vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MEDİA-QHT  
11:12 | 2 fevral 2017 | Cümə axşamı Məqaləyə 3086 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

5000-dən yuxarı mətbu orqan tələblə təklifin təzadı

Ekspert deyir ki, bu, azad rəqabət və normal qanunvericilik mühitinin göstəricisidir

Təranə MƏHƏRRƏMOVA, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dövlət qeydiyyatına alınan KİV-lərin sayı 5100-ü ötüb». Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında verilən bu məlumat media qurumlarının real sayına və fəaliyyətinə nəzər yetirməyi zəruri edir. Nazirlikdə qeydiyyata alınan media qurumlarının hamısının fəaliyyətinin qənaətbəxş olmadığı nəzərə alınsa, onda rəqəmin çox böyük olduğunu da qeyd etməliyik. Kiçik bir ölkə üçün sayı minlərlə olan media qurumunun fəaliyyətinə ehtiyac varmı? Belə bir rəqəmə tələbatı təkliflər yaradırmı? Hər yerindən duranın nazirliyə qaçıb, media orqanını qeydiyyatdan keçirməsində məqsədi nədir? Bu suallara cavab axtarmaq lazım gəlir. Media ekspertləri rəqəmlərin böyüklüyünü ölkədəki media sahəsindəki azadlıqla əlaqələndirsələr də, fəaliyyətsiz qəzetlərin siyahıda yer almasını təqdir etmirlər.


Qeydiyyatdan keçənlərlə real fəaliyyət göstərənlər arasında fərqlilik 


Hal-hazırda Azərbaycanda onlayn medianın qeydiyyat prosedurunun olmadığını, hər kəsin sayt açıb fəaliyyətə başlaya biləcəyini bildirən Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli qəzetlərin fəaliyyətə başlaması haqqında Ədliyyə Nazirliyinə sadəcə, məlumat verməyin lazım olduğunu bildirir. Belə ki, Ədliyyə Nazirliyi də həmin qəzetin və ya KİV qurumunun mövcud olduğunu qeyd edir: «Təbii ki, fəaliyyətə başladığını elan edən, ancaq fəaliyyət göstərməyən media qurumları da çoxdur. Yəni Azərbaycandakı KİV qurumlarının sayı göstərilən rəqəmlə də kifayətlənmir. Ədliyyə Nazirliyinin qeydə aldığı yalnız çap media qurumlarıdır. Televiziya və radioların fəaliyyəti üçün başqa prosedurlar mövcuddur. Qeydə alınmaq qeydiyyat üçün hansısa proseduru keçmək demək deyil. Sadəcə, çap media qurumları fəaliyyətə başlayanda bununla bağlı Ədliyyə Nazirliyinə məlumat verirlər». Qeydiyyatdan keçənlərlə real fəaliyyət göstərənlərin sayı arasında fərqliliyin mövcud olduğunu deyən sədr müavini bununla belə fəaliyyət göstərənlərin sayının az olmadığını da bildirir. Belə ki, təqribən 300-dən çox çap mediası fəaliyyətdədir. Təkcə Mətbuat Şurasına üzv olan çap media qurumlarının sayı 300-dən çoxdur. 100-ə yaxın gündəlik və həftəlik qəzet Bakıda fəaliyyət göstərir,  87 regional mətbu orqan fəaliyyətdədir və s. M.Ələsgərlinin fikrincə, KİV orqanlarının sayının çoxluğu ölkədə azad rəqabət və normal qanunvericilik mühitinin göstəricisidir: «Kim istəyirsə, KİV təsis edib, fəaliyyət göstərə bilir. Bu baxımdan bu, ürəkaçıcı rəqəmdir. Sonrakı fəaliyyət isə təsis edənin öz imkanları ilə bağlıdır. Digər tərəfdən, hər qeydiyyatdan keçən mətbu orqan da fəaliyyət göstərmir. Bəziləri fəaliyyətə başladığını elan etsə də, sonra maliyyə və ya texniki imkanlar üzündən işlərini davam etdirə bilmir».

Nazirliyin açıqladığı rəqəmin siyahısına «reketçilik» fəaliyyəti göstərən qəzetlərin də daxil olduğunu deyən M.Ələsgərli bildirir ki, həmin qəzetlər qeydiyyatdan keçmələri ilə bağlı məlumat versələr də, ancaq fəaliyyətlərini dayandırdıqları barədə  məlumat vermirlər: «Bu sahədəki boşluq ondan ibarətdir ki, bu sferada KİV-lərin dəqiq statistikasını aparan bir qurum yoxdur. Əksər ölkələrdə KİV qurumunun fəaliyyətini araşdıran tiraj komissiyaları olur. Onlar mətbu orqanın necə fəaliyyət göstərdiyini, tirajının, auditoriyalarının nə qədər olduğu barədə dəqiq məlumatlar verirlər. Bu baxımdan biz nə qədər çap orqanının fəaliyyət göstərdiyini, nə qədərinin fəaliyyətinin dayandığını və ya tirajının nə qədər olduğunu dəqiq bilmirik». Mətbuat Şurasının «Qara siyahısı»na gəlincə, burada yer alan qəzetlərin adı Ədliyyə Nazirliyinin siyahısında olan rəqəmlərə təsir etmir: «Qara siyahı»ya düşmək o demək deyil ki, onların fəaliyyəti dayanmalıdır. Yəni hansısa mətbu orqanın fəaliyyətində mənfi amil varsa, etik kodeksi pozubsa, Mətbuat Şurası tərəfindən edilən xəbərdarlıqları nəzərə almayıbsa, qurum onların adını «qara siyahı»ya salır. Ancaq bu, ictimai qınaqdır. Bu qınağın mətbu orqanın fəaliyyətini məhdudlaşdırmaq üçün heç bir inzibati əsası yoxdur. Eyni zamanda, «qara siyahı»ya düşmək bu siyahıda həmişəlik qalmaq demək deyil. Belə bir tələb və qayda da yoxdur. Prosedura görə, əgər «qara siyahı»ya düşənlər 6 ay və ya bir il müddətində fəaliyyətlərində dönüş edə bilirlərsə, onlar yenidən Mətbuat Şurasına müraciət edərək fəaliyyətlərində dönüş etdiklərini bildirirlər. Qurumun apardığı araşdırmalardan sonra həqiqətən dəyişikliyi görünürsə, onların adı «qara siyahı»dan çıxarılır. Əgər yüzlərlə qəzetin adı əvvəllər «qara siyahı»ya düşübsə, 100-dən də çox qəzetin adı həmin siyahıdan çıxarılıb».


«Bu axın mətbuatımızı müəyyən qədər keyfiyyətsizləşdirdi»


Hazırda ölkədə qeydiyyatdan keçən KİV-lərin sayı yüksək olsa da, fəaliyyətdə olanların sayının o qədər də çox olmadığını deyən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli ölkə Konstitusiyasının və «KİV haqqında» qanunun 18 yaşdan yuxarı hər kəsə qəzet təsis etməyə, sayt açmağa imkan verdiyini bildirir: «Düzdür, çap mediasının sayının artmasına ölkədəki söz azadlığı imkan verib. Bunun isə səbəbi jurnalistikaya olan axınla bağlıdır. Bu axın isə mətbuatımızı müəyyən qədər keyfiyyətsizləşdirdi». C.Məmmədli hesab edir ki, get-gedə çap orqanlarının sayı azalacaq: «Hazırda gündəlik qəzetlərin sayı 30-dan çox deyil. Həftəlik qəzetlərin sayı ondan da azdır.  Fəaliyyətdə olmayan qəzetlər sıradan çıxacaq.  Cəmiyyət onları qəbul etməyəndən sonra həmin çap orqanlarının sayı azalacaq. O qəzetlərin böyük bir hissəsi Mətbuat Şurası tərəfindən «reket qəzetlər» adlandırılır».


Məsələni tənzimləyən mexanizmlərə ehtiyac var


KİV-in sərbəst fəaliyyətinə dövlətin təminat verdiyini deyən media eksperti Azər Həsrət ölkədə istənilən insanın KİV fəaliyyəti ilə məşğul ola biləcəyini bildirir: «Bu baxımdan həvəslənib qəzet və ya digər KİV orqanlarını qeydiyyatdan keçiriblər. Əlbəttə, bunların çox az bir qismi doğurdan da ciddi KİV fəaliyyəti ilə məşğul olmaq istəyənlərdir. Onların fəaliyyətləri də göz önündədir. Amma yerdə qalan 70-80 və ya 90 faiz qeyri-ciddi KİV adına iddia edən və onun imkanlarından sui-istifadə etmək istəyən insanlardır. Onlar fəaliyyətlərini məhz bu istiqamətdə qurmağa çalışırlar. Bu cür çap mediası adda-budda nəşr olunur, bəzən də ümumiyyətlə nəşr olunmur».  Hətta, bəzən dərc olunarkən belə tirajları çox aşağı olur. Üstəlik, mövcud olmayan bu KİV-lərin çox böyük «jurnalist» ordusu olur ki, onlar media vəsiqəsindən sui-istifadə etməklə məşğul olurlar». Ekspertin fikrincə, bu prosesin qarşısını almaq üçün Azərbaycanda hansısa senzuranın və ya buna bənzər bir strukturun qurulmasına ehtiyac yoxdur. Sadəcə, davamlı olaraq fəaliyyət göstərməyən və ya fəaliyyət göstərdiyi dönəmdə KİV statusundan sui-istifadə halına yol verən bu tip orqanların yasaqlanması və ya ləğv edilməsi doğru yol olar: «Yəni konkret müddət qoyulur ki, 6 ay və ya 1 il ərzində çıxmayan qəzet ləğv edilsin. Eyni zamanda, adı davamlı olaraq Mətbuat Şurasının «qara siyahı»sına salınan KİV-lər ləğv edilsin. Həmçinin, jurnalist adından sui-istifadə edən, faktiki olaraq jurnalistika ilə bir araya sığmayan fəaliyyətə yol verənlər jurnalistikadan uzaqlaşdırılsınlar. Məncə, bütün bu məsələləri tənzimləmək olar». A.Həsrət bu qadağaların tətbiq edilməsi üçün məsələlərin ilk növbədə Mətbuat Şurası səviyyəsində gündəmə gətirilməsini lazım bilir: «Zərurət yaranacağı şəraitdə, bu prosesləri qanunlarla da tənzimləmək mümkündür. Təsadüfi adamların mediaya gəlişinin qarşısı alınmalıdır. Ölkədə 5-6 və ya 10 normal qəzetin fəaliyyət göstərməsi lazımi informasiya təminatını həyata keçirə bilər. 5 mindən çox KİV-in mövcud olduğunu iddia etmək və ya qeydiyyatına şərait yaratmaq medianın qeyri-ciddi qəbul edilməsinə səbəb ola bilər. Bu rəqəmin 90 faizi mediadan sui-istifadə edənlərdir».

Çap mediasının sayının çox olmasını «tələb və təklif»lə əlaqələndirməyən ekspert bunu insanların media sahəsinə sui-istifadə üçün üz tutmaları ilə əlaqələndirir: «Onların da fəaliyyəti bu sahədə gözə dəymir. Onlar media adından istifadə edərək özlərinin hansısa qanunsuz fəaliyyətlərini həyata keçirməklə məşğuldurlar. Mətbuat Şurasının «qara siyahı»sında yüzlərlə belə mətbu orqanın adına rast gəlmək olar». Onlayn saytların gün-gündən çoxalmasını isə bu sahədə vəziyyətin daha acınacaqlı olması kimi dəyərləndirən ekspert bildirir ki, ən azından qəzetlər reyestrə salınır. Ancaq saytlarla bağlı belə bir tələb yoxdur: «İstənilən adam istədiyi vaxt bir sayt yaradıb, fəaliyyətə başlaya bilir. Bunun üçün kiməsə məlumat verməyə və ya qeydiyyata düşməyə də ehtiyac yoxdur. Bu baxımdan media fəaliyyətindən sui-istifadə daha da genişlənir və bu proses davam edəcək. Təsadüfi adamların mediadan sui-istifadə etməməmsi üçün məsələni tənzimləyən mexanizmlər haqda düşünməliyik».

Reallıqda rəqəmin böyüklüyü media azadlığından bəhs etsə belə o qədər də ürəkaçan görünmür. Ənənəvi media ilə internet mediasının çarpışdığı bir dönəmdə çap mediasının sayının gerçəkliyi əks etdirməyən mənzərəsi heç də bu meydanda qalibiyyətə dəlalət etmir. Təbii ki, söhbət fəaliyyətsiz qəzetlərlə siyahının daha böyük səslənməsindən gedirsə...