vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
14:29 | 26 fevral 2018 | Bazar ertəsi Məqaləyə 3930 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təkcə meyvə-tərəvəzin deyil, ətin də dadı dəyişib»

GMO məhsulların Azərbaycana gətirdiyi təhlükə

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Hazırda bəşəriyyəti müharibələr, terror qədər narahat edən, insan sağlamlığını təhlükə altına atan problemlərdən biri də geni modifikasiya olunmuş orqanizmlər (GMO) – məhsullardır. Mütəxəssislərin açıqlamalarına görə, genin bir orqanizmdən digər orqanizmə müasir biotexnoloji üsullar vasitəsi ilə keçirilməsi nəticəsində alınan məhsullardan istifadə insan orqanizminə yaxşı heç nə gətirmir.

Bu proses ilk dəfə tütün bitkisində həyata keçirilib. Sonralar isə qarğıdalı və soya bitkisinin geni dəyişdirilib. Belə məhsullardan əsasən Amerikada, Kanadada, Argentinada istifadə olunduğu bildirilir. Avropanın bir çox ölkələrində, o cümlədən ölkəmizdə bu cür məhsullar qadağan olunub. Bunun ən əsas səbəbi biotəhlükəsizlik sistemlərinin olmamasıdır. Çünki bu cür bitkilər yetişdirmək üçün biotəhlükəsizlik sistemi olmalıdır. Ən çox geni dəyişdirilən bitki qarğıdalı bitkisidir. Bu bitki külək vasitəsi ilə tozlanır. Əgər bir fermer GMO-lu qarğıdalı əkibsə, tozlanma vasitəsi ilə həmin bitkinin tozları yerli qarğıdalıya yoluxur. Buna görə də belə məhsulların ölkəyə gətirilməsi, əkilməsi qadağandır. Amma Azərbaycana GMO-lu məhsulların gətirilməsi istisna edilmir. Hətta son məlumatlarda ölkədəki pomidorun 70 faizinin, kartofun 40 faizinin GMO məhsulu olduğu iddia edilir.

Vaxtaşırı səsləndirilən bu fikirlərə isə Azərbaycanda yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyinin tam olaraq fəaliyyətə başlaması ilə son qoyulacağı bildirilir.

 

«Azərbaycan özünü kartofla tam təmin edir»

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev Modern.az-a ölkəyə GMO məhsullarını gətirildiyini istisna etməyib: «Bizim ölkədə yetişdirilən pomidorlara xaricdə böyük tələbat var. Son illər pomidorlar daha çox Rusiya, Ukrayna, digər MDB ölkələrinə ixrac olunur. Ötən il təkcə pomidorun satışından 150 milyon dollar gəlir əldə edilib. Yenə 5-10 faiz GMO-lu pomidor deyilsəydi, inanmaq olardı. Bundan artığına mən inanmıram. Ola bilsin istixana məhsullarıdır, yaxud məhsulun tez yetişməsi üçün xüsusi maddələr, mineral gübrələr vurulur. Amma bunlar GMO deyil. Kartofa gəldikdə, Azərbaycan kartofla özünü tam təmin edə bilir. Cəlilabad, Tovuz, Qazaxda yüksək keyfiyyətli kartof yetişdirilir. Gədəbəy kartofunun keyfiyyətinə isə söz ola bilməz. Ona tələbat o qədər yüksəkdir ki, bəzən özümüz tapa bilmirik. Çünki çox hissəsi ixrac olunur. Əvvəllər Ukrayna, Belarusdan kartof gətirilirdi, amma indi yox. Çünki yerli məhsulla təminat yüksəlib».

 

«GMO məhsullarının nə dərəcədə təhlükəli olması dəqiqləşməyib»

 

Sədr müavinin sözlərinə görə, Azərbaycanda GMO məhsulların müəyyən edilməsi üçün xüsusi laboratoriyalar fəaliyyət göstərir:

«Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyinin xüsusi laboratoriyalarında bunlar yoxlamadan keçir. Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bəzi səlahiyyətləri, o cümlədən Səhiyyə Nazirliyinin qida ilə bağlı bütün səlahiyyətləri Agentliyə verilib. Bütün bunlarla qida məsələlərinə nəzarət güclənəcək. Dünyada hələ də GMO məhsullarının insan orqanizminə nə dərəcədə zərər verəcəyi dəqiqləşməyib. Bəziləri ciddi təhlükədən xəbər verərkən, bəziləri təsirlərinin olduqca aşağı olduğunu bildirir».

 

Adına məxsus dad verməyən meyvə-tərəvəz...

 

E.Quliyev mağazalarda, bazarlarda süni görünüşə malik, daşıdığı ada məxsus dad verməyən meyvə-tərəvəz məhsullarından da danışıb: «GMO məhsulların 90 faizi xaricdən gətirilir. Qanunla qadağan olunmasına baxmayaraq, bizdə də 10 faiz GMO məhsulu yetişdirildiyi istisna edilmir. Bunu dəqiq şəkildə aidiyyatı qurumlar açıqlaya bilər. Amma tamamilə razıyam ki, keçmişdə meyvə-tərəvəzdən aldığımız tamı ala bilmirik. Bəlkə də yetişdirilmə, saxlama müddəti təsir edir. Amma istənilən halda bu, faktdır. Götürək 20 il əvvəlki çiyələklə indiki çiyələyin müqayisəsini. Qabaqkı çiyələk 1 gün qalandan sonra xarab olurdu, amma ətri, dadı vardı. İndi çiyələk 20 gün qalır, nə ətri var, nə də dadı. Demək ki, tərkib dəyişib. Onun GMO olub-olmadığını mütəxəssislər yoxlamalıdır. Olsun alma, armud, naringi, portağal-heç biri özünəməxsus dadı, ətri vermir. Təkcə meyvə-tərəvəz deyil, ətin də dadı dəyişib. Bu da birbaşa yemləmədən, saxlama şəraitindən asılıdır. Otlaqda saxlanan mal-qara ilə, tövlədə jımıx, samanla qidalanan heyvanın ətindən fərqlənəcək. Yaxud qapalı şəraitdə, broylerdə yetişdirilən toyuqla, kənddə yetişdirilən toyuqlar fərqlənəcək. Yumurtalar da həmçinin. Ümid edirik ki, yeni yaradılan qurum bütün problemlərin aradan qaldırılmasında səmərəli çalışacaq, bizi də, sağlamlığımızı da qoruyacaq».