vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
CƏMİYYƏT  
18:45 | 18 mart 2019 | Bazar ertəsi Məqaləyə 2282 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məhbus açılımı

Top müxalifətdədir

Aygün MURADXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Təxminən 3 aydır Əfv Fərmanı ilə bitən prosesi izləmək imkanım yaranmışdı. İnsan haqlarını müdafiə təşkilatlarının prezident yanında Əfv Komissiyası ilə birgə yığıncaqları haqqında bir neçə xəbər yazmışdım. Eyni zamanda insan haqları müdafiəçilərinin durum dəyərləndirmələri, əfvə təqdim olunacaq şəxslərin siyahısını hansı prinsiplərlə yenidən hazırlamaları haqqında bilgim vardı. Prosesin intensivliyi, tərəflərin davamlı dialoq halında çalışmaları Novruz bayramı ərəfəsində indiyə qədər görünməmiş əfv fərmanının olacağı təsəvvürü yaradırdı.

Nəhayət, bayrama günlər qala şad xəbər gəldi – prezident İlham Əliyevin fərmanı ilə təqdim olunan siyasi məhbus siyahısındakıların hamısı azadlığa çıxdı. Bu, son illər ölkədəki siyasi mühitin sağlamlaşdırılmasına və vətəndaş cəmiyyətinin yaradılmasına yönəlik ən böyük addım idi.

Fərman imzalanandan dəqiqələr sonra başlanan, bir müddət gündəmdə qalacağı şübhə doğurmayan müzakirələr onu göstərir ki, cəmiyyət bu addımı böyük sevinclə qarşılayıb. Hakimiyyət düşərgəsi öz yerində, siyasi baxışları fərqli olan insanlar belə prezident Əliyevin fərmanını bayram ərəfəsində cəmiyyətdə xoş ovqat yaratdığını bildirirlər.

Azadlığa çıxan şəxslər sırasında elələri var, fərmanda adı görünməyənə qədər çoxları onların azad ediləcəyinə inanmırdı. Biri Əli İnsanov... Onun 14 illik məhbəs həyatının başa çatması üçün həm ölkə içərisindən, həm ölkə dışından xeyli çalışmalar olduğunu gündəmini izləyən hər kəs bilir. Avropa İnsan Haqları məhkəməsinin Əli İnsanovun qeyd-şərtsiz azadlığa çıxması ilə bağlı qərarının kağızı çoxdan saralıb.  Ona görə də, məhbəsdən çıxış anında keçmiş səhiyyə nazirinin “məni Amerika və Avropa azad edib” deməsi, doktor İnsanova daha yaxın leksikonla desək, boğazı ağrıyan xəstəyə böyrək çatışmazlığı diaqnozu qoyulmasına bənzədi. Əli İnsanov 14 il öncəki və sonrakı Azərbaycanlıların siyasi gerçəkliklərini aydın təsəvvür etməkdə çətinlik çəkir...

Onun ilk bəyanatı Azərbaycan müxalifətçilərinin 14 il öncəki ritorikası ilə yüzdə yüz eynidir. O zaman da hakimiyyətlə arası açılan müxalifətçilərə elə gəlirdi “demokratiya və insan haqları heç bir ölkənin daxili işi deyil” deyən Qərb xilaskardır. Ancaq mənzərə fərqli idi - Qərb Sovetlər Birliyinin dağılmasının ilk illərində Güney Qafqaza göstərdiyi diqqəti getdikcə azaldır, demokratik düşərgələrlə sıx işbirliyi iqtidarlarla dövlətlərarası müqavilələrlə əvəzlənirdi. Azadlıqda olan müxalifətçilər bunu illər öncədən dərk etdikləri üçün artıq kənar müdaxilə ilə ölkədə ciddi dəyişikliklərin mümkünsüzlüyü gerçəyini qəbul edirlər. Yəqin yaxınlarda Əli İnsanov da onu azadlığına qovuşduran qüvvənin ABŞ prezidenti Tramp yox, Azərbaycan prezidenti İlham Əliyev olduğunu hiss edər.

2019-cu ilin ilk günlərindən ölkədə başlanan açılımın müəllifi şəxsən İlham Əliyevdir. Bu açılımı ona nə ABŞ, nə Qərb diktə etməyib. Şahidi olduğumuz və yaşadığımız müsbət tendensiyaların prezidentin şəxsi qərarları olduğuna əmin olmaq üçün dövlət başçısının son çıxışlarını izləmək yetərlidir. Prezident Əliyev faktiki olaraq qısa zaman sonra atacağı bütün addımların anonsunu öncədən verir.

Məsələnin ən maraqlı tərəfi odur ki, ilin əvvəlindən vətəndaşların əsasən sosial problemlərinin çözümünə yönəlmiş addımlar uzun illərdir ən kəskin iqtidar-müxalifət münasibətlərinə meydan olan siyasət səhnəsinə də keçir və bu təşəbbüsün müəllifi də prezident Əliyevdir. Demək, yaxınlarda məhz onun qərarları ilə Azərbaycan siyasəti yenidən şəkillənəcək. İlin əvvəlindən atılan addımlarda olduğu kimi – vətəndaşın xeyrinə.

Top müxalifətdədir. Ölkə gündəmini baş verənlərə qeyri-adekvat bəyanatlar, açıqlamalarla doldurmaq yerinə açılımlara dəstək vermək zamanı gəlib.

Aygün MURADXANLI