vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 26 sentyabr 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
TOP OYUNLARI  
12:11 | 7 sentyabr 2022 | Çərşənbə Məqaləyə 7216 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İndi dəstək vaxtıdır

Qarabağı unutmamışdıq, “Qarabağ”ı da unutmayaq!

Kənan MƏSTƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlərdə “Qarabağ” ətrafında o qədər söhbət, müzakirə, danışıq oldu ki, rəsmən içində itib-batdıq. Maraqlı məqamlar, belə demək olarsa, kimin-kim, reallığın necə olduğu ortaya çıxdı. Bildik ki, əslində hər şey göründüyü kimi deyilmiş. Bu günə qədər baş verənlər, bu günə olan durum, bundan sonra baş verəcəklər barədə proqnoza bir qədər geniş baxmaq qərarına gəldim. Beləliklə…

Şah məsələ


Hər şey haradan başladısa, biz də oradan başlayaq. Şahruddin Məhəmmədəliyevin məlum səhvi və ondan, daha dəqiq desək, onun nəticəsində baş verənlərdən sonra etiraz dalğası o qədər böyük oldu ki, sərhədləri aşdı və əməlli-başlı xalq hərəkatına çevrildi. Niyə bir klubun bir oyunçusunun bir səhvinin bu böyüklükdə təlatümə gətirib-çıxardığı barədə sonra yazacam, amma aşağı-yuxarı səbəblərini siz də bilirsiz. Oyundan sonra isti-isti Qurban Qurbanovun həmişəki kimi oyunçusuna sahib çıxması adi qəbul olundu və bunun üzərindən keçilə bilərdi. Çünki ölkədə hər kəs bilir ki, Hoca ən böyük səhvi edən oyunçusuna həmişə ən böyük dəstəyi göstərir. Bu bilinir, etiraz olunsa da, cəmiyyət tərəfindən qəbul edilir. Ancaq sonra həm komanda yoldaşlarının, həm digər futbolçuların, bir çox mütəxəssisin, klub rəhbərliyinin, klub fanatlarının Şahruddinə “həddindən artıq sahib çıxması” türklər demiş, “bardağı daşırdı”, iş çilədən çıxdı. Geri baxaraq əminliklə deyə bilərik ki, klub bu böhranı idarə edə bilmədi və yanlış istiqamətə yönəldərək nüfuzuna zərbə vurdu.


Vaci Bakını “partlatdı”


Və sonra İbrahima Vaci məsələsi çıxdı. Formaya düşən, uzun fasilədən sonra həm bombardirlik, həm də çalışqanlıq xüsusiyyətlərini ortaya qoymağa başlayan, belə demək olarsa, yeganə ümid yeri olan bir hücumçunun birdən-birə “Sent-Etyen”ə getməsi və əvəzinə heç kimin alınmaması prosesi yenə də təlatümləndirdi. Bu böyüklükdə narazılıq hələ yadıma gəlmir. Klub yalnız pul qazanmağı düşünmək, əvəzində pul xərcləməməkdə ittiham edildi və bu günə qədər qazanılan uğurlar yaddan çıxdı. Normaldır. Hər yerdə olur belə şeylər. Amma insanların əsas oyunçunun getməsindən sonra ən azından onun yerinə kiminsə alınması tələbi normaldır, doğrudur. Əslində, azı 3 transfer edilməli idi ki, qruplara daha hazır çıxılsın, əvəzində birinin belə olunmaması təbii narazılığa gətirdi. O ayrı məsələ ki, klub rəhbərliyi bu durumda faciə görmür. Onlar görmür, amma ictimaiyyət görür. İşə hansı tərəfdən baxmaqdan asılıdır.


Əsas sual: niyə?


Məhz bu məqamda əsas suala gələk: niyə? Niyə “Qarabağ”a bu böyüklükdə - bir klubun gücü çatmayacaq qədər böyük olan etiraz edildi? Cavab aşkardır. Hazırda “Qarabağ” Azərbaycan üçün bir klubdan daha böyük bir məfhumdur. Məsələ təkcə komandanın adında deyil. Ölkəni Avropada möhtəşəm təmsil edən bu klub artıq Azərbaycanın real milli komandası səviyyəsinə yüksəlib. Belə deyək, hazırda ölkənin milli komandasına məhz Qurban Qurbanov başçılıq edir. De Byazinin başında durduğu kollektiv isə sadəcə “Milli Komanda Futbol Klubu”dur. Heç kimi italyanın rəhbərlik etdiyi komandanın nəticələri maraqlandırmır, ona maraq rəsmən sıfır dərəcəsindədir. O qədər biabırçı, yarıtmaz siyasət yürüdülüb ki, insanlar öz millilərindən imtina edərək, vətənpərvərlik enerjilərini başqa yerdə sərf etməyə yönəliblər. Bu “boşluğ”u da “Qarabağ” doldurub. Bunun klub üçün müsbət cəhəti odu ki, hansı arenada, hansı tutumda, hansı vaxt və məkanda oynamasından, şərtlərin necə olmasından asılı olmayaraq bütün ölkə tribunalara gəlir, dəstəyini nümayiş etdirir, oyunlardan öncə də, sonra da uzun-uzadı danışır, müzakirə edir, belə demək olarsa, klubun marka, brend dəyərini artırır. Bu çox böyük üstünlükdü, geniş imkanlar, ciddi dividendlər gətirir. İş tərs gedəndə isə bu populyarlıq öz ağırlığında problemə çevrilir və hazırda yaranan durum formalaşır. Necə deyərlər, gülü sevən, tikanına da qatlanmalıdı. Necə ki, milli komandanı ardıcıl məğlubiyyətlərə görə göydən-yerə vurmuşdular, eyni şey “Qarabağ”ın başına, cəmi bir həftəyə gəldi. Çox ağır zərbə idi, ancaq reallıq budu. Hər şeyə hazır olmaq lazımdı.


Baxış bucağı dəyişməlidir


Ümid edirəm ki, klub başına gələn bu problemdən az da olsa, dərs götürüb. “Qarabağ” rəhbərliyi başa düşməlidir ki, bu klub sadəcə klub deyil və nə qədər qəribə səslənsə də, komanda ilə öz malıymış kimi davrana bilməzlər. Bəli, öz sahibi var, öz idarəetməsi var – ki, bu günə qədər əldə edilənləri nəzərə alsaq, əla idarəetmədir deyə bilərik – öz azarkeşi, öz camiəsi var, öz siyasəti var, ancaq yenə də özününkü kimi davrana bilməz. Bu ölkə daxilində olur, Premyer-Liqada, kubokda olur, amma Avropada olmur. Azərbaycan hələ heç Türkiyə səviyyəsinə belə çatmayıb ki, klublararası rəqabət, hətta nifrət beynəlxalq arenada da davam etsin (çempionat oyunlarına sabit olaraq uzağı min nəfər gələn komandanın bu baxımdan iddialarına daha diqqətlə baxması lazımdı). Avropada uğur qazanan istənilən komanda, onun çıxışı - özü bunu istəsə də, istəməsə də - milli məsələyə çevrilir. Əvvəl bu missiya “Neftçi”dəydi, indi “Qarabağ”dadı, sabah da “Sabah”da və ya digərlərində ola bilər. Buna da hazırlıqlı olmaq lazımdı. 


Qrup başlayır


Artıq hadisələr arxada qalıb və yeni mərhələ başlayır. ÇL alınmadı, ancaq hazırda əlimizdə Avropa Liqasının qrupu var və “Qarabağ” burda hər matçda sona qədər döyüşməlidir ki, uğurlu çıxışını davam etdirə bilsin. Niyə “davam” sözünü işlədirəm, çünki bu ölkənin futbol(suzluğ)u üçün AL-in qrupu belə möhtəşəm nəticədir, böyük uğurdur. Qalır bu nəticəni davam etdirmək, inkişaf etdirmək. Bacaracaqlarmı? Məncə, hə. Gəlin, əvvəlcə real gücə baxaq, soyuq başla yanaşaq. Rəqiblər yetərincə güclüdür. Bundesliqanın hazırkı lideri “Frayburq”, yunan futbolunun təməl daşlarından biri olan “Olimpiakos” və sabiq Fransa çempionu, möhkəm və etibarlı komanda olan “Nant”. Hərəsinin öz oyun tərzi, gücü, taktikası, hətta deyərdim strategiyası var. Qısa müddətdə bunlara uyğunlaşmaq, 90 dəqiqədə maksimum performans nümayiş etdirərək nəticə qazanmaq asan olmayacaq. Amma “Qarabağ” da “az aşın duzu deyil”. 


Döyüşkən “Qarabağ”


Vacisiz də “Qarabağ” döyüşkəndi. Şəxsən mən Musa Qurbanlını ondan daha məhsuldar, daha effektiv hesab edirəm və bu gözlənilməz gedişin məhz yerli futbolçumuzun xeyrinə işləyəcəyini düşünürəm. “Qarabağ”ın oyun tərzi sivri ucdakı oyunçudan daha çox qaçmaq, mübarizə aparmaq, döyüşmək, rəqib müdafiənin başını qataraq orta xətt oyunçularının hücumda daha rahat oynamasını təmin etməyi tələb edir. Vaci bu işin öhdəsindən gəlirdi. Musa o tərz oyunçu deyil, ancaq Ovusu ilə tandem təşkil edəcəkləri halda effektiv iş görmə ehtimalı var. Şeydayev də bu üçlüdə itib-batmaz, öz səmərəsini verər. Bəli, Vacinin yerinə mütləq şəkildə bir nəfər alınmalı idi, ancaq keçmiş zamanda danışmağın vaxtı keçib. Transfer yoxdur, ona görə də əldəki oyunçulara ümid edəcəyik. Qeyd etdiyim kimi, hücumda nisbətən azlıq görünsə də, orta xətdə işlər qaydasındadır. Romao, Yankoviç, Almeyda, Qarayev dayaq və mərkəz mövqeyi üçün yaxşı alternativlərdi və bu, hətta rotasiyaya belə imkan verir. Cinahlarda və hücumun arxasında Kadi, Zubir, Andrade və Ozobiç var. Nəzərə alsaq ki, Şeydayev və Ovusu da yarımmüdafiəyə köməyə gələ bilir, meydanın bu hissəsində problem olmayacağını söyləyə bilərik. Müdafiədə Medina tez sağalıb sıraya dönsə və zədəyəqədərki performansını yenə də göstərə bilsə, mərkəzdə Bədavi ilə əla və etibarlı tandem qura bilərlər. Cinahlarda da alternativlər var və rəqibə, oyunun gedişatı və intensivliyinə uyğun olaraq dəyişikliklər etmək olar. Qapıçı mövqeyi haqda müzakirəni isə ümumiyyətlə etmirəm və şərhi sizə buraxıram.


Komandir


Və baş məşqçi amili. Komandanın başında Qurban Qurbanov kimi nəhəngin dayanmasını unutmaq böyük səhv olardı. Təcrübəli mütəxəssis o qədər çətinliklərə sinə gərib ki, hazırda baş verənlər ən azı futbol baxımından onların yanında heç nədir. Rəqiblərin heç biri “Qarabağ”a asan yem kimi baxmır, bunu dilinə belə gətirmir, komandanın sayğıya layiq olduğunu bildirirlər. Nə “Nant”, nə “Olimpiakos”, nə də “Frayburq” Bakı səfərindən asanlıqla 3 xalla qayıdacağını düşünmür. Bu, bu günə qədər görülən işin nəticəsidir və burda Qurbanovun rolu çox böyükdür. İndi də mübarizəyə hazırdır və mən əminəm ki, bu payızda biz məşqçinin növbəti uğurlu performansına da şahidlik edə bilərik. Qurbanov bu işin öhdəsindən gələcək qədər güclü biridir. 


Dəstək lazımdı


Hələ avrokuboklar başlayanda Azərbaycan çempionunun Konfrans Liqasının 1/4 finalında oynama potensialına malik olduğunu qeyd etmişdim, indi də bu fikirdə qalıram. Bir az təəccüblü səslənəcək, amma “Qarabağ” hazırda olduğu qrupda 1-ci də ola bilər, 4-cü də. Belə baxanda, 3-cülük və oradan KL-ə yollanmaq da pis fikir deyil və “köhlən atlar” bu işin öhdəsindən gələ bilərlər. Son tura qədər bu şans qalacaq və qarşıdakı iki ayı biz həyəcan və gərginlik içində keçirəcəyik. Mənim də narazı olduğum məqamlar az deyil, amma nə olursa-olsun, biz “Qarabağ”a dəstək olmalıyıq. Bu bizim vətəndaşlıq borcumuzdu. Yetərincə təzyiq olundu, ağır tənqidlər edildi, deyiləcək və deyilməyəcək ifadələr işlənildi. İndi isə dəstək vaxtıdır. Kimi stadionda tribunadan, kimi də televiziya qarşısında azarkeşlik imkanından maksimum yararlanmalıdı. Dəstək olmalıyıq. Ki, qrup mərhələsi başa çatandan sonra “biz üzərimizə düşəni etdik” deyib, yenə də hesab sormağa haqqımız çatsın. Onu da nəzərə alaq ki, “Qarabağ” bizə böyük qələbələriylə dəfələrlə sevinc yaşatmış komandadı. Bu uğurlu qrafik bu gün də, bu il də, bundan sonrakı illərdə də davam edə bilər, biləcək də. Bunu hər dəfə xatırlamalı, nə olursa-olsun sayğımızı göstərməliyik. Qarabağı unutmamış xalq, “Qarabağ”ı da unutmamalı, yenidən böyüklüyünü göstərməlidir.