyyət, qaçılmaz olaraq, deqradasiyaya uğrayır və sonda ömrünü daha yaxşı təşkil olunmuş başqa cəmiyyətlərə bağışlayır.

Bugünkü Azərbaycanda ədəbiyyat, sənət, mədəniyyət və digər sahələrin elitalarının ümumi vəziyyətinə baxanda çox zaman başını qaşımalı olursan.

Digər xalqların öyündüyü və fəxrlə irəli verdiyi elitar mədəniyyət bizdə özünüqoruma instinktini tamamilə itirib, dəyişilmədən qorxa-qorxa kütləvi mədəniyyətin həmləvari yürüşlərinin qarşısında gözünü döyür. Burada tam bir oxlokratiya (kütlə hakimiyyəti) hökm sürür.

Nəticədə “aşpaz”ların iddiası və iştahası durmadan artır.

Əhməd fikirləşir ki, ayə, Azərbaycan yığmasının hücumçusu Məmməd kimi topu qapıdan yan vurmağı mən də bacarıram. Bəs niyə Məmmədin şəkli qəzetlərdən düşmür, özünün isə bircə donuzu əskikdir?

Əli öz-özünə sual verir ki, Vəlinin efirlərdən düşməyən musiqisini mən əlüstü improvizə eləyə bilirəm. Vəlinin nəyi məndən artıqdır ki, onun xətrini əziz tuturlar, mənim qədrimi isə bilən yoxdur.

Pirvəli bazardakı piştaxtasını satır, puluna bir mədhiyyə kitabı çıxarır, Yazıçılar Birliyinə üzv olur və dərhal ev növbəsinə yazılır, təqaüd sevdasına düşür.

İnsanlar “adlanmaq”ı “olmaq” kimi başa düşməyə başlayır, sınır-sərhəd itir. 

Halbuki normalda bu sənətkarlar fikirləşməliydi ki, pul çox şeyi həll edir, amma hər şeyi yox…