vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 may 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ENERGETİKA  
16:36 | 6 aprel 2020 | Bazar ertəsi Məqaləyə 288 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neftin cümə axşamı...

Anlaşma əldə edilməsə, qara qızıl, demək olar ki, havayı olacaq

Naqit CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Neftin yaxın aylar üçün taleyi cümə axşamı müəyyən ediləcək. Aprelin 9-da OPEC və Rusiya (əslində Səudiyyə və Rusiya) görüş keçirəcək, müəyyən qərarların alınması gözlənilir. Amma ən maraqlı məsələ budur ki, Tramp və ABŞ dünyada neft qiymətlərinə təsir edən başlıca güc kimi yenə özünü göstərdi. Məsələnin məğzi nədir?

Xatırlayırsınızsa, neft 70 dollara qalxan kimi Tramp bir “twit” atdı və OPEC+ formatını təhdid etdi ki, qiymətləri süni yolla yuxarı çəkirlər, bu isə ABŞ üçün məqbul deyil, baha neft qiyməti daha baha benzin deməkdir – amerikalılar üçün bu qəbul edilməzdir. Dəfələrlə yazı və müsahibələrimdə qeyd etmişdim ki, ABŞ seçicilərinin səsvermədə ən çox fikir verdiyi məsələ benzin qiymətləridir, çünki ABŞ avtomobil ölkəsidir, hər 1000 nəfərə 838 avtomobil düşür, dünyada ən yüksək göstəricilərdən biridir. Tramp prezident seçilən il ABŞ-da 1 qallon (1 qallon təxminən 3.8 litrə bərabərdir – red.) benzinin (3,7 litr) ölkə üzrə orta qiyməti (ştatdan ştata fərqlənirdi) 2,5 dollar civarında idi. Keçən ilin sonunda 1 qallon benzinin qiymət 4 dollar civarında oldu – bu da Tramp müəllimin xoşuna gəlmədi deyə ard-ardına “twit” yazaraq qiymətləri bir az aşağı çəkməyi bacardı. O zaman da təhdid dolu bəyanatları olurdu, hətta OPEC-lə bağlı “kartel sövdələşməsi” məsələsini məhkəməyə verməyi düşünürdülər. Trampın istəyi o idi ki, neft 45-50 dollar civarına çəkilsin, benzinin qallon qiyməti də 3 dollardan aşağı olsun – bu zaman seçkilərdə şansı artırdı, həm də ABŞ-ın irili-xırdalı neft istehsalçıları üçün 45-50 dollar koridoru çox komfortlu qiymət aralığı idi.

Martın əvvəlində OPEC-də razılaşma pozuldu, Rusiya və Səudiyyə anlaşmadılar, qiymətlər kəskin düşdü, Rusiyanın öz oyunu vardı – ABŞ istehsalçılarını bazardan sıxışdırıb çıxartmaq, amma əsas hədəf bu da deyildi: Məqsəd qazın da qiymətini ucuzlaşdıraraq ABŞ-ın Avropaya sıxılmış qaz satmaq ideyasını puça çıxartmaq idi. ABŞ aqressiv şəkildə Avropaya sıxılmış qaz (LNG) satmağa başlamışdı, bu il isə satış həcmini 80 milyard m3-ə çatdırmağı planlaşdırırdı. ABŞ qazı daha bahadır, logistika və əməliyyat xərcləri daha çoxdur, Rusiya isə borular vasitəsi ilə ildə Avropaya 150 milyard kubmetr qaz satır, bir neçə ay daha ucuz satmağa razı idi ki, təki ABŞ o bazara girə bilməsin. Məncə, Kreml bu planı keçən ilin sonunda təsdiqləmişdi, çünki OPEC+ formatında növbəti görüşün məhz mart ayında olacağı öncədən bilinirdi. Martın əvvəlində isə hələ dünya tam “qıfıllanmamışdı”, Kreml virusun təsirlərinin miqyasını anlamadı deyə anlaşmanı pozdu, amma Səudiyyə məsələnin ciddi olacağını bildiyindən daha böyük hasilat kəsintisinə getməyi təklif etmişdi. Amma, təbii ki, bu Səudiyyənin ağlının məhsulu deyildi – Böyük Qardaşı, ABŞ məhz belə məsləhət görmüşdü. Məncə, ABŞ Rusiyanın qərarlarından öncədən xəbəri var idi, həm də virusun daha geniş karantin tədbirlərinə səbəb olacağını hesablamışdı.

Amma olan oldu, OPEC+ anlaşması pozuldu, neft 10 dollar ucuzlaşdı, bu hadisədən cəmi 5 gün sonra DST (Dünya Səhiyyə Təşkilatı) dünyada pandemiya elan etdi. Bundan sonra ölkələr ard-arda qapanmağa, karantin tədbirlərini sərtləşdirməyə başladılar – nəticədə Dünyanın üzərinə qıfıl vuruldu. Bu isə dünyada neft istehlakını ilk həftə 8 faiz, sonra 15 faiz, bu günə isə 25-30 faiz azaltdı. Nəticədə neft qiymətlərində “sərbəst düşmə” başladı, birja qiymətləri ilə spot (günlük real satış) qiymətləri arasında uçurum yarandı. Bu gün Dünyada günlük 101 milyon barel neft hasil olunur, günlük istehlak isə 65-70 milyon barelə düşüb – dünya neftdə üzür, xammalı saxlamağa rezervuarlar, tankerlər çatışmır.

ABŞ neft istehsalçılarının hər barel üçün maya dəyəri 25-35 dollar arasında dəyişir (şirkətin böyüklüyü, logistik imkanları, texnoloji vəziyyətinə görə), bugünkü qiymətlər ABŞ istehsalçılarının 80 faizinin bankrot olması deməkdir, amma orda da bir “pəncərə” var: ABŞ-da bütün neft istehsalçıları həmişə öz fəaliyyətlərini sığortalayırlar (hedging), bu onlara yaxın həftələrdə dözməyə imkan verəcək, amma qiymətlər 2 ay 20-25 dollarda qalsa çoxu bankrot olacaq. ABŞ-da bu sahədə yüzminlərlə insan çalışır, məhz buna görə yenə Tramp müəllim “twit” qılıncını əlinə alıb işə müdaxil oldu – Rusiyanı və Səudiyyəni təhdid edir ki, birlikdə hasilatı 10-15 milyon barel azaltsınlar, ABŞ özü isə hasilatı azaltmaq istəmir, deyir ki, bizdə 3300 iri-xırda şirkət var, dövlət onlara söz deyə bilməz.

Həm texniki, həm iqtisadi, həm də məntiq olaraq Rusiya və Səudiyyə hasilatı birdən-birə 10-15 milyon barel azalda bilməz – ikisinin birlikdə günlük hasilatı 21 milyon bareldir, gərək hər bir ölkə azı 5-6 milyon barel kəsintiyə getsin, bu isə mümkün deyil. Ən dəhşətlisi budur ki, qıfıllanmış Dünyada 10 milyon barel günlük hasilatın azalması belə işə yaramır – kəsinti ən azı 20 milyon barel olmalıdır ki, neft 35-40 dollar koridoruna yerləşsin, bu isə, dediyim ki, heç texniki olaraq da mümkün deyil.

Məncə, aprelin 9-da, cümə axşamı günü bazara sözlü müdaxilələr real işlərdən daha çox olacaq, təqribən, 5-6 milyon barel kəsintiyə gedəcəklər, bunun 3-3,5 milyon barelini Səudiyyə öz üzərinə götürəcək (burda da fırıldaq var – onlar bu aydan günə 12 milyon barel neft hasil edəcəklərini demişdilər, indi deyəcəklər ki, 9 milyon hasil edəcəyik, faktiki olaraq isə hələ artırmadıqları həcmdən imtina edəcəklər), Rusiya 1,5-2 milyon barel azaltma ilə bağlı öhdəlik götürə bilər, qalan həcmi isə iri-xırda ölkələrin belinə yükləyəcəklər. Biz əvvəl OPEC+ anlaşmasında 20-30 min barel günlük kəsintiyə boyun olmuşduqsa, indi 50 min barel bizə yükləyəcəklər. Amma bunun yetərli olmadığını hamı gözəl bilir – ona görə də, sözlü müdaxilələr daha çox olacaq ki, bəs gələcəkdə 15-20, hətta 35 milyon barel də hasilatı azalda bilərik. Belə sözlü müdaxilələrlə bazarı diri tutmağa, heç olmasa 35-40 dollar qiymət koridoruna çatmaq istəyirlər. Məsələn, Putin dedi ki, 42 dollar qiyməti Rusiya üçün ideal olar.

Amma anlaşmanın olmama ehtimalı da var – belə olsa 5-ci gün birjalarda neft, demək olar ki, havayı olacaq, qiymət 10-15 dollara düşəcək...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *