vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BANK, BİRJA, SIĞORTA  
10:18 | 9 yanvar 2014 | Cümə axşamı Məqaləyə 4070 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

(Sığor)talanmaq istəmirsizsə…

Diqqət! Banklara qoyulan yüksək miqdarda pullar qorunmur, amma çıxış yolu var

Vuqar BAYRAMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Banklarda olan əmanətlərin məbləği artıq 6,4 milyard manata çatıb. Əmanətlərin həcminin artması pozitiv tendensiya olsa da narahatedici məqamlardan biri qorunmayan əmanətlərin məbləğinin çoxalmasıdır.

Əmanətlərin Sığortalanması Fondunun hesabatına əsasən, hal-hazırda banklarda olan əmanətlərin 2 milyard manatı sığorta olunmadığı üçün qorunmur. Sadə dildə desək, əgər sığorta olunmayan əmanətlər yerləşdirilən banklar müflis olarlarsa və ya öz öhdəliklərini yerinə yetirə bilməzlərsə o zaman həmin pulları sahiblərinə qaytarmaq ya çox çətin olacaq və ya ümumiyyətlə mümkün olmayacaq. Vəziyyət əslində heç də xoş deyil: əhalinin banklarda olan hər 3 manatından 1 manatı sığortalanmır. Qeyd edək ki, ötən ilin avqustdan etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10 faiz olub. Həmin tarixdən, etibarən üzv banklarda illik 10 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Fond qorunmayan əmanətlərə görə kompensasiya ödəmir.
Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydalarına əsasən illik faizi 10 faizədək olan və məbləği 30 min manatdan çox olmayan əmanətlər sığortalanır. Bu isə o deməkdir ki, əgər bir bankda əmanətin məbləği 30 min manatdan çoxdursa və ya əmanətçi daha çox gəlir əldə etmək üçün yüksək faiz təklif edən bankların xidmətindən istifadə edirsə o zaman həmin pullar qorunmur. Həmçinin, maksimum məbləği 30 min manatdan az olan bununla belə, ötən il avqustundan etibarən 10 faizdən daha yüksək faizlə banklarda yerləşdirilən əmanətlər də riskli əmanətlər siyahısına daxildir.
Əmanətləri batma riskindən qurtarmaq üçün nələri edilməsinə ehtiyac var? 
Əvvəla, sözügedən məsələdə birinci növbədə Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə və yeni mexanizmlərin tətbiqinə ehtiyac var. Bir il öncə müflis olan «RoyalBank»da Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlərin cəmi 29 faizi sığortalanması da göstərirdi ki, mövcud mexanizmlər ilə əmanətlərin sığortalanması nisbətini artırmaq mümkün deyildir. 
İkincisi, «Əmanətlərin Sığortalanması Fondunun müəyyənləşdirdiyi maksimum məbləğ də dəyişdirilməlidir. Çünki sığortalanan 30 min manat məbləğ indiki halda əmanətlərin sığortalanması üçün yetərli deyil. Bu gün əhalinin gəlirlərinin artmasına müvafiq olaraq da sığortalanan əmanətlərin həcmi artırılmalıdır. Şərqi Avropa ölkələrinin əksəriyyətində sığortalanan əmanətin məbləği 100 min avroya yaxındır. Avropanın əksər ölkələrində isə sığortalanan məbləğlə bağlı maksimum hədd yoxdur. Azərbaycanda isə cəmi 30 min manat sığortalanır. Ona görə də, həmin məbləğə yenidən baxaraq onun artırılmasına ehtiyac vardır. İndiki mərhələdə məbləğin azı 50 min manatadək artırılması vacibdir. 
Üçüncüsü, əmanətlərin sığortalanmasının əmanətlər üzrə tətbiq edilməlidir. Kommersiya bankında bir əmanətçinin bir neçə əmanəti varsa, bu cəmlənir və həmin cəmin 30 min manatadək olan hissəsi sığortalanmış hesab olunur. Bu halda, eyni banka bir neçə əmanət formasını əmanət yerləşdirməyin heç bir əhəmiyyəti yoxdur. 
Dördüncüsü, Əmanətlərin Sığortalanması Fondu elektron hökumətin elementlərindən istifadə etməlidir. Bu praktik olaraq vətəndaşa imkan verməlidir ki, o Əmanətlərin Sığortalanması Fondunun saytına daxil olaraq öz ad və soyadını və ona verilə xüsusi gizli kodu daxil etməklə banklarda yerləşdirdiyi sığortalanan əmanətin məbləği və qoyduqları əmanətin hansı hissəsinin sığortalandığını müəyyənləşdirə bilsin. Belə vəziyyət vətəndaşa düzgün qərar qəbul etməyə imkan verir.
Nəhayət, Əmanətlərin Sığortalanması Fondu vətəndaşların məlumatlandırılması istiqamətində də ciddi addımlar atmalıdır: Bu gün fondun fəaliyyətiylə bağlı əhalinin əhəmiyyətli hissəsində məlumatsızlıq hökm sürür. Bu da bir sıra hallarda vətəndaşların əmanətlərinin sığortalanmamasına gətirib çıxarır. Həmçinin Əmanətlərin Sığortalanması Fondu ilə kommersiya bankları arasında münasibətlərə yenidən baxmağa ehtiyac var. Fond çalışmalıdır ki, kommersiya banklarının fəaliyyəti barədə daim məlumatlar əldə etsin və vətəndaşlara mümkün risklərlə bağlı məlumatlar versin. 
Razılaşmaq lazımdır ki, qorunan əmanətlərin həcminin artırılması heç də yalnız Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti ilə bağlı olmamalıdır. Daha çox əmanətlərin sığortalanmasına nail olmaq eyni zamanda vətəndaşların da üzərinə düşən məsuliyyətdir. Təəssüf ki, əmanətçilər bəzi hallarda daha çox gəlir əldə etmək məqsədi ilə yüksək faiz təklif edən banklarda pullarını yerləşdirirlər. Bununla da, onların öz pullarını potensial riskə atırlar. Həmçinin, əmanəti 30 min manatdan çox olan vətəndaşların öz pullarını bir neçə bankda yerləşdirmələri daha məqsədəuyğunudur. Məsələn, əgər vətəndaşın 80 min manat pulu vardırsa o zaman həmin vəsaiti, 30, 30 və 20 min manata bölərək 3 bankda yerləşdirə bilər ki, bununla da bütün pulun sığortalanmasına nail ola bilər. Deməli, vətəndaşlar da diqqətli və ehtiyatlı olmalıdırlar: axı, əmanət batacaqsa bu onların pulu olacaq.