vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MUSİQİ  
09:40 | 7 dekabr 2022 | Çərşənbə Məqaləyə 1133 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maestro Rauf Abdullayevin 85 illiyi qeyd olundu

60 ilə dirijor pultu arxasında dayanan sənətkar bu dəfə orkestri zaldan izlədi

Lalə AZƏRİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu il görkəmli dirijor, Xalq artisti, Dövlət mükafatı laureatı Rauf Abdullayevin anadan olmasının 85 illiyidir. Maestronun yubileyi münasibətilə dekabrın 2-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təntənəli gecə keçirildi.

Konsertin başlanmasına 5-6 dəqiqə qalıb. Səhnə arxasında aparıcı da, orkestrin üzvləri də həyəcanlı görünürlər. Budur, üçüncü zəng vurulur və hazırıq işarəsi verilir. Salamlamadan sonra orkestrin üzvləri səhnəyə çıxır. Hər kəsin gözü səhnədədir. Axı bugünkü konsert bu salonda yüzlərlə konserti dirijor pultu arxasında idarə edən Xalq artisti Rauf Abdullayevin 85 illik yubileyinə həsr edilib. Yubilyar bu dəfə ənənəni azca pozaraq zala tamaşaçı kimi daxil olur.

Gurultulu alqışlarla qarşılanan maestronu təbrik etməyə gələnlər arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, sənətkarın həmkarları, dostları, ictimaiyyət nümayəndələri var.

Azərbaycan Milli Konservatoriyasının prorektoru professor Lalə Hüseynova səhnəyə çıxaraq maestronun yaradıcılığından, dirijor sənətinin yaranma tarixindən söz açır. Qeyd edir ki, dirijorluğun ayrıca bir sənət kimi formalaşma tarixi o qədər də qədim deyil. Musiqi ifaçısız yaşamır. Musiqiyə can verən, onu notlarla dinləyiciyə çatdıran məhz ifaçılardır. Bu baxımdan dirijor sənəti xüsusi bir özəlliyə malikdir. O, heç bir musiqi alətində ifa etmir, lakin bütün bu alətləri idarə edir. Musiqinin məzmununu, ideyasını çatdırmaq onun vasitəsilə gerçəkləşir: “Hər dirijorun öz dünyası, təxəyyülü, musiqiyə baxışı var. Biz orkestrdə səslənən musiqini, bəstəkarın ideyasını məhz dirijor vasitəsilə mənimsəyərək hiss edirik. Nə yaxşı ki, Azərbaycan musiqisində dahi bəstəkarların yanında duran böyük dirijorlar da olub. Azərbaycan musiqisini Niyazisiz təsəvvür etmək mümkün deyil. Musiqi mədəniyyətimizin dünya miqyasına çıxmasında onun çox böyük əməyi var.  Niyazidən sonra Azərbaycan musiqisində yeni bəstəkarlar, ifaçılar nəsli yetişdi. Onların sırasında maestro Rauf Abdullayevin adını xüsusi qeyd etmək lazımdır”.

R.Abdullayevin repertuarının zəngin olduğunu deyən prorektor dirijorun klassik və müasir əsərləri eyni məharətlə idarə etdiyini diqqətə çatdırdı: “Bir çox tanınmış bəstəkarımızın əsərləri onun dirijorluğu ilə səslənib. R.Abdullayev opera, simfonik orkestr, həmçinin kamera orkestri dirijoru kimi fəaliyyət göstərib. Uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb və 50-yə yaxın tamaşaya rəhbərlik edib. O, 85 illik ömrünün 60 ilə yaxın bir dövrünü bu çətin sənətə həsr edib, onun inkişafına töhfələr verib”.

L.Hüseynova çıxışının sonunda yubilyara təbriklərini çatdırdı, cansağlığı və yaradıcılıq uğurları arzuladı.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrini idarə etmək üçün ilk olaraq pult arxasına gənc dirijor Mustafa Mehmandarov keçir. Orkestrin ifasında C.Verdinin “Taleyin yolu” operasından uvertüra səslənir. Bu əsəri indiyədək dəfələrlə dinləsək də, yubiley əhvallı olduğundanmı, yoxsa soyuq dekabr gecəsinin təsirindənmi bu dəfə orkestr bəstəkarın qayəsini daha hərarətlə tamaşaçılara ötürmüş oldu.

Alqışlarla qarşılanan əsər bitdikdən sonra yubilyara ünvanlanan təbriklər videoçarx şəklində təqdim edildi. SSRİ Xalq artisti Tamara Sinyavskaya, Xalq artistləri Fərəc Qarayev, Elçin Əzizov, dünya şöhrətli rusiyalı musiqiçilər Maksim Vengerov, Sergey Doqadin Rauf Abdullayevə təbriklərini ünvanladılar.

Təbriklərdən sonra gecə Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə  M.Musorqskinin “Sərgidən şəkillər” əsərinin səslənməsi ilə davam etdi. Dinləyicilər gözəl musiqidən, orkestrin virtuoz və ifadəli ifasından böyük zövq aldılar.

Konsert bitdikdən sonra gurultulu alqışlarla səhnəyə dəvət olunan və çiçək dəstələrinə qərq olan yubilyar sənətkar tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü ifadə edərək orkestrə və gənc həmkarlarına uğurlar arzuladı.

Qeyd edək ki, dövlət başçısının 28 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Xalq artisti Rauf Abdullayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə I dərəcəli “Əmək” ordeninə layiq görülüb.