Dovşandırsa, onda pişik hanı?
Pələng yeni ili kimə təhvil verəcək?
2023-cü ilin gəlişi, daha doğrusu, onun hansı heyvan üstündə təhvil olması barədə fikirləşəndə Molla Nəsrəddinin lətifələrindən biri yadıma düşür. Molla ilə arvadı arasında guya poçtalyonluq eləyən ağıllı dovşan barədə lətifəni demirəm. Pişiklə bağlı olanı xatırlayıram. Mətləbdən azca kənara çıxıb o lətifənin məzmununu danışım ki, oxucuların da yadına düşsün.
…Bir gün Molla bir kilo ət alıb arvadına verir ki, mən bazardan qayıdanadək bişir. Arvad qoçaq əti bişirir, qonşu arvadlarla elə yeyir ki, Mollaya heç nə qalmır. Molla evə gəlib ət xörəyi istəyəndə kişiyə deyir ki, bəs əti pişik yeyib. Gözünə döndüyüm Molla da dinməzcə pişiyi tərəziyə qoyub çəkəndə heyvanciyəz düz bir kilo gəlir. Belədə Molla arvaddan soruşur: “Yaxşı, bu, ətdirsə, pişik hanı? Yox, əgər pişikdirsə, ət hanı?”.
İndi də 2023-cü il qapımızın ağzını kəsdirəndə Mollanın sualını bir qədər dəyişib soruşmaq istəyirsən: “Yaxşı bu, dovşandırsa, pişik hanı? Yox, əgər pişikdirsə, dovşan hanı?”.
Şərq təqviminə görə, 2023-cü il Dovşan üstündə təhvil olur. Digər fərziyyəyə görə, üzümüzə gələn il Pişik ilidir. Təbiət və xislət etibarilə bu şirin, tüklü heyvanlara insanların münasibəti təxminən eynidir: sevənlər sevər, sevməyənlər də ta özləri bilərlər… Bəlkə də Buddanın 12 müqəddəs heyvan kimi seçdiklərinin arasında pişiklərdən bir nümayəndə – Pələng bəsdir.
Amma belə nəql edirlər ki, Budda Siçanı heyvanların ardınca yollayanda Siçan qəsdən Pişiyi çağırmayıb. Dovşan da Pişiklə bir neçə xarakterik oxşarlığından istifadə edərək, Buddanın ayaqlarının altında özünə yer edib. Bu, məsələnin, necə deyərlər, fərziyyə tərəfi. Məntiqə yaxın tərəf isə budur ki, “Myao” kəlməsi Çin dilində dovşan, Vyetnam və tay dillərində isə pişik deməkdir. Üstəlik, Çində dovşan əziz tutulsa da, məsələn, qonşu Tailandda pişik daha çox sevilir. Elə ölkənin digər adının Siam olmasını xatırlamaq kifayətdir. Bu üzdən 12 illik Şərq təqvimi sıralamasında Dovşan-Pişik duetini anlayışla qarşılamalıyıq.
İnanclara görə, illərin təhvil-təslim işinə baxan 12 heyvan altı rəngdə (qırmızı, sarı, ağ, yaşıl, qara, göy) olub, beş təbii ünsürü (od, torpaq, ağac, su, hava) təmsil edir. Buna inansaq, 2023-cü il Qara Su Dovşanı ilidir.
Bəs bu ildə insanları nələr gözləyir? Dovşan ailəcanlı, yuvasını sevən, balalarını əziz tutan heyvan olduğundan Dovşan ilində ailə münaqişələri, əziz adamlar arasında anlaşılmazlıq istisna olunur. Təbii ki, doğmalara xüsusi diqqət yetirdikdə evdən bərəkət əskik olmaz.
Dovşan əbəs yerə bolluq, xoşbəxtlik, uzun və fərəh dolu həyat rəmzi sayılmır. Proqnoza inansaq, 2023-cü il sabit il olacaq. Hərçənd gələn il üçün həyatınızı tamam dəyişəcək miqyaslı yenilikləri planlaşdırmaq da düzgün deyil. Əvəzində nikah bağlamaq, övlad sahibi olmaq, mənzil şəraitini yaxşılaşdırmaq cəhdlərinin uğurla bitəcəyi gözləniləndir.
Bəs Dovşan ilini necə qarşılamaq lazımdır ki, o, bizim ona göstərdiyimiz iltifatı bəyənsin? Astroloji tövsiyələr həm ailəlikcə evdən çıxmağı xoşlamayan kişilərin, həm də digər ailə üzvlərini sağlam menyuya alışdırmaq istəyən qadınların ürəyincə olacaq. Dovşan da, Pişik də evə bağlı olmaqları ilə seçilirlər. Deməli, Yeni ili evdə, ailə üzvləri və ən yaxın qohumlarla birlikdə qarşılamaq ilin rəmzinin ürəyincə olacaq. Dovşan tərəvəz və göyərti ilə qidalanır. Odur ki, süfrədə göyərtili-tərəvəzli yeməklərin bolluğu onun könlünü, süfrə başındakıların da mədəsini razı salacaq.
Dovşan ilinin konfliktsiz ötüşəcəyinə dair proqnoz fərd olaraq ürəyimizdən ola bilər, amma xalq, toplum olaraq belə fərziyyələrə inanmaq deyil, mübariz olmaq vacibdir. Ən azından ona görə ki, biz Siçan ilində (2020) Zəfər qazanmış xalqıq. İstər nikbin, istər bədbin olsun, bütün astroloji proqnozlara rəğmən, bizim öz niyyət-məramımız var: Firavanlığı həyat tərzinə çevirməklə böyük, güclü, həmrəy Azərbaycan yaratmaq! Bu amal uğrunda keçən ömrün bütün illəri mübarək olsun!