vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
13:09 | 16 iyun 2022 | Cümə axşamı Məqaləyə 824 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan yeni fəlakətlə üz-üzə

Bakıdan İrəvana xəbərdarlıq: “İşğalçılıq ritorikasından əl çəkməsə, özü özünü şikəst qoyacaq”

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi və sülh istiqamətində danışıqlar müxtəlif tərəflərin vasitəçiliyi ilə davam edir və görünən odur ki, hər iki dövlət prosesin müsbət yekunlaşması üçün ciddi səylə çalışır. Amma Ermənistanın baş naziri Nikol Paşinyanın iki gün əvvəl “Əl-Cəzirə”yə verdiyi müsahibədə etdiyi açıqlamalar onu göstərdi ki, Ermənistan hələ də müxtəlif variantlardan istifadə edərək Azərbaycanın təklif etdiyi sülh platformasından mümkün dərəcədə yayınmağa çalışır.

Əslində Paşinyanın bu çıxıına diqqətlə nəzər yetirsək görərik ki, erməni baş nazir burada hər hansı bir yeni fikir bildirmədi, bu vaxta kimi dediklərini bir qədər fərqli cür səsləndirdi. İngiliscəsi heç də yaxşı olmayan Nikol Paşinyanın müsahibə zamanı cümlə və tezislər üzərində çalışdığı açıq hiss olunurdu. Onlardan biri də məhz erməni baş nazirin “Sərhədlərin delimitasiyası ayrı prosesdir, Qarabağ məsələsi ayrı” fikri idi.

Paşinyanın bu müsahibəyə belə hazırlaşmasının səbəbi də məncə gün kimi aydındır. Onun budəfəki açıqlamalarından sonra ölkə daxilində əlavə etirazlara səbəb yaratmamaq cəhdini aydın sezmək mümkün idi. Bildiyimiz kimi, Nikol Paşinyanın Brüssel görüşünün ikinci raundunun ardından İrəvanda parlamentdəki çıxışından sonra Ermənistanda yeni bir çaxnaşma dönəmi başladı. Revanşistlər, keçmiş “Qarabağ klanı” Paşinyanın parlamentdə Qarabağın gələcək taleyi, Azərbaycanla münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərdən sonra demək olar ki, hər gün etiraz aksiyaları keçirirlər.

Məhz bundan sonra gördük ki, Brüsseldə əldə olunan bir çox məsələlər (Delimitasiya-demarkasiya prosesi ilə bağlı aprelin sonunda xüsusi komissiyaların görüşü) Ermənistan tərəfindən icra edilmədi, proses danışıldığı kimi də masada qaldı. Buradan belə nəticə çıxır ki, Paşinyan hələ də təzyiq altındadır. Paşinyanın “Əl-Cəzirə”yə müsahibəsi də o çıxışlardandır ki, əldə olunan razılıqların icrası məsələsini ləngitmək məqsədi daşıyır.

Bunun da iki səbəbi ola bilər:

1. Rusiya məsələyə tam fokuslana bilmədiyindən, moderatorluğu başqa qüvvələrə təhvil vermək istəmir. Bu səbəbdən də Ukrayna cəbhəsində savaş səngiyənə kimi Moskva İrəvana bacardığı qədər maksimum prosesi ləngitmək tapşırığı verib.

2. Paşinyan bu cür açıqlamalarla iki aya yaxındır əleyhdarlarının davam edən etiraz aksiyalarının enerjisinin tükənməsi, etiraz ocağının sönərək təhlükəsiz hala gəlməsi məqsədilə daxili auditoriyanın başını qatmağa çalışa bilər.

Azərbaycanla Ermənistan arasında hazırda istər üçtərəfli bəyanatlar, istərsə də Brüssel razılıqları əsasında götürülən öhdəliklərin icrası ilə bağlı açıq təmaslar gözə dəyməsə də, bu iki dövlət arasında gizli qapılar arxasında müəyyən təmasların olduğu, proseslərin Bakının diktə etdiyi şəkildə irəlilədiyi də istisna edilmir.

Nəzərə alsaq ki, erməni baş nazir elə sözügedən müsahibəsi zamanı Rusiyaya qarşı sanksiyalar fonunda Ermənistan iqtisadiyyatı üçün vəziyyətin xoş olmadığını açıqlayıb (“Şübhəsiz ki, Ermənistan iqtisadiyyatına təkcə Rusiyadakı iqtisadi situasiya birbaşa təsir etməyib, həm də ərzaq təminatı ilə bağlı problemlər, inflyasiya və digər faktorların doğurduğu qlobal iqtisadi gərginlik də təsir edib” - red.), bunun da daxili auditoriyaya bir mesaj olduğunu zənn etmək olar. Baş nazir ölkə iqtisadiyyatındakı vəziyyətin idarə edilən olacağına ümidini ifadə etməklə erməni xalqına infilyasiya burulğanından xilas olmaq, qurtulmaq üçün alternativ variantlar axtarışının vacibliyinə diqqəti yönəltmiş olub.

O, burada Rusiya məsələsinin də hazırkı iqtisadi durumlarına ciddi təsir edən məqamlardan biri olduğunu diqqətə çatdırmaqla eyni zamanda ona işarə edib ki, “Rusiyaya indi bel bağlamaq bizi daha çətin duruma sala bilər. Rusiya özü sanksiayalardan necə salamat çıxmağın yollarını axtarır. Özümüzə indiki məqamda sağlam, güclü maliyyə resuruslarına malik yeni bir nəfəslik axtarmalıyıq”.

Bəli, əslində Nikol Paşinyan bu açıqlaması ilə eyni zamanda erməni cəmiyyətinə, revanşistlərə, onun hakimiyyətdən getməyini istəyən müxalifət qüvvələrinə əslində onların da bildiyi çox ciddi bir variantın olduğunu bəyan etmiş oldu. Bu, Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası və Azərbaycanla, Türkiyə ilə normal, qonşuluq prinsipləri əsasında əlaqələrin qurulmasıdır.

Prezident İlham Əliyev 44 günlük müharibənin bitdiyi, postkonflikt dövrünün başladığı tarixdən bu yana dəfələrlə öz çıxışlarında qeyd edib ki, Ermənistanda daxili siyasi proseslərlə bağlı gündəliyin bir hissəsi məhz rəsmi Bakı tərəfindən müəyyənləşdirilir. Bu gün dövlət başçısının Bakıda işə başlayan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı zamanı səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki, rəsmi Bakı nəinki bölgədəki, regiondakı proseslərin də əsas istiqamətləndirici tərəfidir. Belə ki, ölkə başçısı Azərbaycanın dünya miqyasında nüfuzlu aktor olduğunu göstərən bu Forumda çıxışı zamanı bəyan edib ki, “Qarabağ münaqişəsinin həll olunması region üçün imkandır. Ermənistanın işğalçılıq siyasəti Cənubi Qafqazda inteqrasiyanı pozmuşdu. Hazırda bu vəziyyəti düzəltmək üçün imkan yaranıb”.

İlham Əliyev bu açıqlaması ilə Ermənistanın işğalçılıq ritorikasından əl çəkməyəcəyi təqdirdə özü özünü şikəst qoyacağına, regiondakı proseslərdən bundan sonra da kənar qalacağına, tənəzzül, aclıq, səfalət içərisində çabalayacağına diqqəti yönəldib. Dövlət başçısı eyni zamanda Cənubi Qafqazda inteqrasiya üçün münbit bir şəraitin yarandığını bəyan etməklə Ermənistanı üzərinə götürdüyü öhdəlikləri icra edəcəyi təqdirdə regional və qlobal miqyaslı layihələrdə iştirakını da təmin etmiş olaraq, beləcə, iqtisadi infilyasiyadan xilas olmaq istiqamətində çox əlverişli bir tramplinə yiyələnə bilər.

Prezident “Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunudur” açıqlaması ilə qarşıda gözlənilən dünya ərzaq böhranı, iqtisadi böhran fonunda Zəngəzur dəhlizinin Ermənistan üçün əsl nəfəslik olmaq imkanlarını nə qədər ki, gec deyil, yenidən gözdən keçirmək imkanı vermiş oldu.

Dövlət başçısı İlham Əliyev Bakıda keçirilən Qlobal Forum vasitəsilə Ermənistanı revanşist ideyalardan, ritorikasından əl çəkərək götürdüyü öhdəliklərini yerinə yetirməklə regionun ümumi iqtisadi inkişaf tempini yaxalamaq imkanından yararlanmağı bir daha məsləhət görüb.

Amma bu o demək deyil ki, rəsmi Bakı İrəvanın manipulyasiyalarına, sərhəddəki silahlı insidentlərinə cavab olaraq hər zaman ancaq belə sülh çağırışı etməklə, Ermənistanın ipə-sapa yatacağı günü daha bir neçə il gözləməklə keçinəcək.