vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
22:01 | 30 sentyabr 2022 | Cümə Məqaləyə 1625 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvanın ikili oyunu

“Sülh istəyirik” çağırışlarının arxasında gizlənən təxribatçı plan

Elvin SƏXAVƏTOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər Ermənistanın yüksək çinli məmurlarının bölgədəki hərbi vəziyyət və sülh prosesi ilə bağlı səsləndirdiyi bəyanatlar arasında ciddi ziddiyyətlər müşahidə olunur. Ölkənin hərbi-siyasi rəhbərliyi gah müharibə, gah da sülh bəyanatları səsləndirir. Məsələn, Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Qeqarkunik rayonunun Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşdə Azərbaycana qarşı müharibəyə hazırlaşdıqlarını etiraf edib.

Arakel Martikyan deyib: “Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret sərəncam var”.

O bildirib ki, Silahlı Qüvvələrin vəzifəsi əmri yerinə yetirməkdir: “Biz məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəyik”.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin oktyabrın 2-nə planlaşdırılan görüşündə Ermənistanın iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən isə ölkəsinin sülhə hazır olduğunu deyib.

“Azərbaycanın təxribatlarına baxmayaraq, Ermənistan tərəfi görüşdə iştirak edəcək. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın danışıqları pozmağa çalışması ilə bağlı açıqlamaları əsassızdır. Ermənistan əvvəlki kimi konstruktivdir və Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmağı hədəfləyir və eyni şeyi Azərbaycandan da gözləyir”, - Hunanyan bildirib.

Elə bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın sülh prosesinə sadiqliyini açıqlayıb, Azərbaycanın “aqressiv” planlarından və ambisiyalarından danışıb. Hətta ötən gün Ermənistan mediasında xəbər yayılmışdı ki, baş nazir Nikol Paşinyan Avropa İttifaqının oktyabrın 6-da Çexiyanın paytaxtı Praqa şəhərində keçiriləcək qeyri-rəsmi sammitinə sülh sazişinin ilkin variantı ilə qatılacaq.

Maraqlıdır ki, bir tərəfdən Ermənistanın hərbi-siyasi rəhbərliyi dünya ictimaiyyətinə Azərbaycanla problemləri danışıqlar yolu ilə həll etmək istədiyini göstərməyə çalışır, digər tərəfdən isə hərbi əməliyyatlara başlamaqla bağlı göstəriş verir.

Həqiqət isə bundan ibarətdir ki, rəsmi İrəvan hazırda əhalini psixoloji cəhətdən genişmiqyaslı müharibəyə hazırlayır. Həmçinin müxtəlif ölkələrdən təcili şəkildə silah almağa çalışır və dağılmış ordunu yenidən qurmaq üçün cəhdlər göstərir.

Əgər Ermənistan bölgədə uzunmüddətli sülhə hazırdırsa, o zaman niyə həm ölkə daxilində, həm də xaric hərbi aktivliyi artırıb? Ermənistanın hərbi-siyasi rəhbərliyi açıq şəkildə bölgədə sülh istəmədiklərinə dair mesajlar verir.

Ermənistan daxilindən verilən “sülhə hazır deyilik” mesajları:

1. 2023-cü ildə Ermənistanın müdafiə xərcləri 501,3 milyard dram (1,3 milyard dollar) təşkil edəcək. Bu, gələn il üçün Ermənistanın dövlət büdcəsi layihəsində əks olunub. Büdcə layihəsinə əsasən, Ermənistanın hərbi büdcəsi 40 faizdən çox artacaq və tarixdə ilk dəfə olaraq bir milyard dolları ötəcək;

2. Sentyabrın 20-də Ermənistan Fövqəladə Hallar Nazirliyi respublikanın hər yerində sığınacaqlarda şəraitin yaxşılaşdırılacağına dair açıqlama yayıb. Qeyd edilib ki, İrəvandakı çoxmənzilli binaların sakinləri, ehtiyac yarandıqda harada gizlənəcəklərini bilmirlər. “Sığınacaqlar ya rahat deyil və ya tələblərə cavab vermir”;

3. Ölkənin yüksək çinli məmurları Azərbaycanı müharibə ilə hədələyir. Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Qeqarkunik rayonunun Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşdə Azərbaycana qarşı müharibəyə hazırlaşdıqlarını etiraf edib. O deyib ki, Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret sərəncam var;

4. Ermənistanda ehtiyatda olan hərbçilər toplanışa çağırılır. Hökumət Müdafiə Nazirliyinin təklif etdiyi layihə əsasında müntəzəm olaraq növbəti planlı hərbi təlim-məşqlərin keçirilməsi qərarını təsdiqləyib. Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, ümumi və raket-artilleriya ixtisaslarına malik ehtiyatda olan hərbçilər toplanışa çağırılacaq. Onların toplanışı noyabrın 22-dək davam edəcək;

5. Bir neçə gün əvvəl sosial şəbəkələrdə Ermənistanın Zəngəzur bölgəsinə əlavə hərbi texnika yığdığına dair fotolar yayılmışdı.

Əgər Ermənistan bölgədə sülh istəyirsə, hərbi büdcəsini artırmaqda maraqlı olmaz və həmçinin öz vətəndaşlarını psixoloji cəhətdən sülh dövrünə hazırlayar. Amma əksi müşahidə olunur. Rəsmi İrəvan Azərbaycana qarşı düşmən mövqeyindən əl çəkmir, həm ordunun, həm də vətəndaşların psixologiyasını bu yöndə formalaşdırır.


Ermənistan xaricindən verilən “sülhə hazır deyilik” mesajları:

1. Sentyabrın 8-də ABŞ-a işgüzar səfəri çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyan Vaşinqtonda Milli Müdafiə Universitetində olub və universitetin rəhbəri general-leytenant Maykl Plen ilə görüşüb. Görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə olunub.

2. Ermənistanın hərbi-siyasi rəhbərliyi demək olar ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıqdan imtina edib, üzünü ona düşmən olan NATO-ya çevirməyə cəhdlər göstərir. Həmçinin hər vəclə ordunu NATO silahları təchiz etməyə çalışır.

3. Sentyabrın 28-də Ermənistanın müdafiə naziri Suren Papikyan Parisdə Fransanın müdafiə naziri Sebastyan Lekornü ilə görüşüb. Görüş baş nazir Nikol Paşinyanın Fransa səfəri çərçivəsində baş tutub. Həmçinin Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron razılığa gəliblər ki, Fransa Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə yerindəcə tanış olmaq üçün İrəvana səfər edəcəklər. Çox ehtimal ki, Ermənistanın Fransadan silah alması məsələsi də gündəmə gətirilə bilər.

4. Ermənistan ciddi səylə Qərb silahları ilə yanaşı, digər ölkələrin də hərbi texnikasını ordunun asenalına daxil etməyə çalışır. Məsələn, Hindistan Ermənistana 270 milyon ABŞ dolları dəyərində silah və hərbi texnika göndərəcək. Bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, Hindistanla imzalanan müqaviləyə əsasən, Ermənistan böyük həcmdə raket, mərmi və sursat sifarişi edib. Sentyabrın əvvəlində Ermənistan ordusunu fasiləsiz silah və sursatla təchiz etmək üçün rəsmi İrəvanla Dehli arasında dövlətlərarası müqavilə imzalanıb.

5. Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın müttəfiqlərinin Azərbaycanla yaxşı münasibətləri olduğu üçün onlardan silah-sursat ala bilmədiklərini deyib. “Bakı çalışır ki, Ermənistana silah və sursat verilməsin. Bəzi ölkələr, o cümlədən Ermənistanın müttəfiqləri öncədən sifariş verilmiş yüz milyonlarla dollar dəyərində silah-sursatı tədarük etməkdən imtina ediblər. Bu, əlbəttə ki, ağrılı reallıqdır”.

Maraqlıdır ki, Ermənistan sülh istəyirsə, bu qədər silah-sursatı harada istifadə edəcək?

Sadalanan məqamlar bir daha göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi “sülh istəyirik”, “sülhə hazırıq” ifadələrini yalnız beynəlxalq ictimaiyyəti çaşdırmaq, vaxt uzatmaq, yenidən silahlanmaq və revanşa hazırlaşmaq məqsədi ilə istifadə edir. Bu məqamlar Ermənistanın ikili oynadığını bir daha göstərir.

Həmçinin Ermənistanın hakim dairələrinin hərbi əməkdaşlıqla bağlı apardığı intensiv danışıqlar, rəsmi İrəvanın 13-14 sentyabr hadisələrini məhz əvvəlcədən planlaşdırdığını sübut edir.

Görünür, son günlər İrəvana müəyyən dairələr tərəfindən verilən vədlər Nikol Paşinyanı yenidən revanş eşqinə salıb. Təbii ki, Azərbaycan Ermənistanın hərbi təxribat planları qarşısında hərəkətsiz dayanmayacaq. İrəvan növbəti dəfə təxribata cəhd etsə, yenə də Aprel döyüşlərində, Tovuz hadisələrində, Vətən Müharibəsində yaşadığı fəlakətli məğlubiyyətlə üz-üzə qalacaq.