vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 30 noyabr 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ENERGETİKA  
14:18 | 22 aprel 2020 | Çərşənbə Məqaləyə 4136 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Son 20 ilin dibi

Neft o qədər ucuzlaşıb ki, treyderlər nefti yığmağa yer axtarırlar

MÖVZU İLƏ ƏLAQƏLİ

Koronavrus pandemiyası dünya neft qiymətlərini durmadan aşağı salmaqda davam edir. Virtualaz.org xəbər verir ki, Amerika və Rusiya neftinin ardınca “Brent” nefti də kəskin ucuzlaşmağa başlayıb və bu gün aprelin 22-i səhər saatlarına olan birja məlumatlarına görə 1 barreli 16 dollardan da aşağıdır. Bu, 2001-ci ildən bəri ən aşağı qiymətdir. Belə qiymət “Brent” neftinin iyun fyuçerslərinə aiddir, yəni alıcıya iyun ayında çatdırılması şərti ilə birja əqdlərində bu qiymət göstərilir.

“WTI” markalı Amerika nefti isə aprelin 20-nə nisbətən indi xeyli bahalaşmış sayıla bilər, çünki həmin gün Amerika neftinin qiyməti “mənfi 40 dollara” qədər enmişdi, yəni nefti (daha doğrusu may ayı üçün fyuçersləri) müftə satıb üstəlik üstündə hər barelə görə 40 dollar ödəmişdilər. İndi isə WTI neftinin bir bareli 11 dollara yaxındır.

Neft bazarında yaranmış bu dramatik vəziyyətlə bağlı ötən gecə OPEC+ formatına daxil olan bəzi ölkələr videokonfrans rejimində təcili müzakirələr keçiriblər. OPEC katibliyinin yaydığı fotoya əsasən bu müzakirələrdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edib. Müzakirələrdə Əlcəzair mayın 1-ni gözləmədən hasilatı indidən aşağı salmağa çağırıb. Xatırladaq ki, bundan əvvəl OPEC+ ölkələri mayın 1-dən etibarən hasilatı sutkada 10 milyon barel azaltmağa razılaşıblar.

Bildirilir ki, Əlcəzairin təşəbbüsü daha iri neft ölkələri tərəfindən hələlik dəstək qazanmayıb. Əslində texniki baxımdan hasilatı bir günün içində kəskin azaltmaq da mümkün deyil, quyuları bağlamaq mürəkkəb texniki prosedurlar tələb edir.

Müzakirələrdə Azərbaycanın energetika naziri də təklif verib, bildirib ki, OPEC+ formatına daxil olmayan ölkələr də hasilatı azaltmalıdır.

Xatırladaq ki, koronavirus pandemiyasına görə dünyada neftə tələbat görünməmiş həcmdə aşağı düşüb, nəticədə tələb təklifi üstələyib və bütün neft anbarları, tankerlər neftlə doludur. İki gün əvvəl Amerika neftinin tarixdə görünməmiş dərəcədə ucuzlaşıb mənfi 40 dollara satılması da treyderlərin əllərindəki nefti saxlamağa yer tapmamaq təlaşından irəli gəlmişdi.

Bir bareli mənfi 40 dollar - dünya ilk dəfədir ki, neft qiymətlərinin (buna qiymət demək olarsa) belə aşağı səviyyəyə düşməsini görür. Bəs  satanlar buna görə narahat olmalıdırlarmı? Alanlar (yollara asfalt çəkənlər, maşınlarına benzin tökənlər, evlərini isidənlər və s.) necə, sevinməlidirlərmi?

Yox, çünki Amerikadakı mənfi qiymət real həyata çox az aidiyyəti olan bir texniki nasazlıqdır, maliyyə riskidir. Yanacaqdoldurma stansiyalarında hələ ki, heç kimə müftə benzin verib üstündə pul ödəməyəcəklər.

Adi neft - qara, qatı və iyli maye hələ qiymətini itirməyib, tarixi perspektiv baxımından indiki qiymətlər çox gülməli görünsə də. Mənfi 40 dollara olan neftsə artıq yoxdur. Bu qiymət fyuçersə (neftlə təmin olunan maliyyə alətinə) - xammalın konkret müddət ərzində çatdırılması müqavilələrinə aid idi.

 

Nə baş verib?

 

Fyuçers may ayı üçün müəyyənləşmişdi, ancaq aprelin 21-də sona çatıb və indi neft heç kimə lazım olmadığı üçün investorlar müqavilənin bitməsinə bir gün qalmış istənilən qiymətə ondan xilas olmağa çalışıblar. Ona görə də qiymət mənfi həddə qədər düşüb.

Nefti geri almamaq üçün investorlar satıcılara hətta pul ödəməyə də hazırıydılar. Əks halda artıq nefti Texasdan alıb Kuşinqdəki anbara yığmalıydılar. Ancaq tərslikdən bu anbarlar da doludur.

BBC qeyd edir ki, nə vaxtsa bununla bağlı Kristian Balenin  rol aldığı "The Big Short" kimi biri film çəkiləcək. Bu filmin qəhrəmanı dünya maliyyə böhranından xeyli əvvəl təminatsız ipoteka kreditlərinin çökməsi ehtimalına yatırım edir. Filmin sonunda lövhəyə yazdığı rəqəm (489%) onun bu əməliyyatdan necə böyük qazancla çıxdığını göstərir.

İndiki situasiyada isə kimlərsə neftin 10 dollardan da çox ucuzlaşması ehtimalına "oynayıb".

Bu “kimlərsə” 1 barel üçün şərti olaraq 25 dollar nəzərdə tutulmuş may müqaviləsinin alıcılarına imkan verməyiblər ki, 22 dollarlıq iyun müqaviləsinə keçib 3 dollarlıq cərimə ödəsinlər. Onlar israrla müqaviləni satmayacaqlarını, ancaq real neft tədarük etməyə hazır olduqlarını bildiriblər.

Bununla heç kim razılaşmayıb, insanlar qatı mayeylə dolu sisternləri yox, maliyyə müqaviləsi satın alıblar. Nəticədə may fyuçerslərinin sahibləri onlardan qurtulmaq üçün əlavə pul ödəməyə razı olublar, əks halda daşınma və saxlama üçün daha çox xərc çəkməli olacaqdılar.

 

Neft lazım olduğundan çoxdur

 

Çərşənbə axşamı vaxtı bitmiş may müqavilələrinin sahibləri istənilən başqa situasiyada fiziki nefti alıb ondan neft məhsulları istehsal edə və bu məhsulları sata bilərdilər. Ancaq koronavirusdan böyük zərər çəkmiş dünya iqtisadiyyatının tələbatı ciddi səviyyədə azaldığı üçün indi bunu etmək mümkün deyil.

Amerikanın neft bazarındakı "qara bazar ertəsi" dünyada iqtisadi aktivliyin təxminən 30 faiz azalmasıyla eyni vaxta təsadüf edib. Buna cavab olaraq Rusiya və OPEK ölkələri xammalın dünya üzrə təklif səviyyəsini 10 faiz azaltmaqla bağlı yöndəmsiz qərar qəbul ediblər.

Bu qərar hələ gələn ay qüvvəyə minəcək. Ancaq hətta onda da bazarda təklif tələbatdan 20 faiz çox olacaq. Bunun qarşısını almaq üçün nefti anbarlara yığmaq lazımdır və əsas problem də elə budur.

Dünya üzrə mövcud anbarların cəmi dördə bir hissəsi - 1 milyard barellik yer boşdur və bu, hazırda neftə olan tələbatdan 10 dəfə azdır. Böhrana qədər tələbat bir sutkada 100 milyon barel təşkil edirdi.

Təxminlərə görə, koronavirus pandemiyası tələbatı 30 faiz azaldacaq. Yəni, treyderlər, neft emal edən zavodlar və dövlətlər hər gün 30 milyon bareli harasa yerləşdirməlidirlər. Anbarlardakı yerlərsə 1 aya, ən çoxu 1,5 aya bəs edər.

Bu gün onlara tələbat fenomenal səviyyədədir. Sonrakı ayların bazar qiymətləri indikindən bahadır, ona görə də treyderlər nefti yığmağa yer axtarırlar. Həm quruda, həm də dənizdə anbarlar sürətlə dolur.

Sinqapur və ABŞ kimi əsas bazarlarda onların qiyməti iki dəfə artıb. Adətən, quruda 3 milyard barel neft saxlanır, indiki vəziyyətsə satıcıları gəmilərin anbarlarından da istifadə etməyə məcbur edib.

“Reuters” agentliyinin məlumatına görə, lövbər atmış 150-dən çox tankerdəki neftin həcmi iki həftə ərzində iki dəfə artaraq 160 milyon barelə çatıb. Onlarının hər birinin yük tutumu 2 milyon bareldir. Dünyada 770 belə tanker var və treyderlər hesab edirlər ki, vəziyyət düzələnə qədər tankerlərin üçdə biri belə tərpənməz vəziyyətdə qala bilər. 2008-ci ildəki maliyyə böhranından bu yana dünya belə situasiyayla üzləşməmişdi. Ancaq onda dənizdə cəmi 100 milyon barel “yiyəsiz” neft vardı.

 

Rusiya öz müştərilərinə əlavə pul ödəməli olacaqmı?

 

Səudiyyə Ərəbistanı və ABŞ-la birlikdə dünyanın üç böyük neft satıcısından biri olan Rusiyaya bu vəziyyət necə təsir edəcək? Bu ölkənin “Urals” markalı nefti “Brent”in qiymətinə bağlıdır. Hələ ki, bu bazarda mənfi qiymət səviyyəsi müşahidə olunmayıb.Ancaq mövcud qiymətlər idealdan çox uzaqdır.

“Reuters” yazır ki, mayın əvvəlində çatdırılmalı olan “Urals” nefti “Brent”in cari alqı-satqı qiymətindən 3 dollar ucuz satılacaq, ancaq bazar bundan yalnız o halda xəbər tutacaq ki, treyderlər bu məlumatı agentliklərə də desinlər.

İndiki qiymətlərin dinamikasını fyuçers müqavilələri bazarındakı ani situasiyalar yox, tələb və təklif arasındakı balans müəyyənləşdirəcək. Bu balans isə ancaq dünya koronavirus böhranından çıxandan sonra tənzimlənəcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *