vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
REGİON  
11:01 | 2 aprel 2019 | Çərşənbə axşamı Məqaləyə 2317 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Naşı qara qutu

Ukrayna niyə artistə üstünlük verdi?

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Proqnozlaşdırıldığı kimi Ukraynadakı prezident seçkisinin birinci turunda artist və şoumen Vladimir Zelenski qələbə çaldı. Zelenskinin ikinci tura çıxan hazırkı prezident Petro Poroşenko ilə arasındakı fərqi 13 faiz arasındadır. Heç bir siyasi təcrübəsi olmayan artistin illərin siyasətçilərini qabaqlaması nonsensdir. Görünür, bu ukraynalıların hazırkı siyasətçilərdən və siyasi cərəyanlardan yorulması və verilən vədlərin yerinə yetirilməməsi ilə bağlıdır.

Buna baxmayaraq, Petro Poroşenkonun ikinci tura çıxması onun kiçik qələbəsi sayıla bilər. Çünki, hələ 5-6 ay əvvəl Poroşenko reytinqinə görə 5 və ya 6-cı sıralarda idi, müxalifətin namizədi Yuliya Timoşenkondan ən azı 15-18 faiz geri qalırdı. Ancaq seçki gününə yaxın Poroşenko və onun komandası toparlanaraq Timoşenkonu və digər namizədləri qabaqlaya bildilər.

Əsl yarış bundan sonra başlayacaq. Seçkinin ikinci turu aprelin 21-dədir. İlk baxışdan 13 faiz fərqlə Zelenski ikinci turun da qalibi kimi görünə bilər. Üstəgəl ikinci tura çıxmayan Timoşenkonun (13 faiz) və Boykonun (10 faiz) elektoratının da Zelenskiyə səs verməsi onun prezident seçilməsi şansını artırır. Ancaq 20 gün içində bu durum dəyişə də bilər.

Birincisi, Vladimir Zelenski siyasətdə yeni adamdır, naşıdır, bir sözlə çoxları üçün qara qutudur. Gənclərin böyük əksəriyyəti ona səs verib. Bu bir qədər də emosional qərar idi. Ancaq ikinci turda seçici ölkənin taleyini kimə etibar etməsi məsələsində ciddi düşünmək məcburiyyətində qalacaq.

İkincisi, Vladimir Zelenskinin parlamentdə dəstəyi, fraksiyası yoxdur. Bunu da seçicilər ikinci turda nəzərə alacaqlar. Başqa sözlə ikinci turda seçici ürəyi ilə deyil, ağlı ilə səs vermək məcburiyyətindədir.

Üçüncüsü, Petro Poroşenko rəqibini televiziya debatlarına çağıracaq. Bu Poroşenkonun nəyinə lazımdır? Poroşenko illərin siyasətçisidir, yaxşı natiqdir. Bu xüsusiyyətlərin heç biri Zelenskidə yoxdur. O birinci turdan öncə jurnalistlərə siyasi mövzularda müsahibə verməkdən yayınırdı. Çünki, onun nə konkret proqramı və komandası var, nə də ölkə qarşısındakı ciddi problemlərin həlliylə bağlı düşüncələri formalaşıb. Zelenski televiziya ekranları qarşısında rəqibi ilə debatlara razılaşsa ciddi suallarla üzləşəcək. Zelenski debatlardan imtina edərsə, bu onun zəifliyi kimi görünəcək və reytinqinə mənfi təsir edəcək.

Beləliklə, Poroşenko üçün hələ heç nə itirilməyib. Gürcüstanda oxşar hadisələr baş vermişdi. Gürcüstanda prezident seçkisinin birinci turunda müxalifətin namizədi Vaşadze rəqibi Zurabişvilini xeyli qabaqlayırdı və çoxları onun ikinci turda asanlıqla prezident seçiləcəyini proqnozlaşdırırdı. Ancaq administrativ resurslar və yağlı vədlər hesabına Zurabişvili ikinci turda qələbə çaldı. İkinci tura yaxın Poroşenko da eyni taktikadan istifadə edəcək. O da seçicilərə elə vədlər verə bilər ki, bu seçiciləri şirnikləndirə bilər.

Ukraynadakı prezident seçkisi Azərbaycanda diqqətlə izlənildi. Bu təbiidir. Ukrayna ilə sıx əlaqələrimiz var, orada təxminən 500 min azərbaycanlı yaşayır. Zelenski Ukraynanın prezidenti seçilərsə, oliqarx İqor Kolomoyskiy bir müddət ölkənin əsas fiquruna çevriləcək. Zelenski öz şouları ilə məhz Kolomoyskinin nəzarət etdiyi televiziya kanalında məşhurlaşıb. Digər tərəfdən, Zelenskinin seçkiqabağı kampaniyası da Kolomoyski tərəfindən maliyyələşdirilir. Kolomoyski Petro Poroşenkodan narazıdır. Çünki Poroşenko bir neçə il əvvəl Kolomoyskinin ölkə siyasətinə təsirini azaltmaq üçün onun ölkəni tərk etməsini istədi. Kolomoyski bir müddət İsveçrədəki villasında yaşadı, daha sonra İsrailə köçdü. Poroşenko Kolomoyskini siyasətdən uzaqlaşdıra bilmədi. Çünki Kolomoyski ölkə kənarından da Ukraynadakı siyasi proseslərə təsir etdi və Zelenski onun uğurlu layihəsi sayılır. Zelenski qələbə qazanarsa, Kolomoyski Ukraynaya qayıdacaq və Poroşenkodan intiqam almağa çalışacaq.

Zelenskinin dostları arasında ermənilərin çoxluq təşkil etdiyini vurğulamaq lazımdır. Bu baxımdan Zelenskinin Cənubi Qafqaza baxışı maraqlıdır. Petro Poroşenko Azərbaycana rəsmi səfər etmişdi. İlham Əliyev onunla yaxın münasibətlər qurmuşdu. Ona görə də Azərbaycan üçün ideal variant Poroşenkonun yenidən prezident seçilməsidir. Ancaq Zelenskinin Ukrayna prezidenti seçilməsi də Azərbaycan üçün problem yaratmayacaq. Ukrayna GUAM çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada investisiyaları var. İki ölkə arasında yük daşımaçılığı artır. Zelenski bu reallıqları nəzərə almaq məcburiyyətindədir. Eyni ilə Zurabişvili də seçkidən əvvəl ermənilərlə görüşmüş və onlara simpatiyasını ifadə etmişdi. Ancaq seçkidən sonra Zurabişvili bölgə ölkələrindən ilk olaraq Azərbaycana səfər etdi. Çünki Zurabişvili də mövcud reallıqlarla hesablaşmaq məcburiyyətində qaldı.

Rusiya Ukraynada istədiyi şəxsin prezident seçilməsinə nail olmadı. Prezidentliyə namizədlərdən biri Yuri Boyko seçkiyə bir həftə qalmış Moskvaya gedərək Rusiyanın baş naziri Dmitri Medvedyevlə və “Qazprom” şirkətinin rəhbəri Aleksey Millerlə görüşdü. Görüşün məsqədi kimi Rusiya qazının Ukraynadan tranzitinin davam etdirilməsinin təminatı göstərildi. İki ölkə arasında qazın tranziti ilə bağlı saziş bu il bitir. Rusiya Avropaya qazı Şimal və Qara dənizin dibi ilə çatdırmağa başlasa, Ukraynadan tranzitə ehtiyacı qalmayacaq. Moskvanın məqsədi bu yolla Ukraynanın hazırki hakimiyyətini cəzalandırmaqdır.

Yuri Boyko Rusiyanın baş naziri ilə görüşdə dedi ki, Rusiya qazının tranziti Ukraynaya illk 3 milyard dollar gəlir gətirir, ayrıca bu 50 min iş yeri deməkdir, Ukrayna da bu qazdan tələbatını ödəmək üçün istifadə edir. Boyko onu da dedi ki, iki ölkə arasında ticarət mübadiləsini artırmaq lazımdır.

Çox qəribə vəziyyət idi. Ukraynalı siyasətçi və prezidentliyə namizəd torpaqlarını ilhaq edən və separatçılara dəstək verən ölkəyə səfər edərək əməkdaşlığın inkişafı perspektivlərindən danışırdı. Yuri Boyko prezident seçilmədi. Belə isə Kremlin Boykonu Moskvaya dəvət edib danışıqlar aparmasında məqsədi nə idi?

Birincisi, Moskva Boyko ilə danışıqlar əsasında Ukrayna cəmiyyətinə mesaj göndərirdi ki, əgər bizim namizədi prezident seçsəniz, ucuz qaz da alacaqsınız, tranzit də davam edəcək, 3 milyard dollar itkiniz də olmayacaq. Əks halda, hamısını itirəcəksiniz.

İkincisi, Moskva Bokyonun prezident seçilməyəcəyini bilsə də, Ukraynanın şərqindəki və mərkəzindəki elektoratın bir hissəsinin Boykoya səs verəcəyini ehtimal edirdi. Belə də oldu. Boyko 10 faiz səs topladı və bu ruspərəst siyasətçi üçün kiçik rəqəm deyil. Kreml Ukraynada prezident kürsüsünə öz adamını otuzdura bilməsə də, oktyabrda keçiriləcək parlament seçkilərində Rusiya ilə yaxınlığa təfərdar çıxan daha çox siyasətçini Ali Radaya üzv elətdirməyə çalışacaq. Boykonun Moskva səfəri bu siyasətin indidən formalaşdırılmağa başlamasının işarəsidir.

Rusiya Ukraynada nə vaxtsa istədiyi siyasətçini və ya siyasi partiyanı hakimiyyətə gətirsə, sanksiyalardan qurtulacaq. Ukraynanın hansısa hakimiyyəti Rusiya ilə siyasi və iqtisadi əlaqələri bərpa edərsə və Krım məsələsini unudarsa, Qərbin Rusiyaya qarşı sanksiya tətbiqinə ehtiyac qalmayacaq. Çünki işğala məruz qalan ölkənin özü belə Rusiyanı bağışlamağa hazır olacaq. Ona görə də yaxın illərdə Kremlin qarşısında duran əsas vəzifə Ukraynada ruspərəst siyasətçini və partiyanı hakimiyyətə gətirməkdir.

 


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)