vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
11:24 | 25 may 2022 | Çərşənbə Məqaləyə 749 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha nələr olacaq?

Brüssel razılaşmasından sonra sərhəddə ilk görüş ...

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 22-də Brüsseldə baş tutan görüşdən sonra sülhə doğru “yol çəkililişi” daha da sürətli xarakter aldı.

Bu, həm də o zamana təsadüf etdi ki, İlham Əliyevin Ermənistanın “istismar tarixi” üçün təyin etdiyi 6 ayın 4 ayından çoxu geridə qaldı. 

Bu ilin yanvarında İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində demişdi: “Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”. 

Görünür ki, Ermənistan Azərbaycanın böyük hərbi-strateji planlarının olduğunu düşünür və Paşinyan öz administrasiyasını hər şeyə razı salmaq üçün inandırıcı dəlillər təqdim edir. 

Ona görə də, nəhayət ki, Ermənistan Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsini çox ləngidə bilmədi. 

Mayın 24-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.

Görüşdə əldə edilən razılığa əsasən, növbəti görüşlərdən biri Moskvada, üçüncü görüş isə Brüsseldə keçiriləcək. 

Gələcək iclaslar üçün məkan seçimi Qərblə Rusiyanın Azərbaycan-Ermənistan sülh gündəliyindəki rəqabətini neytrallaşdırmaq məqsədi daşıyır. 

Avropa İttifaqı Moskvanın təşəbbüslərini alqışlayır və özü də aktiv iş apararaq üstünlüyünü təmin etmək istəyir. Prinsipcə Moskva da Brüssel razılaşmalarına əhəmiyyətli dirəniş göstərmir. 

Nəticə olaraq, bu cür mənzərə Azərbaycanın xeyrinədir, çünki bu rəqabət diplomatik-siyasi meyarlara söykənərək dayanıqlı sülhün təmin olunmasını şərtləndirir və sürələndirir. 

Keçən dəfə yazdığımız kimi, sərhəd delimitasiyası Zəngəzur dəhlizinin kontekstinə salınaraq aparılacaq, hərçənd ki, Ermənistan yenə də koridor statusunun olmaması üçün bəyanatlar səsləndirir. 

Belə bəyanatlar şablon xarakter alıb və prosesə tıxac vurmaq imkanından məhrumdur. 

Ona görə ki, əldə edilən razılıqlar, Azərbaycan ordusunun sərhəddə strateji nöqtələrdə möhkəmlənməsi dəhliz məntiqi üçün əsasları gücləndirir, Ermənistanın dırnaqarası manevrləri isə bütün bunların yanında çox sönük görünür. 

Sülh gündəliyi beynəlxalq güclər üçün cazibə mərkəzinə çevrildiyindən bundan sonra təşəbbüslərin sayı artacaq, Bakı üçün necə deyərlər, hava xoşdur, çünki qlobal gücləri nə öz qırmızı xətlərinin sərhədindən içəri buraxır, nə də ki, onlarla əlaqələrini soyudur. 

Tablodakı “rəsmi” Azərbaycan Türkiyə ilə birlikdə çəkdiyindən Bakının əli proseslərdə olduqca möhkəmlənəcək. 

Türkiyənin Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmalardan – istər görünən, istərsə də görünməyən tərəfləri – məmnunluğu perspektiv üçün Ankaranın regionda hərbi-siyasi müstəvidə bərkiməsinə şərait yarandığının indikatoru kimi dəyərləndirilməlidir.