vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TOP OYUNLARI  
16:12 | 4 sentyabr 2015 | Cümə Məqaləyə 2686 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Abrımızı pozmaq istəmirik, amma ...»

Çingiz Abdullayevdən Sadıq Sadıqova açıq zərbə

AĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Neftçi» uğrunda müharibə davam edir. Hakimiyyətdən getdikdən sonra taxtına qayıtmaq üçün xalqı qurban verməyə hazır hökmdarlar kimi, Sadıq Sadıqov da nüfuzunu, hörmətini xərcləyir.

Onu əvəz edənlər isə daha tədbirlidir. Onlar «Neftçi»nin ilhaq planı zamanı olduğu kimi, indi də ehtiyatlı davranır, az danışır, çox iş görürlər. Onlar havaya güllə səpmirlər, barıtı bir yerə yığıb topla məhvedici atəş açırlar.

«Neftçi»nin mövsümə uğursuz başlaması sabiq prezident Sadıq Sadıqov üçün qisas fürsəti oldu. Özü üzə çıxmasa da, mümkün vasitələrdən istifadə edib, xələflərini gözdən salmağa, onların yarıtmazlığını ifşa etməyə çalışdı. Mətbuata ötürülən informasiyalar, silsilə yazılar və s. təsadüfi deyildi. Ssenari və dəst-xətt qeyri-peşəkar hazırlanıb ki, o dəqiqə mənbəni ələ verir.

Sadıqovun ətrafı özünəməxsus piarında olsun, «Neftçi»nin yeni rəhbərliyi maraqlı faktlarla düşmən cəbhəsini ən azı bir müddətlik susdurdu. Sadıqovun iştirak etmədiyi Müşahidə Şurasının son tədbirində iclasın sədri Çingiz Abdullayev elə bir müsahibə verdi ki...

Futboldan uzaq olan Çingiz bəyin müsahibəsində bir məqam var ki, onu oxuyanda bu sözləri məhz onun dediyinə əmin olursan. Söhbətin digər hissəsi isə əməlli-başlı sənət əsəridir – belə cavabların dar dairədə razılaşdırıldığı, ən azı müzakirə olunduğu hiss olunur.

Mətbuatda haqqında yazılan yazılardan narazılıq edən yazıçı-prezident Azərbaycanda olmamağının səbəbini məntiqlə açıqlayıb. İşgüzar adamının səfərlərdə olması təbiidir. Ancaq Abdullayevin Penklub haqda dedikləri tam cəfəngiyyatdır. Mübahisə etməyəcəm, bəlkə də, Çingiz bəy bu qurumu çox güclü sayır. Bununla belə, «Qarabağ» və «Qəbələ»ni avrokuboklardan uzaqlaşdırmaqdan xilas etdiyini deməsini təbəssümlə qarşılanasıdır. Azərbaycan klublarını 3 illik beynəlxalq oyunlardan kənarlaşdırmaq haqda dedikləri sadəcə, futbolun ali qurumlarının iş metodunu bilməməkdən başqa bir şey deyil.

Abdullayevin baza, bilet satışı, komanda ilə bağlı dedikləri məlum bayatının təkrarına bənzəyir. Neçə illərdi hamı bundan danışır və yalnız danışır.

Azarkeşlərlə bağlı yaranmış problemə də toxunan klub rəhbəri bunun günahını özündə görüb: «Azarkeşlər son vaxtlar təxribatçı hərəkətlərə əl atırlar. Rəqib komandanın avtobusunun şüşəsini sındırıblar. Biz bilirik ki, bunu «Neftçi»nin azarkeşləri etmir. Hansısa şəhərə gedəndə söyüş söymək qəbulolunmazdı. Hamımız azərbaycanlıyıq. Söymək, dalaşmaq nəyə lazımdı? «İnter»lə oyunda azarkeşlərdən biri aşağı düşüb, futbolçuları təhqir edib. Həmin azarkeşin də içkili vəziyyətdə olduğu deyilir. Amma yenə də mən günahı rəhbərlikdə görürəm. Əgər «Neftçi»nin azarkeşi bu hərəkəti edirsə, deməli, bu, mənim günahımdı. Ailədə uşaq içirsə, günah onun atasındadı. Deməli, stadionda nizam-intizam düzgün qurulmayıb. Beynəlxalq qanunlar var. Heç kim soruşmayacaq ki, kim nə edib. Stadionu bağlayacaqlar. Onlar da belə vəziyyətdə günahı rəhbərlikdə görürlər, klubu cərimələyirlər. Düz də edirlər. Doğrudur, həmin vaxt burda olmamışam. Ancaq yenə də günahkar mənəm. Belə şeylərə yol verilməməlidi».

Abdullayevin sabiqlərin düşərgəsinə atdığı bomba həm də onları ifşa cəhdinə oxşayır. Sabiqlərin pulu havvaya sovurmasına diqqəti çəkmək üçün Çingiz bəy konkret rəqəm də söyləyir: «Dünən SOCAR-ın prezidenti və vitse-prezidenti ilə görüşümüz oldu. Onlar klubun bütün borclarını ödəməyə razılıq verdilər. 10-15 günə «Neftçi»nin heç kimə borcu qalmayacaq. Emil Mpenza da daxil olmaqla, heç bir futbolçuya borcumuz qalmayacaq. Klubun 3 milyon dollara yaxın borcu var idi. Sağ olsun SOCAR rəhbərliyi, bu problemi həll etdi. Əvvəlki prezident Sadıq Sadıqovun arxasınca danışmaq istəmirəm. O, burda böyük işlər görüb. Amma həqiqət budur ki, mən bura gələndə klubun xeyli borcu var idi. Bildiyiniz kimi, futbolçunun alacağı olduğu klubu məhkəməyə vermək hüququ var. Belə olarsa, məhkəmə klubu ciddi cəzalandıra bilər. Biz də bunun baş verməməsi üçün müvafiq addımlar atdıq».

Sədr Sadıq bəyin arxasınca danışmaq istəməyə-istəməyə danışıb. Amma bu, eyni zamanda cəsarətli jestdi. Sadıqov gizli mübarizə apardığı halda Abdullayev sözü birbaşa üzə deyir, fakt açıqlayır. Buyursun, Sadıq bəy bunu inkar edəcək açıqlama versin, dövlətin pulunu dağıtmadığına dair fakt ortaya qoysun.

«Bu hörmətsiz yazılar təkcə bizə qarşı yox, komandaya, sponsorumuza, işçilərimizə qarşıdı» – bu cümlədə bilirsiz nə hikmət var? «Neftçi»nin indiki rəhbərliyinin də, sabiq rəhbərliyinin də, sabiq rəhbərliyin indi işlədiyi digər qurumun da sponsoru eynidi. Sizcə, Abdullayev sələfini yuxarılara nişan vermirmi? «Cavab verib, abrımızı pozmaq istəmirik. Amma cavab verməyəndə də olmur».

«Başa düşürəm ki, sifarişli yazılardı. Amma onlar da başa düşsünlər ki, bizim məhkəməyə vermək, böyük təzminat almaq hüququmuz var. 9 milyonluq xalq məni yaxşı tanıyır» deyən Çingiz bəy Gündüz Abbaszadə haqda danışanda da aşkar şəkildə Sadıq Sadıqovu ifşa edir: «Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə gedəndə mən burda yox idim. Gündüzü uşaqlığından yaxşı tanıyıram. Çünki atası o vaxt Yazıçılar Birliyinin üzvü olub. Mən burda olmayanda bizə qarşı çox məqalələr yazılıb. Kimin nəyə görə yazdığını, kimin sifariş verdiyini hamı yaxşı bilir. Həmin məqalələrdən sonra Gündüzü çağırıb, niyə cavab vermədiyini soruşulub. O da deyib ki, kimin nə sifariş etdiyini mən də yaxşı bilirəm. Amma məni də başa düşün, bəziləri ilə çörək kəsmişəm, dost olmuşam, onlara qarşı danışa bilmərəm. Gündüz deyib ki, ən yaxşısı mənim ərizəmi yazıb işdən çıxmağım olar, çünki onlara qarşı heç nə deyə bilməyəcəm. Bu, onun öz qərarı idi və biz də hörmətlə qarşıladıq. Gündüz məncə, yaxşı jurnalist idi».

Barıtın dozasına fikir verin! Gündüz demişdi ki, məndən keçmiş rəhbərliyə cavab verməyimi istəyirlər, mən isə onlarla çörək kəsmişəm. Abdullayev də dolayısı ilə bildirir ki, bu yazıları sifariş edənlər Abbaszadənin vaxtilə çörək kəsdiyi insanlardı. Həm də Gündüzün dili ilə deyir. Nəticə: Sadıq bəyə daha bir öldürücü zərbə.

Bu hələ açıq müstəviyə keçməkdə olan soyuq müharibənin mətbuata çıxan hissəsidi. Çingiz bəyin sponsorlarla görüşdə daha hansı gizlinlərdən söz açdığını bir özü bilir, bir də onu dinləyənlər. Ona görə də tezliklə idman sahəsində Sadıqov erasının ümumiyyətlə, bitdiyni eşitsəz, təəccüblənməyin. Ancaq o da mümkündü ki, məxfi söhbətlərdə Sadıq bəy də hansısa məsələləri aydınlaşdırıb, özünə bəraət verən faktlar açıqlayacaq. Axı, o da hesabat verməlidi. Sponsorlar borc kimi yığılan 3 milyonu ödəyəndə bunun necə yaranmasını da soruşacaq.

Gələn həftənin əvvəlində mühüm təyinatlar olmalıdı. Hər şeyə hazır olun…