vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
11:34 | 8 may 2020 | Cümə Məqaləyə 1498 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Təhlükə əvvəlkitək ciddidir”

Mehriban Əliyeva: “İlk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir”

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçdiyimiz yolu dəyərləndirərək, bu gün artıq deyə bilərik ki, bu şiddətli virus hücumu başlayanda onun real miqyasını, təhlükə dərəcəsini və törədə biləcəyi fəsadları qiymətləndirmək və dərk etmək üçün çox az məlumat var idi.

Bir şey aydın idi – bütün imkanları səfərbər etmək və qəti tədbirlər görmək lazım idi. Əminliklə təsdiqləyə bilərik ki, ölkəmiz bu vəzifənin öhdəsindən şərəflə gəldi. Həm azərbaycanlı, həm də beynəlxalq ekspertlərin fikrincə, Azərbaycan epidemiyanın ilk və olduqca təhlükəli mərhələsindən ən az sayda itkilərlə çıxan dövlətlər sırasında yer alıb.

Bu sözlər Birinci vitse-prezident Mehriban Əliyevanın  koronavirus infeksiyası ilə bağlı Azərbaycan xalqına müraciətində vurğulanır.

Pandemiya ilə bağlı ölkə əhalisinə növbəti dəfə müraciət edən Mehriban xanım Əliyeva bildirib ki, vaxtında görülmüş və düşünülmüş tədbirlər sayəsində ölkəmiz özünü, həqiqətən də, faciəli ssenaridən qurtara bildi: “Əməyi uğurlarımızın qarantı olan hamıya və hər kəsə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çətin sınaq günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi və bu, sonsuz təşəkkürə layiqdir. Biz öz Vətənimizin təhlükəsizliyinin qayğısına qalırdıq və qalırıq, təhlükəyə qarşı yenilməz birlik nümayiş etdiririk. Əziz həmvətənlərim, biz birlikdə xəstəliyin məhvedici dərəcədə tez yayılmasından öz evimizi qoruya bildik. Buna görə çox sağ olun!”.

Birinci vitse-prezident gecə-gündüz insanların həyatı və sağlamlığı naminə mübarizə aparmağa davam edən cəsarətli tibb işçilərimizə – həkimlərə, tibb bacıları və qardaşlarına, laborantlara, xəstəxana və klinikaların texniki heyətinə bir daha səmimi və sonsuz təşəkkürünü bildirib. Həmçinin bu çətin günlərdə asayişi, təhlükəsizliyi və karantin tədbirlərinə əməl olunmasını təmin edən polislərə və daxili qoşunların hərbi qulluqçularına təşəkkür edib, Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin bütün əməkdaşlarına, sosial işçilərə və könüllülərə, bu məsələyə laqeyd yanaşmayan bütün insanlara, yaxınlarına kömək göstərən, xeyirxahlıq edən hamıya minnətdarlığını bildirib.

Müraciətdə daha sonra qeyd olunur ki, müsbət nəticələr sayəsində biz təcrid rejiminin müəyyən dərəcədə yumşaldılmasına imkan verə bilərik. Bir sıra dövlət qurumlarının və özəl biznes sektorunun fəaliyyəti bərpa olunur. Daha əvvəl tətbiq olunan bəzi karantin tədbirləri ləğv edilir: “Bu, o deməkdirmi ki, hər şey arxada qaldı və biz gündəlik həyatımıza geri dönə bilərik? Əfsuslar olsun ki, həmin vaxt hələ gəlib çatmayıb. Bəli, biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada. Bütün ölkələrə və xalqlara bu qədər bəla və əzablar yaşadan virus hələ məğlub olmayıb. O, əvvəlkitək hamı üçün ciddi təhlükə olaraq qalır və əvvəlkitək bizim aramızdadır”.

Bildirilir ki, COVİD-19-a qarşı vaksinin nə zaman hazırlanacağını, xəstəliyin tez və effektiv müalicə üsulunun nə vaxt yaranacağını bu gün dəqiqliklə heç kim deyə bilmir. Hələ ki bu, baş verməyib, hamımız dərk etməli və qəbul etməliyik ki, biz bu yeni reallıqla yaşamalıyıq.

“Biz heç bir halda sayıqlığımızı itirməməli, ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik. Belə əziyyətlə nail olduğumuz nəticələri sıfıra endirərək itirmək yolverilməzdir. Laqeydlik hər birimizə, bizim yaxınlarımıza, bizim ölkəmizə real təhlükə törədəcəkdir. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində bu qaydalar elə də çətin deyil – məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq. Tərəzinin digər gözündəki həyat və sağlamlığımızdır”, - deyə müraciətdə vurğulanır.

Müraciət bu sözlərlə bitir: “Şübhəsiz ki, COVİD-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Çox ümidvaram ki, həmin gün uzaqda deyil. Amma hələ ki o gün gəlməyib, hörmətli qardaşlar və bacılar, xahiş edirəm, sayıq və intizamlı olun, yeni qayda və tələblərə tam ciddiyyətlə yanaşın. Özünüzdən və yaxınlarınızdan muğayat olun! Bizim sevimli Vətənimizi, bizim Azərbaycanımızı qoruyun!”.